23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında da meliorasiya və irriqasiya sistemlərinin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. 

Son illər meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarma şəbəkələrinin genişləndirilməsi, su sistemlərində təmir-bərpa işlərinin görülməsi, içməli su təminatının yaxşılaşdırılması sahəsində kompleks tədbirlər görülmüşdür. Bu ilin 9 ayı ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin tabe təşkilatları tərəfindən 194 kilometr beton və torpaq kanal, 353 kilometr ara arxlar, 33 kilometr kollektor lildən təmizlənmiş, 5 kilometr yeni açıq drenaj kanalı qazılmış, 2 kilometr yeni qapalı drenaj xətti, 53 kilometr suvarma boru xətti və 6 kilometr yeni içməli su xətti çəkilmişdir.
Naxçıvan Muxtar Respublikası ərazisində suvarılan torpaq sahələrinin genişləndirilməsi, yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, su itkisinin qarşısının alınması üçün Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 400 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilərək 4050 metr əsas və 36 kilometr paylayıcı boru xətləri çəkilmişdir. Şəbəkə üzərində 2 tənzimləyici siyirtmə, müxtəlif diametrli 67 paylayıcı siyirtmə, 368 supaylayıcı hovuz, 368 hidrant quraşdırılmışdır.

Yaşayış məntəqələrini və əkin sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə Şərur rayonunun Arpaçay selovunda ­ 6 kilometr, Babək rayonunun Naxçıvançay vadisində 7, Cəhriçay vadisində 7, Qahab selovunda isə 3 kilometr selə qarşı istiqamətləndirici bənd tikilmişdir. Babək rayonunun Payız kəndində yenidənqurma işləri ilə əlaqədar olaraq kəndin içərisindən keçən Cəhri çayının hər iki sahilində 1500 metr selə qarşı bənd çəkilmişdir.
“Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Naxçıvan şəhərində çirkab sutəmizləyici qurğunun tikintisi davam edir. Şərur rayonunda tutumu 7500 kubmetr olan 1 və hər birinin tutumu 10 min kubmetr olan 2 su anbarı izolyasiya olunmuş, ətrafı doldurulmuş və siyirtmə quyuları tikilmişdir. Layihə çərçivəsində Şərur rayonunda, ümumilikdə, 58 kilometr su xətti çəkilmiş, 1539 ev birləşməsi aparılmışdır. Şahbuz rayonunda Şahbuz şəhər çirkab sutəmizləyici qurğunun ətrafında 220 metr istinad divarı tikilmiş, hovuz ətrafında 180 metr drenaj xətti çəkilmişdir. Ordubad rayonunda isə 18 ədəd subartezian quyusu qazılmışdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və
Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR