Bu amil şadalıları doğma yurd yerinə möhkəm tellərlə bağlayıb
Yazıya giriş
Muxtar respublikamızın coğrafi mövqeyi onun tarixi taleyinə bir çox yaşayış məntəqələrində mənfur düşmənlərimizə həmsərhəd olmaq qisməti yazıb. Belə yurd yerlərimiz onlarladır. Yüz illər boyu özlərinin çirkin əməllərini gah gizli, gah da aşkar həyata keçirən erməni daşnaklarının 1988-ci ildə yenidən üzə çıxan əsassız torpaq iddiaları, bu iddiaların törətdiyi məlum hadisələr sərhəd kəndləri sakinlərinin sərhədçi ömrü yaşamaları ilə nəticələndi. Ata-baba əmanəti olan torpaqlarımızın qorunması, düşmən tapdağına çevrilməməsi üçün bütün Azərbaycan ayağa qalxdı. O ağır illərdə belə, yurd yerlərimiz qəhrəmanlıqla qorundu, “Torpaq uğrunda ölən varsa, Vətəndir”, – deyib səngərlərə atılaraq “Təki Vətən sağ olsun” amalı ilə ölümün gözünə dik baxdı eloğullarımız. Bu mücadilədə sağlamlığını qismən itirən, öz ev-eşiyinə şikəst kimi qayıdanlar da az olmadı. Onlarla igidimiz isə şəhidlik zirvəsinə ucaldı.
Belə yaşayış məntəqələrində dəfələrlə olmuş, o ünvanların sakinləri ilə görüşmüş, onların həyat tərzindən yazılar hazırlamışam. Qəlbimdən həmişə belə minnətdarlıq duyğuları keçib: məhz bu qorxmaz, igid, cəsur, ölümün gözünə dik baxan, qəvi düşmənlə bir addımlıqda yaşayan insanlar əsl vətənpərvərlik örnəkləridir. Necə deyərlər, dildə yox, əməldə vətənpərvərdirlər. Vətən onlar üçün ən qiymətli ata-baba əmanətidir, ona sadiqliyi məhz belə insanlardan əxz etmək olar.
Şadalılar kimi...
Şahbuz rayonunun Şada kəndi belə ünvanlardan biridir. 180 sakini var. Bir ailəni xatırladan bu kəndin sakinləri illərdir ki, düşmən qabağında bu torpağa öz sevgisini, ehtiramını, məhəbbətini göstərir. Onlar yaşadıqları yurd yerinin keşiyində ayıq-sayıq dayanmağı vətəndaşlıq borcuna çeviriblər. Necə deyərlər, Şada kəndi və şadalılar düşmənə gözdağıdır. Dövlətimiz də bu yaşayış məntəqəsinin, kənddə yaşayan insanların problemlərinin həllini diqqət mərkəzində saxlayıb. 2008-ci ilin sentyabr ayında burada kənd tam orta məktəbi, feldşer-mama məntəqəsi istifadəyə verilib. Kəndə içməli su xətti çəkilib. 2009-cu ildə isə kənddəki hərbi hissə üçün əsgəri-məişət-yaşayış kompleksi və zabit ailələri üçün 2 mərtəbədən ibarət 8 mənzilli yaşayış binası istifadəyə verilib. Buraya 3 mənbədən su xətti çəkilib.
Bu məlumatları Şada kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Bəxtiyar Abbasovdan alıram. Onunla ilk baş çəkdiyimiz ünvan Şada kənd tam orta məktəbi olur. Təhsil ocağında 11 sinif otağı, hərbi kabinə, fənn laboratoriyaları, müəllimlər və psixoloq otaqları, kompüter sinfi, idman zalı, kitabxana vardır. Məktəbdə 16 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 16 müəllim məşğul olur. Məktəbin direktoru Ayxan Mehdiyev ixtisasca müəllim olan həyat yoldaşı ilə bu məktəbə könüllü olaraq gəliblər. Ayxan müəllimin söhbəti:
– Burada işlədiyim iki il müddətində şadalıları torpağa bağlı insanlar kimi tanıdım. Belə olmasaydı, vaxtilə onlar da rahat həyat naminə köçüb buradan gedərdilər. Rahat həyat deyəndə elə burada da belə həyat yaşanır. O çətin günlər arxada qalıb. Kənd camaatı əsgərlərlə bir ailə kimi yaşayır Şadada. Belə sıx əlaqə, mehribançılıq əlamətdar və bayram günlərində daha çox özünü göstərir. Odur ki, şadalılar belə strateji ərazidə yaşamaqdan qətiyyən çəkinmirlər.
Tərifə Məmmədova şadalı məktəblilərə dilimizin və ədəbiyyatımızın incəliklərini öyrədir. Məktəbdə yaradılmış şəraitdən razılıq edir:
– Şada dəniz səviyyəsindən 1500-2000 metr yüksəklikdə yerləşir. Bu da yaşayış məntəqələrində təmiz havanın və suyun olması deməkdir. Odur ki, bu kənddə sağlam həyat yaşanır. Çalışırıq ki, belə sərhəd bölgəsində yaşayan insanların övladlarına yüksək səviyyədə elm, bilik öyrədək. Bunun üçün pedaqoji kollektiv öz gücündən səmərəli istifadə edir. Şagirdlərin informasiya-kommunikasiya texnologiyalarından, laboratoriyalardan, idman qurğularından, zəngin kitabxana fondundan istifadəsi təmin olunub. Sərhəd bölgələrində yaşamaq böyük vətənpərvərlikdir. Şagirdlərimiz də məhz bu ruhda formalaşdırılırlar. Məktəbdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi diqqət mərkəzində saxlanılır. Məktəb kitabxanasında həmin kitablardan ibarət guşə də yaradılıb. Siyahıda özünə yer almış qəhrəmanlıq abidəmiz “Kitabi-Dədə Qorqud” dastanının müzakirəsini keçirmişik. “Torpağı qorumursansa, əkməyə, əkmirsənsə, qorumağa dəyməz” adlanan müzakirədə valideynlər də iştirak edirdilər. Belə tədbirləri müntəzəm olaraq davam etdirəcəyik.
Kənd tam orta məktəbinin tarix müəllimi Tansu Abbaslı Şada kəndi və toponimi haqda ətraflı məlumata malikdir. Deyir ki, mənbələrdə bu adın 1590-cı ildə Dərə Şahbuz nahiyəsində qeydə alınması barədə məlumatlar var. Bəzi tədqiqatçıların elmi mülahizələrinə görə, bu ad qədim türk mənşəli Şato tayfasının adını əks etdirir. XII-XIII əsrlərdə Orta Asiyada baş vermiş siyasi hadisələrlə əlaqədar müxtəlif ərazilərə səpələnən Şato tayfası Azərbaycana oğuzlarla gəliblər. AMEA-nın müxbir üzvü, mərhum Adil Bağırovun ehtimalına görə, bu ad türk mənşəli “şad” sözünə “a” şəkilçisi artırılması yolu ilə yaranıb. “Şad” sözü qədim türk və uyğur xaqanlığında titul mənasında işlənib. Vaxtilə türklər ordu qəhrəmanı, ordu başında duran igidə “şad” deyiblər. Bu söz qədim türklərdə həm də tayfa adıdır.
Türk mənşəli Şada, Şadı tayfası müxtəlif ərazilərdə maldarlıqla məşğul olub. Çox güman ki, həmin tayfaya məxsus ailələrin bir qismi də Şada kəndində məskunlaşıb və tayfa adlarını qoruyub saxlayıb. Tansu müəllimə onu da diqqətimizə çatdırdı ki, pedaqoji kollektiv doğma yurd yerinin tarixini, adət-ənənələrini, 1988-ci ildə başlanan hadisələr dövrü yaşanmış həqiqətləri şagirdlərin dərindən öyrənmələrinə, onların dövlətçiliyimizə, müstəqilliyimizə sədaqət ruhunda tərbiyə olunmalarına ciddi önəm verir, bunu özünün başlıca vəzifələrindən sayır.
Yeri gəlmişkən onu da qeyd edək ki, məktəbin foyesində dövlət rəmzlərimiz, Azərbaycan Vətən müharibəsində qəhrəmanlıq göstərərək sağlamlıqlarını qismən itirən, həmçinin torpaqlarımızın bütövlüyü uğrunda şirin canından keçərək şəhidlik zirvəsinə ucalan eloğullarımızla bağlı hazırlanmış stend, o dövrün hadisələrini özündə əks etdirən qəzet, kitab materialları, fotoşəkillər bu məsələnin həllində istifadə olunan vasitələrdən biridir.
Bəxtiyar Abbasov söhbətə qoşularaq deyir ki, Şadada torpaq qorunur da, əkilir də. Kənd sakinləri meyvəçilik, arıçılıq, əkinçilik, heyvandarlıqla məşğul olurlar.
Kəndə müxbir gəlib və ya sakinlərlə söhbət qürur doğurur
Şadaya müxbir gəldiyini eşidib bir neçə sakinin kənd mərkəzinə yığışdığını deyən Bəxtiyar Abbasovla birgə onlarla görüşməyi qərara alırıq. Əvvəlcə onu deyim ki, kənd mərkəzində bu yaşayış məntəqəsində fəaliyyət göstərən qurumlar üçün müasir iş şəraiti yaradılıb. 87 yaşlı kənd sakini Vəli Heydərov da yaradılan bu şəraitdən razılığını bildirərək dedi ki, Şadanın dünənini də görüb, bu gününü də. Heç müqayisə etməyə dəyməz. Fərq yerlə göy arasındadır. O və onun kimi yaşlı şadalılar kəndin belə qayğı ilə əhatə olunmasını ulu öndərin ölkəmizdə yenidən hakimiyyətə qayıtması ilə izah edirlər. Vəli kişi deyir ki, ölkənin başsız qaldığı bir dövrdə dahi rəhbər Azərbaycanı qurtarmaq üçün ulu Tanrının xalqımıza göndərdiyi bir xilaskar idi. O gəldi və öz vəzifəsini yerinə yetirdi. Hər bir azərbaycanlı bugünkü müstəqil Azərbaycan üçün məhz xalqımızın böyük oğluna minnətdardır. Bir vaxtlar gözdənuzaq, könüldəniraq olan Şada kəndi də ulu öndərimizin muxtar respublikada uğurla davam etdirilən siyasətinin bəhrəsi ilə bugünkü inkişaf və tərəqqisinə qovuşub.
Əhməd Həsənov da Vəli kişi ilə həmyaşıddır. Ömrünün 9-cu onilliyini başa vurmaqdadır. Deyir ki, bu gün Şadada yaşayan gənclər belə günlərin asanlıqla başa gəlmədiyini dərk edirlər. Odur ki, Şadada qurulan, yaradılanların qədrini bilirlər. Bilirlər ki, bütün bunlar indiki və gələcək nəsillər üçündür. Əhməd kişi onu da deyir ki, şadalılar torpaqlarını qorumağı bacardıqları kimi, bu qiymətli sərvətdən məhsul bolluğu yaratmaq üçün səmərəli istifadə etməyi də yaxşı bilirlər.
Uzaqda olmayan gün
Torpaq, qorunan, becərilən yer insan əli ilə Vətənə çevrilir. Torpaq qorunursa, orada yaşamaq heç də çətin deyil. Kəndin qədirbilən insanları bu həqiqəti dərindən dərk edirlər. Şadalıları bu doğma yurd yerinə möhkəm tellərlə bağlayan da məhz bu amildir. Onlar inanırlar ki, dövlətimizin apardığı sülhməramlı siyasət gec-tez öz bəhrəsini verəcək, işğal altında olan torpaqlarımızda da Şadada yaradılmış şərait təmin ediləcək.
O gün uzaqda deyil.
Muxtar MƏMMƏDOV