23 Dekabr 2024, Bazar ertəsi

“D-adlı qaymaq” bu tələbatın dolğun ödənilməsi üçün çalışır

Ölkəmizdə, eləcə də muxtar respublikamızda sahibkarlığın inkişafına dövlət tərəfindən göstərilən qayğı əlverişli biznes mühitinin yaradılması üçün geniş imkanlar açıb. İqtisadi siyasətin prioritet sahələrindən olan sahibkarlığın inkişafı istiqamətində ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, bu sahəyə dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, maarifləndirmə və bir sıra kompleks tədbirlər həyata keçirilir. Məhz bütün bunların nəticəsi kimi, bu gün muxtar respublikada sahibkarlıq inkişaf dinamikasına malikdir və özəl sektor öz məhsulları ilə daxili bazara töhfələrini verir. Son illər yaradılan istehsal müəssisələrinin əksəriyyəti əhalinin keyfiyyətli ərzaq təminatına xidmət edir. Belə müəssisələrdən biri də ötən il avqustun 26-da fəaliyyətə başlayan “D-adlı qaymaq” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Adıçəkilən müəssisə Naxçıvan şəhərinin Əliabad qəsəbəsində fəaliyyət göstərir. Ötən günlərdə yolumuzu həmin ünvandan salıb, buradakı iş prosesi ilə tanış olduq. Müəssisənin rəhbəri Elşad Məmmədov söhbət zamanı bildirdi ki, kütləvi qidalanma üçün əsas etibarilə inək südündən istifadə olunur. Belə süddə orqanizm üçün lazım olan bütün mineral maddələr həll olmuş vəziyyətdə toplandığından asan və yaxşı mənimsənilir. Süd və süd məhsullarını heç nə ilə əvəz etmək olmaz. Xüsusən uşaqlar, xəstələr və yaşlı adamlar üçün onlar çox faydalıdır. Başqa sözlə, süd təbiətin “bişirdiyi xörək”dir. Süd üçün iştaha lazım deyil, halbuki başqa qidalar iştahasız həzm olunmur, onun həzm edilməsi də çox rahatdır.

O qeyd etdi ki, süd və süd məhsullarına olan tələbatı nəzərə alaraq ötən il yeni müəssisə yaratmağa qərar verdik. Müəssisənin yaradılması məqsədilə biznes-plan hazırlayıb Sahibkarlığa Kömək Fonduna təqdim etdik. Fond tərəfindən ayrılan maliyyə dəstəyi müəssisənin sonrakı fəaliyyətinə stimul oldu. Müəssisə üçün ayrılmış ərazidə layihəyə uyğun olaraq istеhsаl sahəsi, хаmmаl və hаzır məhsullаrın sахlаnılmаsı üçün sоyuducu аnbаr, lаbоrаtоriyа, iаşə хidməti göstərilməsi üçün yеməkхаnа və digər yаrdımçı оtаqlаrdаn ibаrət yeni binа inşa olundu.
Sahibkar onu da vurğuladı ki, xammal əldə edilən fermalarda müəssisə əməkdaşları tərəfindən sanitariya vəziyyəti, heyvanların sağlamlığı və yemlənmə şəraitinə də xüsusi fikir verilir. O fermalara üstünlük verilir ki, burada inəkləri sağdıqda, südü saxladıqda, daşıdıqda, emal etdikdə və payladıqda südə mikrob düşməsinə və onun çirklənməsinə yol verilmir. Heyvanların yemi və dərisi, işçilərin əlləri və paltarı təmiz olur, qablar qaynar qələvi məhlul ilə yuyulub, sonra xlorlu əhəng məhlulu ilə dezinfeksiya edilir. Təzə sağılmış süd süzgəcdən keçirilir. Eləcə də sağıcı­ların və südlə təmasda olan digər şəxslərin sağlamlığı və şəxsi gigiyenasına nəzarət edilir.
İnsan orqanizmi üçün vacib elementlərlə zəngin olan 100 faiz təbii süddən xama, pendir, qatıq, ayran, dovğa istehsal olunan bu müəssisədə istehsal prosesi təkmilləşdirilib, daxili bazarın tələbatına uyğun olaraq yeni çeşiddə süd məhsulları “Epi” əmtəə nişanı ilə bazara çıxarılıb. İstehsal sahəsində istifadə olunan avadanlıqlar Türkiyədən gətirilib. Gündəlik istehsal gücü 10 tona çatan müəssisədə istehsal avtomatlaşdırılıb, sanitar-gigiyenik qaydalara ciddi əməl olunur. Müəssisənin məhsullarının vaxtında və keyfiyyətli şəkildə satış mərkəzlərinə çatdırılması diqqətdə saxlanılır. Bu məqsədlə “İsuzu” markalı soyuducu maşınlarından istifadə edilir.
Qeyd edək ki, müəssisənin fəaliyyətində qarşıya qoyulan məqsəd əhalini yüksəkkeyfiyyətli, ekoloji cəhətdən təmiz təbii məhsullarla təmin etmək və idxalın qarşısını almaqdır. İstehsal edilən məhsulların keyfiyyətini artırmaq üçün muxtar respublikanın bölgələrində heyvandarlıqla məşğul olan fermerlərlə əlaqələr yaradılır, yerli xammaldan istifadə edilir. Müəssisə gələcəkdə istehsalın həcmini daha da artırmağı qarşısına məqsəd qoyub. Əməkdaşlar tərəfindən tez- tez istehlakçılarla da əlaqələr yaradılır, alıcı məmnuniyyətinin səviyyəsi nəzarətdə saxlanılır, onlar tərəfindən məhsulların keyfiyyəti ilə bağlı göstərilən iradlar müzakirəyə çıxarılır, mövcud problemlər qısa zamanda aradan qaldırılır.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR