Yeni iqtisadi şəraitdə ölkəmizdə həyata keçirilən inkişaf strategiyası, ilk növbədə, regionların sosial-iqtisadi inkişafının təmin edilməsi, iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, idxaldan asılılığın azaldılması və ixracyönümlü məhsul istehsalına keçməklə iqtisadiyyatın şaxələndirilməsinə xidmət edir.
Bu gün Naxçıvan Muxtar Respublikasında yaradılan ümumi daxili məhsulun həcmi, təqribən, 2,5 milyard manata çatmaqdadır. Bu, bir daha onu göstərir ki, muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilib. Başqa sözlə, 1995-ci ildən başlayaraq uğurla həyata keçirilən iqtisadi kurs, nəticəyə hesablanmış strategiya və reallığı özündə ehtiva edən fəaliyyət bu gün öz bəhrəsini verməkdədir. Bunu statistik göstəricilərlə bərabər, muxtar respublikaya gələn xarici qonaqlar, o cümlədən Naxçıvanın iqtisadi inkişafını təhlil edən ekspertlər də xüsusi vurğulayırlar.
Muxtar respublikada daxili bazarın qorunması istiqamətində həyata keçirilən tədbirlər iqtisadiyyatın şaxələndirilməsinə öz müsbət təsirini göstərib. Belə ki, yerli istehsalı mümkün olan, qida təhlükəsizliyi parametrlərinə tamamilə cavab verən, istehsalında yerli xammaldan istifadə edilən əmtəələrin eyniadlı xarici analoqlarından, xüsusilə onların dempinq təsirindən sığortalanması hər bir ölkədə olduğu kimi, Naxçıvanda da həyata keçirilən iqtisadi tənzimləmə tədbirlərindəndir. Təcrübə göstərir ki, daxili bazarın bu yolla qorunması, konkret tədbirlərin görülməsi nəticəyə əhəmiyyətli təsir göstərir. Muxtar respublika iqtisadiyyatının xaricə açılan qapılarında – gömrük-keçid məntəqələrində tamamilə yeni infrastruktur komplekslərinin qurulması, onların iş saatlarının artırılması istiqamətində görülən işlər də bu sahədə mühüm addımlardandır. Qardaş Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasında istehsal edilən məhsullara tətbiq edilən məhdudiyyətlərin və rüsumun aradan qaldırılması ixrac imkanlarının da artmasına şərait yaradır. Bu isə sahibkarlarımız üçün geniş imkanlar yaratmaqla bərabər, eyni zamanda onların öz üzərlərinə düşən məsuliyyəti dərk etmələrini, müəyyən sahələr üzrə istehsalın xərclərinin azaldılmasını, texnoloji proseslərin daim innovativ prinsiplərə uyğun olaraq yenilənməsini, keyfiyyət meyarlarına tam cavab verən ekoloji təmiz məhsulların istehsalına diqqətlərini daha da artırmasını tələb edir. Əgər belə olarsa, yerli məhsullarımız rəqabətədavamlı olacaq və daxili, həmçinin xarici bazarlarda da həmin məhsulların daimi alıcı kütləsi formalaşacaq.
İqtisadiyyatın çoxşaxəliliyi prosesi sistemxarakterli olmaqla ardıcıl yanaşma da tələb edir. Həmin yanaşma muxtar respublikada mövcuddur və bu, digər bütün sahələrdə həyata keçirilən işləri əhatə etməklə hərtərəfli inkişaf prosesinin davamlılığını təmin edib. Dövlət dəstəyi ilə verilən güzəştli kreditlər hesabına vacib istehsal sahələrinin yaradılması, prioritet hesab olunan sahələrdə yeni infrastruktur şəraitinin qurulması, yerli tələbatın tamamilə yerli istehsal hesabına formalaşmasının əsas məqsəd kimi qarşıya qoyulması bu baxımdan önəmlidir.
Bu gün bazara yeni məhsulların çıxarılması, yerli xammala əsaslanan istehsalın dəstəklənməsi, daha çox sərmayə qoyuluşu tələb edən sahələrin dövlət hesabına maliyyələşdirilməsi də bu istiqamətdə atılan addımların tərkib hissəsidir. Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri hesabına güclü enerji potensialının yaradılması muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasına xidmət etməklə bərabər, istehsal müəssisələrinin də fasiləsiz olaraq fəaliyyəti üçün əsaslı zəmin yaradır. Bundan başqa, yeni istehsal, emal və xidmət müəssisələrinin yurdumuzun hər yerində, qəsəbələrdə, dağ və sərhəd kəndlərində yaradılması məşğulluğu təmin edir, həmin yaşayış yerlərində məskunlaşmanı artırır.
Sevindirici haldır ki, Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlər xarici ticarət əlaqələrinin daha da genişləndirilməsinə imkan verir. Nüfuzlu xarici qonaqların Naxçıvanın mövcud, iqtisadi potensialı ilə tanış olmaları üçün şəraitin yaradılması, ölkə və dünya səviyyəli sərgilərdə, yarmarkalarda muxtar respublika sahibkarlarının iştirakının təmin edilməsi, Naxçıvan məhsullarının xarici bazara çıxarılması məqsədilə lazımi tədbirlərin həyata keçirilməsi onların ixrac imkanlarını daha da artırır. Eyni zamanda muxtar respublikamızda yol infrastrukturu şəbəkəsinin genişləndirilməsi və magistral yolların buraxılış qabiliyyətinin gücləndirilməsi də iqtisadiyyatın şaxələndirilməsinə xidmət edir. Dəmir yolu və hava nəqliyyatı xətlərinin dünya standartları səviyyəsində yenidən qurulması, Naxçıvan Beynəlxalq Hava Limanının xarici ölkələrlə hava yolu əlaqələrinin mövcudluğu da muxtar respublikanın dünya iqtisadiyyatına inteqrasiyasının daha da sürətlənməsinə stimul verir.
Bu gün iqtisadiyyatımız yüksəliş yolundadır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyası ardıcıllıqla davam etdirilir. Müəyyən olunmuş inkişaf istiqamətləri üzrə iqtisadiyyatın şaxələndirilməsi isə müasir dövrün tələbidir. Bu istiqamətdə muxtar respublikamızda davam etdirilən iqtisadi inkişaf siyasəti insanların rifahının yüksəlməsinə, əhalinin yaşayış səviyyəsinin daha da yaxşılaşmasına töhfəsini verməklə bərabər, prioritet məsələlərin həllində də öz əhəmiyyətini bir daha göstərməkdədir.
Zaur BAĞIROV
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
Gömrük nəzarətinin təşkili şöbəsinin rəisi