23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada daxili bazarı yüksəkkeyfiyyətli yerli məhsullarla təmin edən müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Hilal” ət və ət məhsullarının emalı müəssisəsidir.

Müəssisənin rəhbəri Fikrət Əliyarovla söhbət zamanı dedi ki, insanı sağlam, daxilən güclü saxlayan zəhmətdir, işgüzarlıqdır. Hədər yerə deyilməyib ki, zəhmət çəkənin ruzisi bol olar. Bu hikmətli ifadəni əldə rəhbər tutaraq “Hilal” ət və ət məhsulları müəssisəsini yaradıb, məhsul istehsalına başladıq. Onu da deyim ki, bugünkü səviyyəyə gəlib çatmaq heç də asan olmadı. Belə ki, 2000-ci ildə müəssisə üçün bina icarəyə götürdük. Lakin həmin binada müasir istehsal sahələrinin yaradılması və əlavə işçi qüvvəsinin cəlb edilməsi imkanı məhdud olduğundan yeni binanın inşası zərurəti yarandı.
Naxçıvanda sahibkarlar üçün geniş imkanların yaradıldığını vurğulayan həmsöhbətim dedi ki, digər sahibkarlar kimi, o da dövlət qayğısından bəhrələnib. 2009-cu ilin mart ayında müəssisə üçün torpaq sahəsi ayrılaraq layihəyə uyğun tikinti işləri aparılıb. İstehsal sahəsi, hazır məhsulların hisə verilməsi üçün sobalar, xammal və məhsulların saxlanılması üçün soyuducu anbar, laboratoriya, yeməkxana və digər yardımçı otaqlardan ibarət olan inzibati bina 2010-cu ilin mart ayında istifadəyə verilib. Müxtəlif çeşiddə daha keyfiyyətli ət məhsulları istehsal etmək məqsədilə müasir texnoloji avadanlıqların alınması üçün 2011-ci ilin fevral ayında Sahibkarlığa Kömək Fondundan 120 min manat güzəştli kredit ayrılıb. Həmin vəsait hesabına İspaniyanın “Fatosa”, Almaniyanın “Handtmann” və “POLY-Clip” firmalarından istehsal gücü saatda 3 ton olan müasir avadanlıqlar alınıb quraşdırılıb, istehsal prosesi tam avtomatlaşdırılıb.
Öyrəndik ki, müəssisədə istehsal prosesi mərhələli şəkildə həyata keçirilir. Belə ki, ilk olaraq ət laboratoriyada analiz edilir, daha sonra istehsala buraxılır. Mənfi 20 dərəcəyədək dondurulmuş ət avtomatik üsulla tikələrə bölünüb üyüdülür. Reseptə uyğun olaraq hazırlanan ət məhsulu təbii bağırsağa və ya süni qılaflara doldurulub, ayrı-ayrı hissələrə bölünərək sancaqlanır. Sonrakı mərhələdə termokamerada qurudulub bişirilərək hisə verilir. Hazır məhsul laboratoriyada analizdən keçirildikdən sonra satışa çıxarılır. Xammal soyuducu anbarda mənfi 18 dərəcədə, hazır məhsul isə müsbət 8-10 dərəcədə xüsusi kameralarda saxlanılır.
Bütün göstəriciləri ilə seçilən yerli məhsul artıq xaricdən idxal olunan keyfiyyətsiz məhsulları bazardan sıxışdırıb çıxarır. Elə ayrı-ayrı ticarət şirkətlərindən alınan sifarişlər də dad-tamı ilə seçilən bu yerli məhsula tələbatın çox olduğunu göstərir. Daxili bazarı yüksəkkeyfiyyətli məhsullarla təmin edən müəssisədə 2015-ci ildə “Qəlyanaltı” adı ilə əla növ sosiska istehsalına başlanılıb. Ümumilikdə, burada 15 çeşiddə yüksək­keyfiyyətli bişmiş, hisə verilmiş kolbasa, sosiska və sardelka istehsal edilərək “Hilal” əmtəə nişanı ilə satışa çıxarılır. Nəfis tərtibatlı xüsusi paketlərdə ayrı-ayrı ticarət obyektlərində istehlakçılara təqdim olunan məhsulların üzərində tərkibi, saxlanma şəraiti, istehsal tarixi və saxlanma müddəti göstərilir ki, bu da ərzaq məhsullarının istehsalında vacib amillərdən biridir. Müəssisə həm də işsizliyin aradan qaldırılmasına öz töhfəsini verib. Belə ki, hazırda burada 12 işçi çalışır. Onlar üçün gözəl iş şəraiti yaradılıb, yüksək əməkhaqqı ilə təmin olunublar.
Bəli, ət və ət məhsulları bu gün hər birimizin süfrəsini bəzəyir. Xüsusən də qış aylarında bu təamlardan dadmaq arzu­olunandır. Naxçıvanda fəaliyyət göstərən, xüsusi sanitariya qaydalarına riayət olunan müəssisələrin məhsullarını seçsək, həm də sağlamlığımızı qorumuş olarıq. Bu mənada, “Hilal” əmtəə nişanı ilə satışa çıxarılan məhsullardan istifadə etmək məqsədə­uyğundur.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR