Bu gün muxtar respublikamızda ulu öndər Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi nəticəsində bölgəmiz başdan-başa gülüstana dönübdür. Bunu bağlar diyarı Ordubad rayonunun timsalında da görmək olar. Belə ki, bu qədim yurd yeri son illər muxtar respublikada həyata keçirilən kompleks quruculuq tədbirləri hesabına müasir Azərbaycan rayonunun canlı nümunəsinə çevrilib. Ordubadda belə tədbirlər hazırda da davam etdirilir.
Cari ildə isə rayonun Üstüpü kəndində tikinti-quruculuq tədbirləri aparılır. Əvvəlcə onu qeyd edək ki, bu yaşayış məntəqəsi, eləcə də Üstüpü kənd inzibati ərazi dairəsinə daxil olan Məzrə kəndi rayonun ən səfalı guşələrindəndir. Rayon mərkəzindən 36-40 kilometr şimal-qərbdə yerləşən bu yurd yerlərini Ordubad rayonunun digər yaşayış məskənlərindən fərqləndirən əsas cəhət sözügedən hər iki kəndin ən məhsuldar torpaqlarda yerləşməsi və əlverişli iqlim şəraitinə malik olmasıdır. Etiraf edilməlidir ki, ordubadlılar kənd təsərrüfatı məhsullarını almaq üçün bazara gedərkən min bir dərdin dərmanı olan balın, eləcə də kartofun, kələmin, lobyanın, cəvizin Üstüpü və Məzrə kəndlərində yetişdirilib-yetişdirilmədiyi ilə maraqlanırlar. Belə ki, Üstüpü və Məzrə kəndlərində yetişdirilən belə məhsullar öz dad-tamı ilə şöhrət tapıb.
Bu günlərdə biz də Üstüpü kəndində olduq. Ordubad-Naxçıvan magistral avtomobil yolunun Düylün kəndi istiqamətində yenilik ab-havasını duymağa başladıq. Belə ki, Düylün kəndindən Məzrəyədək olan avtomobil yolu yenidən qurulurdu. Culfa Rayon Yol Təmir-İstismar İdarəsinin rəisi Yaşar İbrahimovdan öyrəndik ki, 20 kilometr uzunluğunda sərt qayalıqlar arası ilə çəkilən yolun eni 7 metrdir. Bu yolun artıq birinci qat asfaltlaşdırılma işi başa çatdırılıb. Hazırda yolun ikinci asfalt qatı salınır. Yol çəkilərkən bir çox yerlərdə istinad divarları ucaldılıb, qar və yağış sularının axıb getməsi üçün suayırıcı kanallar salınıb, 10 körpüdə əsaslı surətdə yenidənqurma işləri aparılıb.
Ucqar dağ kəndi olan Üstüpüdə isə bir neçə aydır ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin inşaatçıları tam orta məktəb binasının, kənd və xidmət mərkəzlərinin tikintisi ilə məşğuldurlar. 340 şagird yerlik məktəb binasının bir korpusu zirzəmi ilə birlikdə dörd mərtəbədən, iki korpusu isə üç mərtəbədən ibarətdir. İdarə rəisi Əkrəm Salmanovun sözlərinə görə, yeni məktəb binasında kimya, biologiya və fizika laboratoriyaları, elektron lövhəli sinif, kompüter otağı, hərbi və şahmat kabinələri, işıqlı sinif otaqları, idman zalı və bufet yerləşəcəkdir. Hazırda binanın daxilində suvaq işləri aparılır.
Kənd mərkəzi isə üçmərtəbəlidir. Burada da əsas tikinti işləri başa çatdırılıb, qapı və pəncərələr salınıb, kommunikasiya xətləri çəkilib.
İnşası davam edən xidmət mərkəzi isə birmərtəbəli olmaqla, burada sənaye və təsərrüfat malları mağazaları, bir neçə xidmət sahəsi fəaliyyət göstərəcəkdir.
Binanın ətrafını gəzərkən bir qrup inşaatçının yaxınlıqdakı sahənin abadlaşdırılması işi ilə məşğul olduğunu gördük. Öyrəndik ki, hazırda burada meyvə ağacları əkiləcək sahənin hamarlanması və daş-çınqıldan təmizlənməsi işləri aparılır.
Üstüpüdən ayrılarkən Düylün kəndi ərazisində də inşaat işlərinin getdiyinin şahidi olduq. Öyrəndik ki, kənddə xidmət məkəzi üçün bina tikilir. Son illər Düylün kəndində digər infrastruktur layihələri gerçəkləşdirilsə də, xidmət mərkəzinə ehtiyac var idi.
Yazımızda Ordubad Rayon Qaz İstismar İdarəsinin, Elektrik Şəbəkəsinin və Rabitə İdarəsinin kollektivlərinin gördükləri işlərdən də söhbət açmaq istərdik. Avtomobil yolunun genişləndirilməsi və yeni inşa olunan binalara kommunikasiya xətlərinin çəkilməsi ilə əlaqədar bu idarələrin kollektivləri də səylə çalışırlar.
Yaxın günlərdə abadlaşan, gündən-günə gözəlləşən Ordubadın simasında daha bir yeniliyin şahidi olacağıq. Belə ki, rayonun yeniləşən yaşayış məntəqələrinin sırasına Üstüpü kəndi də daxil olacaq.
Abbas SEYİD