23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsində əhaliyə sərnişin­daşıma xidməti göstərən sürücülərin iştirakı ilə seminar-müşavirə təşkil olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin Nəqliyyatda əlaqələndirmə və lisenziyalaşdırma şöbəsinin müdiri Yasin Əliyev, Nəqliyyat müfəttişliyi və təhlükəsizlik şöbəsinin müdiri Elxan Novruzov və Nəqliyyatda təhlükəsizlik və fövqəladə hallar sektorunun müdiri Əsgər Əhmədov çıxış edərək bildiriblər ki, bu gün muxtar respublikada nəqliyyat sahəsinin inkişafı diqqət mərkəzindədir. Sərnişindaşıma fəaliyyəti göstərən avtonəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılması üçün maarifləndirmə işi aparılır, ucqar dağ və sərhəd kəndlərində işləyən marşrut avtobuslarının fəaliyyətinə ciddi nəzarət olunur.
Qeyd edilib ki, ötən müddət ərzində Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinin maddi-texniki bazası daha da möhkəmlənib, beynəlxalq standartlara uyğun yüksəkkeyfiyyətli, iritutumlu avtobuslar gətirilərək sərnişinlərin istifadəsinə verilib. Belə ki, 2014-2017-ci illər ərzində müxtəlif xarici markalı avtobus və mikroavtobuslar, habelə 13 ədəd “Naz Lifan” markalı taksi avtomobili alınaraq idarənin balansına verilib.
Vurğulanıb ki, əhaliyə göstərilən taksi xidmətinin vəziyyəti xüsusilə nəzarətdə saxlanılır, taksi sürücüləri ilə mütəmadi olaraq maarifləndirmə işləri aparılır, onların geyim formasına, istifadə etdiyi avtomobilin təmizliyinə, sərnişinlərlə rəftarına, tarif qiymətlərinə əməl etmələrinə, məxsus olduqları zona hüdudlarındakı fəaliyyətlərinə daim nəzarət olunur. Taksi sürücüləri muxtar respublikanın turizm mərkəzlərini, muzeylərini, milli mədəniyyət abidələrini özündə əks etdirən turist xəritələri, müxtəlif bukletlərlə təmin edilir, mütəmadi olaraq muzeylərdə sürücülərin iştirakı ilə məlumatlandırma tədbirləri həyata keçirilir.
Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinin rəis əvəzi İlkin Məmmədov çıxış edərək bildirib ki, ötən il ərzində 8 yeni iş yeri açılıb, 3 nəfər qadın taksi sürücüsü işlə təmin olunub. Hazırda 4 nəfər qadın taksi sürücüsü kimi fəaliyyət göstərir. Onlara köməklik göstərilməsi və qadın sürücülərin bu sahəyə cəlb edilməsi işinə diqqət daha da artırılacaq.
Sonra qadın sürücülərə idarə adından “Naxtel CDMA” mobil telefonları və vizit kartları təqdim olunub.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR