23 Dekabr 2024, Bazar ertəsi

Sənaye məhsulu istehsalının ildən-ilə artması muxtar respublikamızın iqtisadi təhlükəsizliyinin əsas şərtlərindən biridir. Məhz bu baxımdan milli iqtisadiyyatımızın hazırkı dövründə mövcud sənaye imkanlarından maksimum yararlanmaq, dinamik məhsul istehsalında dayanıqlılığı təmin etmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması qarşıda duran əsas vəzifələrdəndir. Regional inkişafa göstərilən bu diqqət ölkəmizin bütün bölgələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasında da sənayenin inkişafına şərait yaradıb.

Qeyd etmək lazımdır ki, muxtar respublika iqtisadiyyatında sənayenin dinamik inkişafına nail olunmasında ötən onilliklərdə aparılmış əsaslı islahatlar böyük rol oynayıb. Belə ki, 1995-2001-ci illərdə aparılmış məqsədyönlü tədbirlər nəticəsində region iqtisadiyyatında yaranmış durğunluq tamamilə aradan qaldırılıb, 2001-ci ildə sənayenin ümumi məhsulunun həcmi 1995-ci illə müqayisədə 1,7 dəfə artıb. Muxtar respublikanın blokada şəraitində olmasına, xammalın və materialın daşınması sahəsində çətinliklərə baxmayaraq, ötən yüzillikdə fəaliyyət göstərmiş bir çox fabrik və emal müəssisələrinin işləkliyi təmin olunub, onların maddi-texniki bazası müasir dövrün tələblərinə uyğun yenidən qurulub.

Muxtar respublikanın enerji təhlükəsizliyi sahəsində həyata keçirilən kompleks tədbirlər digər sənaye sahələri ilə yanaşı, hasil sənayesinin də diqqət mərkəzinə çevrilməsinə təkan verib. Nəticədə, muxtar respublikada daha çox ehtiyac duyulan tikinti materialları, o cümlədən dəmir-beton, kərpic, travertin, mərmər və digər istehsal sahələrinin fəaliyyətə başlaması, eyni zamanda bir sıra nadir tikinti məhsullarının dünya bazarına çıxarılmasını təmin edib. Sonrakı illərdə isə muxtar respublikada davamlı inkişafın təmin edilməsi, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması və bu istiqamətdə bütün cəhdlərin hərtərəfli dəstəklənməsi sahəsində mühüm tədbirlər həyata keçirilib, bu sahədə müxtəlif dövlət proqramları hazırlanıb. Bu proqramların icrasında da əsas məqsəd Naxçıvan Muxtar Respublikasında yerli təbii sərvətlərdən səmərəli istifadə etməklə hasil sənayesini inkişaf etdirmək, kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq, emal sənayesinin, xidmət və digər infra­struktur obyektlərinin, turizmin inkişafını təmin etmək, məşğulluğun səviyyəsini yüksəltmək və əhalinin güzəranını daha da yaxşılaşdırmaqdan ibarət olub. Uğurlu icraetmə mexanizminin tətbiqi nəticəsində bu gün muxtar respublika iqtisadiyyatında ciddi iqtisadi uğurlara nail olunub və sürətli inkişaf üçün güclü potensial formalaşıb.
Hazırda icrası davam etdirilən və 2014-2018-ci illərdə regionun sosial-iqtisadi inkişafını nəzərdə tutan dövlət proqramı, məhz bu potensialın həcmini daha da genişləndirməyi hədəf kimi müəyyənləşdirib. Belə ki, bəhs edilən bu dövlət pro­qramında sənayeləşmə siyasətinə uyğun olaraq muxtar respublikada yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən müəssisələrin yaradılması, dövlət əhəmiyyətli müəssisələrin fəaliyyətinin dəstəklənməsi, xarici və yerli investisiyaların cəlb edilməsi, özəl müəssisələrin fəaliyyətinə dəstək verilməsi, ixtisaslaşmış və ümumi təyinatlı sənaye parklarının yaradılması istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulub.
Məlumat üçün deyək ki, təkcə “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində muxtar respublika sənayesində 5,2 dəfə artım qeydə alınıb. Bu baxımdan 2014-2018-ci illəri əhatə edən dövlət proqramının uğurla başa çatdırılmasının muxtar respublika iqtisadiyyatına böyük töhfələr verəcəyini indidən təxmin etmək mümkündür. Bu ehtimalımıza əsas verən amillər sırasında son iki ildə eyni dövr üçün ayrıca götürülmüş sənaye məhsulu istehsalı həcminin ümumi daxili məhsulda tutduğu yerə nəzərən statistik rəqəmlərə nəzər salmaq kifayətdir. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin 2016-cı ilin 11 ayı üçün açıqladığı hesabatda qeyd olunur ki, muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə istehsal edilmiş 859 milyon 555 min 800 manat həcmində məhsul 2015-ci ilin müvafiq dövründəki göstəricini 1,9 faiz üstələyir. 2017-ci ilin ilk 11 ayında isə muxtar respublikada sənaye üzrə 879 milyon 800 min manat dəyərində məhsul istehsal edilib. Bu isə 2016-cı ilin müvafiq dövründəki göstəricini 1,2 faiz üstələyir. Analoji olaraq ötən il də sənaye sahəsi ümumi daxili məhsul istehsalında ilk yerlə birincidir.
İndi isə sənaye məhsulu istehsalı həcminin qeyd edilən dövrlərdə ümumi daxili məhsul istehsalında tutduğu yerə diqqət edək. Yuxarıda adıçəkilən dövlət komitəsinin məlumatında bildirilir ki, muxtar respublikada 2016-cı ilin yanvar-noyabr aylarında 2 milyard 251 milyon 910 min 900 manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu göstərici 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz çoxdur. 2017-ci ilin yanvar-noyabr aylarında isə 2 milyard 357 milyon 217 min 100 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz çoxdur. Deməli, 2017-ci ildə sənaye məhsulu istehsalının həcmi əvvəlki illə müqayisədə daha çoxdur. Bu isə ötən ildə həm yeni istehsal müəssisələrinin yaradılması, həm də mövcud müəssisələrin istehsal gücünün artırılması hesabına əldə edilən dinamikadır.
Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Həyata keçirilən tədbirlər, yeni emal müəssisələrinin fəaliyyətə başlaması sənaye sahəsində inkişafa əhəmiyyətli təsir göstərmişdir. Əvvəllər aqrar münasibətlərin üstünlük təşkil etdiyi muxtar respublikada artıq bir neçə ildir ki, ümumi daxili məhsulda istehsal həcminə görə sənaye ilk yeri tutur. Cari ildə də bu tendensiya qorunmuş, istehsal edilən sənaye məhsulunun həcmi kənd təsərrüfatı məhsulunun həcmini 2,3 dəfə üstələyərək 880 milyon manata yaxın olmuşdur”.
Buradan isə o nəticəyə gəlmək mümkündür ki, sənayeləşmə muxtar respublika iqtisadiyyatında üstün mövqeyini qoruyub saxlamaqda, eyni zamanda istehsalatda innovativ amillərin tətbiqinə öz töhfəsini verməkdədir.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR