2017-ci ildə Naxçıvan Muxtar Respublikasında yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, mütərəqqi suvarma şəbəkələrinin tikilməsi, suvarılan ərazilərin şoranlaşmasının qarşısının alınması, əhalinin içməli suya olan tələbatının etibarlı şəkildə ödənilməsi üçün tədbirlər davam etdirilmişdir. Bu dövrdə əkin sahələrinə 254 milyon kubmetr suvarma suyu verilmiş, təkrar suvarma nəzərə alınmaqla 212 min 571 hektar torpaq sahəsi suvarılmışdır. İl ərzində 243 kilometr beton və torpaq kanal, 457 kilometr ara arxları, 40 kilometr kollektor lildən təmizlənmiş, 77 kilometr yeni suvarma boru xətti, 12 kilometr yeni içməli su xətti çəkilmiş, 14 kəhrizdə təmir-bərpa işləri başa çatdırılmışdır.
Suvarılan torpaq sahələrinin genişləndirilməsi, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, su itkisinin qarşısının alınması üçün Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 407 hektar sahədə qapalı suvarma şəbəkəsi tikilmişdir. Şoranlaşmanın qarşısını almaq üçün də tədbirlər görülmüş, sahələrə suvarma normaları daxilində suvarma suyu verilmiş, qrunt sularının səviyyəsini aşağı salmaq məqsədilə açıq və qapalı drenajlarda, kollektorlarda lildən təmizləmə işləri yerinə yetirilmiş, yeni açıq və qapalı drenaj xətləri çəkilmişdir. Nəticədə, 1907 hektar sahədə qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır. Yaşayış məntəqələrini və əkin sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə Arpaçay selovunda, Naxçıvançay və Cəhriçay vadilərində, Qahab və Sirab selovlarında il ərzində 35 kilometr selə qarşı istiqamətləndirici bəndlər salınmışdır.
“Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Naxçıvan şəhər çirkab sutəmizləyici qurğunun tikintisi başa çatmış, ərazidə abadlıq işləri aparılmış və ozon qurğusu quraşdırılmışdır. Babək rayonunun Şıxmahmud kəndində müxtəlif diametrli borularla 34 kilometr kanalizasiya xətti, 37 kilometr içməli su xətti çəkilmişdir. Şərur şəhərində isə 59 kilometr yeni içməli su xətti 26 kilometrdən artıq kanalizasiya xətti çəkilmişdir. Ordubad rayonunda isə ümumi tutumu 20 min kubmetr olan 6 su anbarının tikintisi başa çatdırılmış, 18 subartezian quyusu qazılmış, müxtəlif diametrli borularla 73 kilometr su şəbəkəsi və 71 kilometr kanalizasiya xətti çəkilmiş, 3204 ev kanalizasiya şəbəkəsinə qoşulmuşdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı
Komitəsinin mətbuat xidməti