Yanvarın 18-də Almaniya Federativ Respublikasının Berlin şəhərində kənd təsərrüfatı, bağçılıq və ərzaq sahələrində dünyanın ən mötəbər beynəlxalq sərgilərindən biri olan və illik əsasda təşkil edilən “Beynəlxalq Yaşıl Həftə – 2018” sərgisi keçirilib.
1926-cı ildən başlayaraq hər il keçirilən Avropanın ən iri sərgisində bu il 70-ə yaxın ölkənin şirkətləri iştirak edib.
“Beynəlxalq Yaşıl Həftə – 2018” sərgisi kənd təsərrüfatı müəssisələrinin öz məhsullarını nümayiş etdirmək üçün ənənəvi bir forum olduğundan Azərbaycanın hər il bu sərgidə iştirak etməsi və geniş çeşiddə məhsullarını nümayiş etdirməsi artıq ənənəyə çevrilib.
Azərbaycan pavilyonunda Naxçıvan Muxtar Respublikasına ayrılmış guşədə Naxçıvanda fəaliyyət göstərən şirkətlərin məhsulları nümayiş etdirilib.
Kənd təsərrüfatı və yeyinti məhsullarının nümayişi, satışı, müəssisələrin imicinin formalaşdırılması, brendlərinin reklamı və eyni zamanda iştirak edən müəssisələrin kooperasiya əlaqələrinin genişləndirilməsi, yeni tərəfdaşların tapılması məqsədilə təşkil olunmuş “Beynəlxalq Yaşıl Həftə – 2018” sərgisinə muxtar respublikanın 8 istehsalçı şirkətinin 10 növdə, 39 çeşiddə məhsulu çıxarılıb.
Qeyd edək ki, ilk günlərdən Naxçıvan məhsulları sərgi iştirakçılarında böyük maraq doğurub. “Beynəlxalq Yaşıl Həftə – 2018”də “Gəmiqaya Mineral Sular” MMC-nin və Babək “Sirab” ASC-nin mineral suları, “Gəmiqaya Qida Məhsulları Sənaye Kompleksi” MMC-nin şərabı, meyvə suları, halvası, “Şərur-3” MMC-nin spirtli içkiləri və likörü, “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-nin lokumu, “Naxçıvan Duz İstehsalı” MMC-nin duzu, “F.H Oğulları” MMC-nin mürəbbə və cemləri, “Naxçıvan Məhsulları” MMC-nin müasir şəkildə qablaşdırılan meyvə quruları, kompotları, alma sirkəsi nümayiş olunub.
Yanvarın 29-na qədər davam etmiş sərgi çərçivəsində iştirakçılara Naxçıvan haqqında müxtəlif çap məhsulları və kataloqlar, şirkətlərə aid təbliğat materialları paylanılıb.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti