Milli sərvətimizin artırılmasında iqtisadiyyatın bütün sahələrinə yatırılan investisiyaların mühüm əhəmiyyəti vardır. Ötən ilin yekunlarına əsasən ölkəmizin iqtisadi regionları arasında investisiya reytinqinə görə Naxçıvan Muxtar Respublikası birinci olmuşdur. Bu, muxtar respublika iqtisadiyyatında müxtəlif sahələrin inkişaf etdirilməsi üçün sərf edilən investisiyaların rolunu bir daha təsdiq edir. Belə ki, bazar iqtisadiyyatındakı qlobal rəqabət mühitində davamlı iqtisadi artım və sabit dinamikalı inkişaf nə qədər arzuediləndirsə, bunun təmin olunması üçün investisiya mənbələrinin də mövcudluğu bir o qədər zəruridir.
Yaradıldığı dövrdən bu günədək keçən müddət ərzində Naxçıvan Muxtar Respublikasında sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı, əhalinin işgüzarlıq fəaliyyətinin artırılması, dünya ölkələrinin qabaqcıl təcrübəsinin Naxçıvana gətirilməsi, muxtar respublikada müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal, emal və infrastruktur sahələrinin yaradılması məqsədilə güzəştli kredit dəstəyi göstərən Sahibkarlığa Kömək Fondu bu baxımdan çox əhəmiyyətli investisiya mənbəyidir.
İnvestisiya stabil inkişafın mühüm göstəricisidir. Eyni zamanda investisiyalar istehsal resurslarının artırılmasını və nəticə etibarilə, iqtisadi yüksəliş tempini təmin edir. Başqa sözlə, sabaha qoyulan kapital kimi investisiyaların köməyi ilə milli sərvətimiz artırılır. İqtisadiyyatın istehsal və qeyri-istehsal sferalarına uzunmüddətli kapital qoyuluşları proseslərini özündə əks etdirən investisiya, mahiyyət etibarilə, insan kapitalının formalaşmasına yönəldilir. Çünki bəzən investisiyalara, sadəcə, istehsalın genişlənməsi və modernləşdirilməsi, yaxud istehsal infrastrukturunun yaradılması mənbəyi kimi baxırıq. Eyni zamanda uğurlu investisiya siyasətinin nəticəsi kimi cəmiyyətin ən mühüm mədəni inkişaf göstəriciləri arasında möhkəm yer tutan sosial infrastruktur, elm, təhsil, səhiyyə, mədəniyyət, turizm, idman kimi sahələrdə canlanmanı, kadr hazırlığı, demoqrafik artımda müsbət meyilləri və ekoloji təhlükəsizlikdə olan sabitliyi də görürük. Odur ki, cəmiyyətin iqtisadi-mədəni inkişafının bütün sahələrində həmişə öz əhəmiyyətini göstərən dövlət investisiya siyasətinə mühüm tənzimləyici və stimullaşdırıcı vasitə kimi də baxmaq mümkündür. Sahibkarlığa Kömək Fondu da həyata keçirdiyi missiya ilə məhz bu məqsədlərə çatmağa xidmət edir.
Müasir Azərbaycanda regional inkişaf dövlətin iqtisadi inkişaf prioritetləri arasında mühüm yer tutur. 2003-cü ildən başlayaraq, istər ölkə səviyyəsində, istərsə də muxtar respublikamızda regional inkişaf üzrə qəbul olunmuş dövlət proqramları, müxtəlif sahələrin inkişafı üzrə konkret nəticələr əldə etməyi nəzərdə tutan dövlət əhəmiyyətli qərarlar qəbul olunub. İcrası uğurla başa çatdırılan “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)”, “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və icrası davam etdirilən “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda, həmçinin digər dövlət sənədlərində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində Sahibkarlığa Kömək Fondunun verdiyi güzəştli kreditlərin böyük rolu olub.
Sahibkarlığa Kömək Fondu Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində 2000-ci ildə yaradılıb. Həmin vaxtdan 2018-ci il 1 yanvar tarixədək keçən dövr ərzində fond vasitəsilə 1244 layihənin maliyyələşdirilməsinə 136 milyon 182 min 282 manat həcmində güzəştli kreditlər verilib. Reallaşdırılan layihələr arasında sənaye, kənd təsərrüfatı və xidmət sahələri üzrə ən müxtəlif profillər nəzərə çarpır. Məsələn, təkcə sənaye sahəsi üzrə baxdıqda ötən bir neçə il ərzində muxtar respublikada silikon yorğan-döşək və yataq, məsaməli beton, alçıpan, əhəng və gips, plastik tara, qızıl-gümüş zinət əşyaları, medal və döş nişanları, qaynaq çubuğu istehsalı sahələri, habelə işlənmiş təkərlərin üzlənməsi, müasirtipli istixana komplekslərinin, soyuducu anbarların, 4-cü nəsil mobil rabitə şəbəkəsi sahələrinin yaradılması üçün fond tərəfindən kreditlər verilib. Muxtar respublikamızın brend məhsulu kimi tanınan Naxçıvan duzu və NAZ Lifan avtomobilləri istehsalının stimullaşdırılması, yerli istehlakçılar, eləcə də regiona gələn turistlər tərəfindən həvəslə alınan “Naxçıvan məhsulları”, “Prestij Naxçıvan Pivəsi”, “D-adlı qaymaq” MMC-nin fəaliyyətinin genişləndirilməsi məqsədilə fond tərəfindən verilmiş kreditlər diqqəti cəlb edir. Ümumilikdə, ötən 17 il ərzində fond tərəfindən sənaye üzrə 238 layihə üçün ayrılmış vəsaitlərin həcmi 81 milyon 178 min 742 manat olub.
Kənd təsərrüfatı muxtar respublikamızın iqtisadiyyatının əsas sektorlarındandır. Məhz aqrar bölmənin məhsulları hesabına Naxçıvanda ərzaq təhlükəsizliyi təmin olunub və yüzlərlə emal müəssisəsi üçün etibarlı xammal bazası yaradılıb. Bura həm də çox geniş məşğulluq sahəsidir. Qəbul edilən dövlət proqramlarının icrası istiqamətində muxtar respublikamızda əksər kənd təsərrüfatı məhsullarının istehsalı üzrə, ümumilikdə, 968 layihə maliyyələşdirilib. Bunlardan taxılçılıq üzrə 124, hevandarlıq üzrə 248, kartofçuluq üzrə 269, üzümçülük üzrə 8, arıçılıq üzrə 105, quşçuluq üzrə 84, bağçılıq üzrə 65, balıqçılıq üzrə 14 və digər layihələrin reallaşdırılması təmin edilib, daxili bazarın yüksəkkeyfiyyətli Naxçıvan məhsulları ilə təchiz olunmasına şərait yaradılıb. Bundan əlavə, fondun güzəştli kreditləri ilə yaradılmış 9 heyvandarlıq və 23 istixana kompleksləri və 11 soyuducu anbar iqlim şəraitindən asılı olmayaraq, muxtar respublikamızda hər cür ərzaq məhsullarına olan tələbatın ödənilməsində mühüm əhəmiyyətə malikdir. Görülən bütün işlərin nəticəsidir ki, bu gün Naxçıvanda etibarlı ərzaq təminatı yaradılıb, bu torpaqda yetişdirilə bilən hər cür nemətlərin istehsalına başlanılaraq, idxaldan asılılıq maksimum dərəcədə azaldılıb.
Ötən ildə də Sahibkarlığa Kömək Fondu muxtar respublika sahibkarlarının uğurlu işinə dəstək olub. Belə ki, bu dövrdə 25 layihə üçün verilmiş 1 milyon 978 min manat vəsaitdən real sektorda öz əhəmiyyəti ilə həmişə seçilən sahələr bəhrələnib. Nəticədə, yeni layihələr reallaşdırılıb, bir sıra layihələr dəstəklənib. Göstərilən sahələr arasında həm kəmiyyət, həm də keyfiyyətcə yeni məzmun kəsb edən layihələr olması diqqətçəkicidir. Həyata keçirilən bu layihələrin seçimində onların iqtisadi səmərəliliyi, blokadada olan Naxçıvan üçün əhəmiyyəti, daimi məşğulluğa təsiri və bazar payı kimi göstəricilər əsas yer tutur. Bütün bunlar da onu deməyə əsas verir ki, Sahibkarlığa Kömək Fondu ötən illərdə qazanılmış təcrübəni uğurla davam etdirərək qarşıdakı dövrdə də Naxçıvanın sürətli inkişafı üçün etibarlı investisiya mənbəyi rolunu oynayacaq.
Bazar iqtisadiyyatı sərt qanunlar əsasında işləyən sistemdir. Ancaq tarixən də sübut olunduğu kimi, dövlət və özəl sektor əlaqələrinin dərinləşməsi ilə burada da cəmiyyətin ümumi mənafeləri naminə arzuedilən nəticələr əldə etmək mümkündür. Muxtar respublikamızda özəl bölməyə göstərilən dövlət dəstəyinin nəticəsidir ki, bu gün Naxçıvanda 372 növdə məhsul istehsal olunur, 344 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir. Yüksək texnologiyalar əsasında yaradılmış maşınqayırma, metallurgiya, kimya, mədənçıxarma, mebel, yüngül sənaye, qida və kənd təsərrüfatı təyinatlı çoxsaylı digər istehsal və xidmət sahələri daxili bazarın qorunması, xaricə valyuta axınının qarşısının alınması və əhalinin səmərəli məşğulluğunun təmin olunmasında öz sözünü deyir.
Əli CABBAROV