Ordubad rayonunun quruculuq xəritəsi hərtərəfli dövlət qayğısı hesabına ildən-ilə genişlənir. Hazırda Ordubad Rayon Rabitə İdarəsi üçün yeni binanın tikilməsinə başlanılıb. İnşaat işləri Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsi tərəfindən həyata keçirilir.
İlkin olaraq binanın tikiləcəyi ərazidə torpaq işləri başa çatdırılıb, fundament qazılıb, qəlib-beton işləri üçün hazırlıqlar aparılıb. Sonrakı mərhələdə qəlib-beton işlərinə başlanılıb. Hazırda bu işlər sürətlə davam etdirilir.Yeni bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq. Zirzəmi hissədə server otağı, qazanxana, mətbəx, yeməkxana, elektrik və təsərrüfat otaqları, qarderob yerləşəcək. Birinci mərtəbədə mühəndis, bağlama və çeşidləmə otaqları, Naxtel müştəri xidmətləri bölməsi və xidməti zal fəaliyyət göstərəcək. İkinci mərtəbədə arxiv və xidməti otaqlar, üçüncü mərtəbədə isə ATS, 50 yerlik iclas zalı və digər iş otaqlarının salınması nəzərdə tutulub.
Qeyd edək ki, son illərdə muxtar respublikada rabitə və yeni texnologiyaların tətbiqi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu sahədə maddi-texniki bazanın gücləndirilməsi müxtəlif yaşayış bölgələrində də poçt və rabitə xidmətlərinin lazımi şəkildə təşkilinə şərait yaradıb. Ordubadda rayon Rabitə İdarəsi üçün də yeni binanın tikilməsi bölgə əhalisinin poçt və rabitə xidmətlərindən hərtərəfli şəkildə yararlanmasına öz töhfəsini verəcəkdir.
Səbuhi Hüseynov