Hər il olduğu kimi, 2017-ci ildə də sahibkarlıq fəaliyyəti dəstəklənərək, əlverişli biznes mühitinin yaradılması sahəsində tədbirlər davam etdirilib. Bu isə muxtar respublikanın istehsal potensialının daha da güclənməsinə gətirib çıxarıb.
O da vurğulanmalıdır ki, düzgün kreditləşmə siyasəti olmadan sahibkarlıqda dayanıqlı fəaliyyəti təmin etmək mümkün deyil. Hazırda muxtar respublikada kreditlər üzrə tətbiq edilən faiz dərəcələrinin ən aşağı səviyyədə olması muxtar respublikanın kredit bazarında canlanma yaradıb. Bu iş ötən il də davam etdirilərək sahibkarlara 8 milyon 664 min manatdan çox kreditlər verilib, 60 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb, daha 36 hüquqi və 2015 fiziki şəxs dövlət qeydiyyatına alınıb.
Yaradılmış belə əlverişli şəraitin nəticəsidir ki, bu gün muxtar respublikada 368 növdə məhsul istehsal olunur, 344 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir.
Xəbərlər şöbəsi