Muxtar respublikada avtomobil nəqliyyatı infrastrukturunun müasir standartlar səviyyəsinə çatdırılması diqqət mərkəzindədir.
2017-ci ildə də bu sahədə ardıcıl tədbirlər görülmüş, sərnişindaşımalarını yerinə yetirən sürücülərin iştirakı ilə 24 seminar-müşavirə keçirilmişdir. Avtonəqliyyat vasitələri ilə təhlükəsiz sərnişin daşınması, marşrut qrafikinə nəzarət olunması məqsədilə Naxçıvan-Bakı marşrutunda işləyən avtobuslara Naxtel-4G GPS monitorinq izləmə sistemi quraşdırılmışdır. Naxçıvan şəhərdaxili marşrutunda işləyən avtobuslara və taksilərə isə GPS-lərin quraşdırılması işi davam etdirilir.
2017-ci ildə beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət gücləndirilmiş, Türkiyə Respublikasının “Metro” və “İğdırlı” turizm şirkətləri ilə bağlanmış müqaviləyə əsasən Türkiyə Respublikasının İqdır şəhərinə avtobus marşrutu açılmışdır. Bu dövrdə Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə Naxçıvandan Bakıya 20 min 685, Bakıdan Naxçıvana isə 20 min 964 sərnişin daşınmışdır. Muxtar respublika daxilində də sərnişindaşıma xidmətinin səviyyəsi yüksəldilmiş, 135 marşrut xətti üzrə rayon mərkəzləri və kəndlərin hamısı marşrutla təmin edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası təmin edilmiş, Naxçıvan Dövlət Universitetinin Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi və Naxçıvan Dövlət Texniki Kollecinin Yol hərəkətinin təşkili ixtisaslarında təhsil alan tələbələrin nazirlik sistemində istehsalat təcrübələri təşkil olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Nəqliyyat Nazirliyinin mətbuat xidməti