Əlverişli coğrafi mövqe və iqlim şəraiti muxtar respublikada ekoloji cəhətdən təmiz, tükənməyən alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən muxtar respublikada alternativ və bərpaolunan enerji mənbələrinin yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Naxçıvan Dövlət Universitetində “Naxçıvan Muxtar Respublikasında alternativ enerji mənbələrindən istifadə və alternativ enerji mənbələrinin gələcəyi” mövzusunda keçirilən elmi-nəzəri seminarda bu barədə danışılıb.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov muxtar respublikada enerji təhlükəsizliyi məsələlərinin həll olunmasında növbəti mərhələ kimi bərpaolunan alternativ enerji mənbələrindən istifadəyə geniş yer verildiyini qeyd edib.
Ali təhsil ocağının elmi işlər üzrə prorektoru, dosent Mübariz Nuriyev “Alternativ enerji mənbələrinin perspektivləri” adlı məruzəsində bildirib ki, muxtar respublikanın elektrik enerjisinə tələbatının alternativ enerji mənbələri hesabına ödənilməsini təmin etmək və enerji təhlükəsizliyini daha da möhkəmləndirmək istiqamətində görülən işlər uğurlu nəticələr vəd edir. Naxçıvanın enerji ehtiyaclarının tamamilə yerli imkanlar hesabına ödənilməsini nəzərdə tutan layihələrin tətbiqi bu sahədə ixracat imkanlarını daha da artıracaqdır.
Sonda “Con Serlin generatoru” adlı film nümayiş olunub.
Nərmin CABBAROVA