Yaşayış evi və digər daşınmaz əmlak hər bir ailə üçün vacib tələbatlardan biridir. İnsanlar normal ev şəraiti yarada bilmək üçün uzun müddət vaxt və böyük miqdarda vəsait sərf edirlər. Hər hansı gözlənilməz hadisədən yaşayış evinə zərər dəydikdə isə bu, vətəndaşlar üçün kifayət qədər ağır maddi itkilər yaradır. Ona görə də evlərin və digər daşınmaz əmlakın gözlənilməz bədbəxt hadisələrin zərərlərindən sığortalanması belə zərərlərdən qorunmağın əsas yoludur. Çünki əksər hallarda daşınmaz əmlaka dəymiş zərərlərin vətəndaşın öz imkanları hesabına aradan qaldırılması çətin başa gəlir.
Gözlənilməz hadisələrdən daşınmaz əmlaka müxtəlif zərərlər dəyə bilər. Belə ki, təkcə yanğın və zəlzələ deyil, digər elə gözlənilməz hadisələr də vardır ki, onların nə zaman baş verə biləcəyini əvvəlcədən demək çətindir. Sıxışmış qaz və buxar partlayışı, elektrik naqillərində yaranan qısaqapanma, su, istilik, kanalizasiya kəmərlərinin və yanğın söndürmə sistemlərinin qəzası, digər tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən daxil olan su daşınmaz əmlaka zərər vura bilər. Bundan başqa, baş verə biləcək güclü külək, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi və habelə üçüncü şəxslərin hərəkətləri nəticəsində də daşınmaz əmlak məhv ola, yaxud hər hansı digər formada zərər görə bilər. Daşınmaz əmlaka müxtəlif dərəcədə zərərvuran və sığorta hadisələri adlandırılan belə gözlənilməz təsadüfi hallara həmişə, hər yerdə rastgəlmə ehtimalı vardır.
Sığorta hadisələri nəticəsində yaşayış evlərinin konstruktiv elementlərinə, otaqlara, o cümlədən şüşələr də daxil olmaqla, qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərə, bəzək elementlərinə, eləcə də bütün növ xarici və daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlər bərpa olunduqda xeyli həcmdə maddi vəsait tələb olunur. Statistika göstərir ki, daşınmaz əmlakını vaxtında sığorta etdirməmiş vətəndaşlar bu zaman ciddi maddi çətinliklərlə üzləşirlər. Nəticədə, təkcə bir nəfər deyil, bütün ailə üzvləri də çıxılmaz vəziyyətə düşür. Ona görə də bunun baş verməməsi, bütün ailənin sosial vəziyyətinin ağırlaşmaması üçün daşınmaz əmlakın icbari sığortası dövlət tərəfindən qanunla təsbit olunmuş qaydada aparılır. Əsas məqsəd isə burada vətəndaşların sosial müdafiəsidir. Belə ki, Naxçıvan şəhərində yaşayan vətəndaşlar sığorta məbləğinə nisbətən cüzi miqdarda sığortahaqqı ödəməklə bu zəmanəti ala bilərlər.
Hazırda Naxçıvan Muxtar Respublikasında vətəndaşlara məxsus daşınmaz əmlak kimi yaşayış evləri, binalar, mənzillər bir qayda olaraq icbari sığorta olunur. Burada məqsəd sığorta hadisələri baş verdiyi zaman daşınmaz əmlakın məhv olması və yaxud hər hansı formada zərər görməsi ilə əlaqədar vətəndaşlara dəymiş zərərin əvəzinin ödənilməsidir. Bu sığorta növündə qaydalar və şərtlər yalnız qanunla müəyyən edilir. Başqa sözlə, daşınmaz əmlakın sığortalanması üçün sığorta hadisəsi hesab olunan hallar qanunla dəqiq şəkildə müəyyənləşdirilmişdir. Bu sığorta növü zamanı yuxarıda qeyd olunduğu kimi Naxçıvan şəhərində yaşayan vətəndaşlar öz daşınmaz əmlaklarını 40 manatlıq sığortahaqqı ödəməklə 20 min manata, muxtar respublikanın rayonlarında yaşayan vətəndaşlar isə 30 manatlıq sığortahaqqı ödəməklə isə 15 min manat məbləğində sığortalaya bilərlər. Onu da qeyd etmək lazımdır ki, sığortahaqqının bu məbləği minimum məbləğ kimi müəyyən edilmişdir. Həmin məbləğdən artıq qiymətləndirilə bilən daşınmaz əmlak onun sahibi ilə razılaşdırılmış müqaviləyə əsasən daha artıq məbləğə sığortalana bilər.
Daşınmaz əmlakın icbari sığortası ölkəmizdə həyata keçirilən sosial siyasətin mühüm bir hissəsidir. O, vətəndaşların mənafelərinin təmini baxımından çox faydalıdır. Çünki daşınmaz əmlakın sığortası hadisə baş verən zaman icbari sığorta müqaviləsi bağlamış və sığorta müqaviləsi qüvvədə olan vətəndaşlara tam sığorta təminatı verir. Bu da insanların yaşayış səviyyəsinin yüksəlməsi üçün əsas şərtlərdən biridir.
Əli CABBAROV