23 Dekabr 2024, Bazar ertəsi

  Hər bir ölkənin iqtisadi vəziyyətini və potensialını göstərən əsas sahələrdən biri tikinti sektorudur. Əgər bu sektorda canlanma varsa, deməli, həmin ölkə iqtisadi cəhətdən inkişaf edir. Buna çoxsaylı misallar göstərmək olar. Məsələn, bir çoxumuza məlum olduğu kimi, sovet hökumətinin son illərində bütün sahələrdə, eləcə də tikinti sektorunda durğunluq yaranmışdı. Hətta bir çoxlarımızın yadındadır ki, ötən əsrin sonlarına doğru şəhərimizin bəzi yerlərində tikintisi yarımçıq qalmış müxtəlif təyinatlı, o cümlədən yaşayış binaları vardı. Belə obyektlərin sayı az olsa da, iqtisadi vəziyyətin tənəzzülü bu işləri sonadək çatdırmağa imkan vermirdi. 

Eyni zamanda nəzərə alaq ki, müstəqilliyimizin ilk illərində də ölkəmizdə, eləcə də muxtar respublikamızda bu sektorda vəziyyət ürək­açan deyildi. Bunun başlıca səbəbi iqtisadi böhran üzündən vəsait çatışmazlığı idisə, digər tərəfdən tikinti sektorunda sahibkarlığın formalaşmaması idi. Belə bir vəziyyətdə bu sahəyə xarici investisiyalar da cəlb etmək mümkün deyildi. Çünki siyasi və iqtisadi sabitliyi olmayan ölkəyə əcnəbi investorlar heç zaman vəsait yönəltməyə, təbii olaraq, meyilli olmurlar. Qısacası, ulu öndər Heydər Əliyev­in siyasi hakimiyyətə qayıdışından sonra digər sahələrdəki kimi, tikintidə də yeni canlanmanın şahidi olduq. Ötən dövrdə isə bu sahədə gedən proseslər, sovet dövründən fərqli olaraq, yeni tikinti trendlərinin yaranmasına, müasir tikinti yeniliklərinin tətbiqinə və təbii ki, həm də yeni tikinti mədəniyyətinin formalaşmasına öz təsirini göstərdi. Son illərdə muxtar respublikada təsərrüfat sahələrinin inkişaf etdirilməsi, yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən tədbirlər, paralel olaraq, inşaat işlərinin həcminin və istiqamətinin genişlənməsinə də imkanlar açıb. Mühüm sosial ağırlığı ilə seçilən belə tədbirlərindən biri əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, yeni yaşayış binalarının tikintisi və ya əsaslı şəkildə yenidən qurulmasıdır.

Vurğulayaq ki, ötən 2016-cı ildə muxtar respublika üzrə bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya qoyuluşlarının həcmi 2015-ci ilə nisbətən 5 faiz artaraq 997 milyon manatdan çox olub. İnvestisiya qoyuluşlarının 921 milyon manatından və ya 92 faizindən bilavasitə tikinti-quraşdırma işlərində istifadə olunması əhalinin mənzil şəraitinin yaxşılaşmasına, abadlaşdırma-bərpa işlərinin genişləndirilməsinə və kənd yerlərində infrastrukturun yenilənməsinə şərait yaradıb. Ötən il ərzində 2 ictimai yaşayış binası tikilərək istifadəyə verilib, 9 yaşayış binasında isə yenidənqurma və əsaslı təmir işləri aparılıb. İnfra­struktur quruculuğu çərçivəsində 2017-ci ilin yanvar-noyabr aylarında isə muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 916 milyon 390 min manat vəsait yönəldilib. Bu payın 845 milyon 790 min manatı və ya 92,3 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.
Cari ildə də yeni yaşayış binalarının istifadəyə verilməsi, mövcud binaların əsaslı şəkildə yenidən qurulması diqqət mərkəzində saxlanılıb. Yeni binalar həm də şəhərimizin simasının daha da gözəlləşməsinə səbəb olub. Məsələn, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə bu il mayın 10-da Heydər Əliyev prospektində istifadəyə verilən zirzəmi ilə birlikdə 8 mərtəbədən ibarət olan yaşayış binası özünün möhtəşəm görüntüsü ilə diqqət çəkir. Bundan əlavə, Naxçıvan şəhərinin mərkəzi küçələrindən olan Atatürk küçəsində inşa olunmuş yeni yaşayış binası da öz əzəməti ilə göz oxşayır. 9 mərtəbədən ibarət olan binanın birinci mərtəbəsində bu ilin oktyabr ayında “Koton” Moda və satış firmasının yeni mağazası fəaliyyətə başlayıb. 54 mənzilli bu yaşayış binası müasir və milli arxitektura elementləri ilə diqqət çəkir.
Naxçıvan şəhərinin “İstiqlal” küçəsindəki 79 nömrəli yaşayış binası da yenidənqurma işlərindən sonra bu ilin sentyabr ayında sahiblərinə sevinc bəxş edib. İndiyədək istifadəyə verilmiş digər yaşayış binalarında olduğu kimi, bu 5 mərtəbəli, 45 mənzilli yaşayış binasında da yenidənqurma işləri zamanı mühəndis-kommunikasiya sistemləri yenilənib, binanın fasadı, dam örtüyü, qapı və pəncərələri dəyişdirilib, dəhlizlər və zirzəmisi təmir olunub. Bundan əlavə, binanın zirzəmisində xidmət sahələri üçün yerlər ayrılıb.
Ümumiyyətlə, Naxçıvan şəhərinin mərkəzi küçələrindən sayılan ­“İstiqlal” küçəsi çoxsaylı yaşayış binalarının mövcudluğu ilə diqqət çəkir. Son illərdə bu yaşayış binalarının xeyli hissəsi əsaslı şəkildə yenidən qurulub, binaların sahəsi artırılıb, özülü möhkəmləndirilib, ətrafı abadlaşdırılıb. Cari ildə isə buradakı 111 və 113 nömrəli binalar yenidən qurulub. Yaxınlıqdakı Zəroş Həmzəyeva küçəsində isə 121 nömrəli yaşayış binasında son tamamlama işləri görülür.
Bundan əlavə, Naxçıvan şəhərinin “Əlincə” məhəlləsindəki 9 mərtəbəli, Şərur şəhərinin Heydər Əliyev prospektindəki 5 mərtəbəli yaşayış binalarının yenidən qurulması, Sədərək rayonunun Heydərabad, Kəngərli rayonunun Qıvraq qəsəbələrində 7 mərtəbəli 48 mənzilli yaşayış binalarının tikintisi davam etdirilir.
Təbii ki, il ərzində quruculuq-abadlıq tədbirləri aparılmış yaşayış binalarının hər biri haqqında ətraflı bəhs etmək mümkünsüzdür. Ancaq ümumi olaraq demək olar ki, muxtar respublikada yaşayış standartlarının davamlı yüksəlişi, mənzil-kommunal sektorunda genişmiqyaslı yenidənqurma tədbirləri, infrastrukturun tamamilə yenilənməsi, bir sözlə, rahat yaşayış üçün əsas kriteriyaların tam təmin olunması muxtar respublikanın sosial-demoqrafik inkişafına da öz təsirini göstərib. Buna görədir ki, muxtar respublikada əhali artımında ildən-ilə yüksəliş əldə olunmaqla yanaşı, bu qədim diyarı özünə həmişəlik yaşayış məskəni kimi seçənlər də az deyil.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR