Nədənsə, hər il yeniilqabağı ilk olaraq yadıma qaranlıqda qarşıladığımız ötən yeni illər düşür. Bu gün gecələri gündüzlərindən də cazibədar olan, yeniilqabağı bayram libasını geyinən Naxçıvan şəhərini gəzdikcə gəncliyimin xatirələr toplusuna hopmuş o günlər yenidən xəyalımda canlanır. İllər sonra məni illər öncəyə yolçuluğa çıxarır. Xəyalən yolçusu olduğum yolun 1988-ci il adlı ilk dayanacağına çatıram. Buradan Naxçıvan Muxtar Respublikasının blokadaya salındığı o çətin illər başlayır. İnsanların min bir əzab-əziyyətlə qarşılaşdığı o illər – blokadanın ilk illəri Naxçıvan üçün çox ağır oldu. Ölkəyə yeganə quru yolla çıxış olan dəmir yolunun fəaliyyəti dayandırıldı. Hava yolunda problemlər yaradıldı. Naxçıvanlıların paytaxtla və vətənin digər bölgələri ilə əlaqələri tamamilə kəsildi. Elektrik və təbii qaz xətlərinin ermənilər tərəfindən dağıdılması nəticəsində Naxçıvan işıqsız və qazsız qaldı. Ərzaq qıtlığı yarandı.
Naxçıvan ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, “Taleyin ümidinə buraxılmış tənha bir ada”nı xatırladırdı. Ulu öndər Heydər Əliyev də blokadanın ən ağır günlərində Naxçıvana gəldi. Naxçıvanlılarla birlikdə həmin günləri yaşadı, çıraq işığında mühüm tarixi qərarlar qəbul etdi, soyuq otaqlarda gecələməli oldu, hətta yeni illəri də çıraq işığında qarşıladı.
O illər qış da çox sərt keçirdi. Soyuqdan qorunmaq üçün camaat əlacsız qalıb həyətlərindəki, yaşayış məntəqələrindəki, yol kənarlarındakı ağacları doğrayıb yandırırdılar. O ağacları ki onların hər biri dədə-baba yadigarı idi. Ümummilli lider Heydər Əliyev kəsilmiş ağacların yerində yaranan bu görüntünü “təbiət qəbiristanlığı” adlandırmış, təbiətə dəyən bu ziyanın tezliklə aradan qaldırılması üçün naxçıvanlılara tövsiyələr vermiş, onları ağac əkib, bağ salmağa dəvət etmişdi.
Yadımdadır, saatlarla çörək növbələri yaranırdı. Bir evdə yaşayan ailə üzvlərinin hər biri soyuqdan donmamaq üçün bir saatdan bir növbəni dəyişirdilər. Bu növbələr, təbii ki, bayram günləri də olurdu. Bayram əhval-ruhiyyəsini hiss edə biləcəyimiz yeganə vasitə televiziya verilişləri izləməyimiz idi. Lakin həm elektrik enerjisinin fasilələrlə verilməsi, həm də uzun-uzadı çörək növbələri bu istəyimizə qənim kəsilmişdi.
İnsanlar ərzaq qıtlığı üzündən bayram süfrələrini ürəkləri istəyən kimi qura bilmirdilər. Bunun nə dərəcə ağır olduğunu ancaq o acı günlərin şahidləri bilir. Ata-analar bayram günlərində sanki övladlarından utanırdılar. Çünki bayramın adi günlərdən heç bir fərqi yox idi. Muxtar respublikada çörək sexləri barmaqla sayılası qədər idi. Belə olan halda şirniyyat istehsalından söhbət belə, gedə bilməzdi. Un qıtlığı isə evdə şirniyyatların bişirilməsinə imkan vermirdi.
Qaranlıqda sükutla qarşıladığımız neçə yeni illərimiz olub. Yeni ili təmtəraqlı edən nədir? Əlbəttə, adi günlərdən fərqli bayram süfrəsi, gur, al-əlvan işıqlar, səs-küy, konsert proqramları. Ancaq o illərdə bunların heç biri yox idi. Elektrik enerjisi iki saatdan bir verilirdi. O iki saatdan da insanlar normal istifadə edə bilmirdilər. Sayğac sisteminin olmaması, evlərin qızdırılması üçün qeyri-standart qızdırıcılardan istifadə edilməsi elektrik enerjisinin nəqlində tez-tez problemlər yaradırdı. Yaxşı xatırlayıram, 1991-ci ilin 31 dekabrı idi. Soyuqdan evdə oturmaq mümkün deyildi. Ancaq çox həvəslə ilin son saatının tamamını gözləyirdik. Axı Yeni il bayramının ən maraqlı anı elə bu idi. Biz də 1992-ci ili gözləyirdik, heç olmasa, televiziya ekranlarından bu yeniliyi həyatımıza daxil etmək istəyirdik. Gözlədiyimiz saatın düz tamamında elektrik enerjisi kəsildi. Hər yan qaranlığa qərq oldu. Bunun insan psixologiyasına təsirindən danışmaq artıqdır.
Ailələrin əksəriyyətində bayram günləri uşaqların gözləri yolda qalırdı: bəlkə, atam bu gün gələr, – deyə. Çünki hər bir naxçıvanlı ailəsində ümumi bir problem yaşanırdı. Buradakı çox az ailələrdə ailə başçısı var idi. Digərləri isə iş yerlərinin yoxluğu ucbatından başqa yerlərdə çalışmağa yollanmışdı.
...Bu xatirələrdən məni Naxçıvan şəhərinin Heydər Əliyev prospektindəki böyük yolkanın füsunkar görünüşü və ətrafdakı gur, al-əlvan işıqlar ayırır. Ümummilli liderin mümkün olan yolların hər birindən böyük siyasi bacarıqla istifadə edərək Naxçıvanın blokadasını yarmasını, qonşu İran və Türkiyə ilə danışıqlardan sonra muxtar respublikanın elektrik enerjisi və ərzaqla təminatındakı müsbətə doğru ilk dəyişiklikləri xatırlayıram. Bu elektrik enerjisi fasilələrlə verilsə də, ərzaq insanların tələbatından az olsa da, əsas məsələ onların mənəvi sarsıntısının aradan qaldırılması, bir sözlə, yaşamaları oldu. Blokadada olmasına rəğmən Naxçıvan düşmənə meydan oxudu. Məhv olmaması, yaşaması ilə onun gözdağına çevrildi, informasiya blokadasını yarıb, səsini dünyaya yaydı. Mənsub olduğu ölkənin rəhbərliyinin cəsarət edib toxuna bilmədiyi məsələlərə toxundu. Bütün bunlar blokadanın ilk illərində burada gələcək üçün blokada ilə yanaşı gedəcək inkişaf və tərəqqi mərhələsinin qığılcımları idi. İllər sonra illər öncəyə yolçuluqda 1990-cı illərin ortalarından bu günədək ötən illərin hər birinə ayrı-ayrılıqda nəzər saldıqda nələr gördük muxtar respublikada?
Bu illərin ən yüksək göstəriciləri Naxçıvanın elektrik enerjisi və təbii qazla fasiləsiz təminatı, informasiya blokadasının tamamilə aradan qaldırılması, Naxçıvanın ölkə ilə həm quru, həm də hava yolu nəqliyyatının bərpa edilməsi üçün illərlə danışıqlar aparıldı, olmazın əziyyət çəkildi, bir sözlə, bütün bunlara zərrə-zərrə nail olundu.
Prospektdə uşaqlarının əllərindən tutub gəzişən ataları gördükcə öz-özümlə fikirlərimi paylaşıram: Bax ötən illər gedənləri geri qaytardı, ata həsrətli övladların gözlərini yollardan çəkdi. Muxtar respublikamızda təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş quruculuq siyasətinin geniş vüsət alması yeni iş yerlərinin yaranmasına səbəb oldu. Ötən illərin hər biri yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması ilə müşayiət olundu ki, sovet dövründə, bütövlükdə, heç Azərbaycanda bu qədər istehsal müəssisəsi olmayıb.
Torpaq islahatının muxtar respublikamızda uğurla başa çatdırılmasının, zəhmət adamlarına göstərilən qayğının nəticəsi olaraq əkin sahələri ildən-ilə genişləndirildi, əhalinin yerli məhsullarla təminatının vacibliyi məsələsi öz həllini tapdı. İndi muxtar respublikada onlarla adda məhsul istehsal olunur. Bu isə əhalinin məşğulluğu sahəsində həyata keçirilən işlərin məntiqi davamı, insanların sağlam, keyfiyyətli qida məhsulları ilə təminatının qeydinə qalınmasının göstəricisi, süfrələrin bolluğu deməkdir. Bu gün Naxçıvan bazarlarında o qədər çeşiddə məhsul, bir vaxtlar bayramda belə, süfrələrimizə qoya bilmədiyimiz şirniyyat növləri var ki, adam seçim qarşısında çətinlik çəkir.
Quruculuğun ahəngdar və davamlı olması muxtar respublikamızın sürətli sosial-iqtisadi inkişafına şərait yaradıb. Burada həyata keçirilən quruculuğun maraqlı tərəfi ondadır ki, bu proses ucqarlardan başlanıb. Ucqar, sərhəd kəndlərimizdə müasirtipli məktəb binalarının, həkim ambulatoriyalarının, kənd mərkəzlərinin tikilməsi, yolların, körpülərin abadlaşdırılması kəndlini qədim yurd yerlərinə bağlayıb. Onlar üçün kəndlərdə şəhər rahatlığı yaradılıb. Torpağı və hərtərəfli şəraiti olan kənd adamı bu gün dövlətin dəstəyini, qayğısını hiss edərək yaşayır. Dövlət ona əkmək, biçmək, istehsal etdiyi məhsulu satmaq, ümumilikdə, yaxşı yaşamaq üçün şərait yaradıb.
Nazirlik, komitə, idarə, müəssisə və təşkilatlar üçün yeni inzibati binaların tikilməsi illərlə şəraiti olmayan, uçuq-sökük binalarda işləməyə məhkum olmuş insanların iş həyatında da bir yenilik yaradıb, onların muxtar respublikamızın inkişafı naminə fəaliyyətlərini gücləndirib. Yeni məktəb binalarının inşası, məktəblərdə yaradılan hərtərəfli şərait, müasir texniki yeniliklərin tətbiqi tədrisin keyfiyyətini ildən-ilə qaldırmaqdadır.
Müasir inkişafla bağlı məlumatı almaqla blokada Naxçıvanının o dövrünü öyrənmək olar. Öyrənmək olar ki, blokada şəraitində olan Naxçıvan son 22 ildə böyük sürətlə inkişaf, tərəqqi edib və etməkdədir. Onu da öyrənmək olar ki, bir-birinin əksi olan blokada və inkişaf sözlərinin bir araya necə sığması dünya tarixində tək Naxçıvanda mümkün olmuşdur.
Muxtar respublikamızın iqtisadiyyatından tutmuş mədəniyyətinədək, yeni məktəb binalarının tikintisindən tutmuş ali və orta ixtisas məktəblərinin, inzibati və ictimai yaşayış binalarının tikintisi və yeniləşdirilməsinədək, tarixi abidələrimizin bərpasından muzeylərimizin diqqətdə saxlanılmasınadək, böyük quruculuq işlərinin ildən-ilə genişləndirilməsindən muxtar respublikanın yaşıllıqlara qərq olunmasınadək görülən bütün işlər müstəqillik dövrünün bəhrələridir.
Böyük qürurla söyləyə bilərik ki, doğma diyarımızda tarixdə görünməmiş, tarixə yazılmamış proseslər, insan ağlına sığmayan dəyişikliklər baş verib. O dəyişikliklər ki Naxçıvana ötən dövrdə yolu düşənlərin heyrətinə səbəb olub, xarici mətbuat səhifələrində jurnalistlərin öz ölkələrini də belə görmək istəklərindən yaranan mövzulara, səliqə-sahmanı, təmizliyi ilə nümunə olaraq göstərilən regiona çevrilib. Naxçıvan indi bura gələnlərin ötənlərlə bu günü, özününkü ilə buranı müqayisəetmə məqamındadır. Naxçıvan bu gün dünyanın ən inkişaf etmiş regionları sırasındadır. Lakin bir fərq var. Naxçıvan digər inkişaf etmiş regionlardan fərqli olaraq, blokada vəziyyətində inkişaf, tərəqqi dövründədir.
Blokada və inkişaf... Bir-birinin əksi olan bu sözlərin bir araya necə sığmasını dünya tarixçiləri gələcəkdə, bəlkə də, bizim müstəqilliyimizin altmışıncı, yetmişinci illərində Naxçıvanın simasında tədqiq edəcəklər. Bu tədqiqat dünya tarixinə Naxçıvan nümunəsi ilə həkk olunacaq.
Yuxarıdakı fikirləri xatırlamaqla illər öncədən illər sonraya – 2017-ci ilə qayıdıram. Son günləri ilə tarixə çevrilməkdə olan 2017-ci ilə. “Çiyinlərini” ağır blokadanın altına verən Naxçıvan yeni ili yeni arzularla qarşılayır, həm də ən yüksək səviyyədə. Uzun illik blokadanın keşməkeşli sınaqlarından alnıaçıq, üzüağ çıxan Naxçıvan buna layiqdir.
Mətanət MƏMMƏDOVA