23 Dekabr 2024, Bazar ertəsi

Bütün dünyada vahid beynəlxalq poçt qaydalarının müəyyən edilməsi 1874-cü ilin 9 oktyabr tarixində Ümumdünya Poçt İttifaqının yaradılması ilə mümkün olmuşdur. Həmin tarix 1969-cu ildə Yaponiyada keçirilmiş Ümumdünya Poçt İttifaqının Konqresində qəbul edilmiş qərarla hər il Ümumdünya Poçt Günü kimi qeyd olunur.
Ölkəmizdə rabitə və informasiya texnologiyalarının inkişafı tarixinə qısaca nəzər salsaq, görərik ki, bu inkişafın təməli ötən əsrin 70-ci illərindən qoyulmuşdur. 1969-cu ildən başlayaraq ümummilli liderimiz ­Heydər Əliyevin rəhbərliyi ilə bu sahədə əsaslı dəyişikliklər baş vermiş, o dövrün tələblərinə uyğun poçt və rabitə sistemi yaradılmışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra isə ulu öndərin rəhbərliyi ilə poçt sistemi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Naxçıvan Muxtar Respublikasının poçt-rabitə sistemi də özünəməxsus inkişaf yolu keçmişdir. Naxçıvanda ilk poçt ekspedisiyası hələ 1828-ci ildə yaradılmış, 1864-cü ildə Tiflis-Naxçıvan teleqraf xətti çəkilmişdir. 1918-ci ildə Naxçıvan şəhərində ilk poçt kontoru açılmış, 1927-ci ildə isə Ordubad, Culfa, Şərur poçt-teleqraf şəbəkələri və Naxçıvan şəhərində Poçt-Teleqraf Agentliyi yaradılmışdır. 1996-cı ildən başlayaraq Naxçıvanda poçt xidmətlərinin keyfiyyəti mərhələ­-mərhələ yüksəldilmiş, bu sahənin texniki imkanları genişləndirilmişdir. Ötən dövrdə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində poçt müəssisələri bütün növ xidmətlərin təşkili üçün müasir texnologiyalarla təmin edilmiş, xidmətin səviyyəsi yüksəldilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvanpoçt Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” 2013-cü il 30 iyul tarixli Sərəncamı isə bu sahədə görüləcək işlərin miqyasını daha da genişləndirmişdir.

Muxtar respublikada son illər rabitə sahəsində gedən sürətli inkişaf, fiber-optik xətlərinin çəkilməsi, yüksəksürətli kompüter şəbəkələrinin yaradılması poçt sahəsində də xidmətlərin müasir tələblərə uyğun qurulmasına şərait yaradır. Əhaliyə göstərilən xidmətlərin yüksək səviyyədə təşkili məqsədilə həyata keçirilən tikinti-quruculuq işləri nəticəsində, demək olar ki, bütün poçt bölmələri yeni tikilən binalara köçürülüb, keyfiyyətli xidmət üçün lazımi şərait yaradılıb. Hazırda muxtar respublika ərazisində 1 mərkəzi poçt şöbəsi, 7 rayon poçt filialı və 165 poçt bölməsi fəaliyyət göstərir. 160 poçt bölməsi Məlumat Hesablama Mərkəzinin şəbəkəsinə qoşulub. Poçt məntəqələrində telefon, elektrik, qaz, sudan istifadə haqlarının, Yeni Azərbaycan Partiyasının üzvlük haqlarının, Dövlət Sosial Müdafiə Fondunun ödənişlərinin, “Finca” Qeyri Bank Kredit Təşkilatının kredit borclarının, bələdiyyə ödənişlərinin, Dövlət Yol Polisinin cərimələrinin qəbulu həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin tərkibində yaradılan yeni Naxtel 4G mobil operatoru ilə müqavilə bağlanılıb, nömrələrin və danışıq kartlarının satışı poçt şöbə və bölmələri tərəfindən həyata keçirilməsi təşkil olunub. Hökumət Ödəniş Portalının şəbəkəsinə qoşulmaqla Azərbaycan Respublikası üzrə bank, maliyyə, vergi və sair kimi 17 təşkilatın ödənişlərinin qəbulunun poçt məntəqələrində həyata keçirilməsi təmin olunub. Poçt məntəqələrində nağdsız ödənişlərin təşkili üçün 155 ədəd POS-terminal qoyulub.
Texnologiyanın inkişaf tempi elektron imzadan istifadəyə də tələbatı artırıb. Çünki elektron imzadan istifadə vaxta qənaət etməyə imkan yaratdığı qədər həm də harada olmasından asılı olmayaraq, istənilən sənədi imzalayaraq istənilən məsafəyə tam təhlükəsiz olaraq göndərməyə imkan verir. Bundan başqa, fiziki və ya hüquqi şəxslər müəyyən elektron xidmətlərdən hər hansı sayt üzərindən istifadə etmək üçün elektron imzadan yararlana bilirlər. Bunun üçün Naxçıvan şəhərində server, kompüterlər, kart və pin kodların çapı üçün printerlər qoyulub, əməliyyat zalında ərizələrin qəbulu üçün bölmə yaradılıb. İnsanların bu xidmətə olan tələbatını ödəmək məqsədilə elektron imza kartının mərkəzi poçt şöbələrində verilməsi təşkil edilib.
Naxçıvan şəhərində qaz və elektrik sayğaclarının daha təkmil olan smartkartlı sayğaclarla dəyişdirilməsinə başlanılıb. Poçt bölmələrində həmin kartların yüklənməsi işi təşkil olunub. Bunun üçün Naxçıvan Şəhər Rabitə İdarəsinin texniki binasında server qoyulub, şəbəkəyə qoşulub, Naxçıvan şəhərində 15 poçt məntəqəsində yeni kompüterlər, kart oxuyucuları qurulub, elektrik və qaz təsərrüfatı ilə məşğul olan idarələrdəki kompüterlər də həmin şəbəkəyə qoşulub. Həmin serverlərə “Naxçıvanpoçt” MMC-nin mühəndisləri tərəfindən xidmət edilir.
Həmçinin yeni texnologiyaların tətbiqi telefon və kommunal ödənişlərin internet üzərindən də həyata keçirilməsinə şərait yaradır və bu göstərici ilbəil artır.
Naxçıvan Muxtar Respublikasında 2016-cı ilin dekabr ayından “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində “İtirilmiş Əşyaların Sahibinə Çatdırılması Xidməti” fəaliyyətə başlayıb. Bu xidmət heç bir rüsum tələb edilmədən tam humanitar məqsədlə yaradılıb. Vətəndaşlar “Naxçıvanpoçt” MMC-nin www.naxcivanpoct.az internet saytında yerləşdirilmiş “İtirilən əşyaların qeydiyyatı” bölməsində fərdi qaydada tapdıqları, yaxud axtardıqları əşyalar haqqında məlumatı yerləşdirə bilərlər. Tapılan əşya poçt xidməti vasitəsilə sahibinə çatdırılır.
Bu gün muxtar respublikanın şəhər və kəndlərində quruculuq işləri aparılarkən poçt sahəsinin maddi-texniki bazası möhkəmləndirilir, yeni rabitə evləri və poçt bölmələri istifadəyə verilir, xidmətin səviyyəsi yüksəldilir. Bundan başqa, Naxçıvanda beynəlxalq poçtdaşımalarının həyata keçirilməsi üçün “Express Mail Servis” və “DHL” beynəlxalq ekspress poçt xidmətləri fəaliyyət göstərir. Bu da məktubların, sənədlərin və bağlamaların ən qısa zamanda ünvana etibarlı çatdırılmasını təmin edir. Eyni zamanda göndərişlərin hansı məntəqədə olduğunun internet üzərindən izlənməsinə imkan yaradır. Yaşadığımız XXI əsrin texnika və texnologiyaların yüksək mərhələsi və sürət əsri olduğu, əhalinin müasir poçt xidmətlərinə tələbatı nəzərə alınaraq Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyində poçt xidmətlərinin dünya standartları səviyyəsinə uyğunlaşdırılması məqsədilə müvafiq tədbirlər ardıcıl şəkildə davam etdirilir.
“Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi bundan sonra da səylə çalışacaq, yaradılan şəraitdən səmərəli istifadə edərək muxtar respublika sakinlərinə nümunəvi xidmət göstərəcək.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR