23 Dekabr 2024, Bazar ertəsi

Şahbuz rayonu Naxçıvanın təbiət muzeyidir. Rayonun zəngin flora və faunası, təmiz havası, saf suyu, min bir dərdin dərmanı olan meyvələri vardır. Xüsusilə də payız fəslinin bu bərəkətli çağında Şahbuzun meyvə bağları, el dilində desək, “adamın üzünə gülür”. Özünəməxsus dadı, müxtəlif çeşidləri ilə seçilən alma, cəviz, badam, armud, ərik, üzüm və bu kimi meyvələr Şahbuz bağlarının bəzəyidir. Mövsümün bu vədəsində Şahbuza yolu düşən hər kəs bu əvəzsiz təamları dada bilər. 

Şahbuz kəndlərində hər həyətdə meyvə ağacları vardır. Bu meyvə ağacları içərisində ruzi-bərəkət rəmzi sayılan cəviz özünəməxsus yer tutur. Rayonda yetişdirilən “kətanköynək cəviz”, “suqrayı cəviz”, “nazikqabıq cəviz”, “daş cəviz”, “kövrək cəviz”, “püstəqabıq cəviz”, “badamı cəviz”, “yağlı” və “yağsız” cəviz sortları süfrələrin bəzəyinə çevrilib. Keyfiyyətinə, dadına görə bu məhsullara üstünlük verənlər çoxdur. Son illər dövlətin meyvəçiliyə ayırdığı diqqət bu rayonda da özünü qabarıq göstərib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin meyvəçiliyin inkişafı ilə bağlı qəbul etdiyi dövlət proqramları cəviz əkininə marağı daha da artırıb. Hazırda dövlət qayğısı sayəsində Şahbuz rayonunda yeni-yeni cəviz bağları salınır. Təkcə ötənilki payız iməciliklərində rayonun İşgəsu massivindəki 3 hektarlıq ərazidə yeni cəviz bağı salınıb, 1100 cəviz tingi əkilib.

Cəviz ağacı ata-babamızdan ruzi-bərəkət, bolluq nişanəsi kimi bizə miras qalıb. Yəni cəviz təkcə quru meyvə deyil, həm də böyük mənəvi gücə malikdir. El arasında belə bir deyim var: “5-6 cəviz bir çörəyi əvəz edir”. Cəviz xalq təbabətində geniş istifadə olunur. İnsan beyninin kiçik formasını xatırladan cəviz vitamin və proteinlərlə zəngindir. O, qandakı xolesterinin səviyyəsini azaldır, ürək döyüntüsünü tənzimləyir. Onun tərkibindəki maddələr immuniteti gücləndirir, qan-damar sistemini stabilləşdirir, ürək xəstəlikləri riskini azaldır. Cəvizin meyvəsinin içində el arasında “qərzək” adlanan nazik qabığı olur ki, hələ qədimdən onu dəmləyib içmək böyrək daşlarının təmizlənməsində əhəmiyyətli vasitə olub.
Şahbuz rayonunun Ağbulaq, Gömür, Kükü, Biçənək, Külüs, Keçili, Nursu və digər kəndləri cəviz bağlarının və yetişdirilən müxtəlif cəviz sortlarının çoxluğu ilə seçilir. Yazını hazırlayarkən bu kəndlərin bəzilərini gəzib cəvizin toplanması, saxlanması və məişətimizdəki yeri ilə bağlı sakinlərin fikirlərini öyrəndik. Qızıl və Güney Qışlaq kəndlərində cəviz ağacı əkilməyən həyətə, demək olar ki, rast gəlmədik. Hər həyətdə 4-5 cəviz ağacı var. Kənd əhalisinin böyük hissəsi güzəranını bu meyvədən çıxarır, onu toplayır, satır, evinə ruzi aparır. Adətən, cəviz tinglərinin xüsusiyyəti belədir ki, əkiləndən 10-15 il sonra məhsul əldə edilir. Amma Qızıl Qışlaq kəndində xüsusi bir cəviz növü var ki, bir yaşında bar verir. Kənddə yaşlı cəviz ağacları üstünlük təşkil edir. Sakinlərin dediklərinə görə, onlar o qədər böyükdür ki, çırpmaq mümkün deyil, yalnız külək əsəndə və yağış yağanda öz-özlüyündə meyvələri tökülür. Kənddə yeni cəviz sortları da əldə edilib. Onlar həm çox böyümür, həm də məhsuldar olur. Həmçinin kənddə yetişən “salxım cəviz” adlanan cəviz növü üzüm salxımını xatırladır və çox barlıdır. Bundan əlavə, burada “qırğı cəviz”, “yastı cəviz” adlandırılan cəviz sortları tərkibinin vitaminlə zənginliyi baxımından əhəmiyyətlidir.
Maraqlıdır ki, bu kənddə əhalinin “Cəviz piri” adlandırdığı bir yer var. Kənddə əkilən ilk cəviz ağacının yaxınlığında yerləşən bu pir kənd sakinləri üçün çox müqəddəs bir yerdir. Ümumiyyətlə, cəviz ağacı keçmişdən bu günə qədər müqəddəslik rəmzi sayılıb. El arasında belə deyilib ki, soyuqda qalsan da, gərək cəviz ağacını kəsməyəsən. Cəvizlə bağlı yaranan deyimlər, inanclar əsrlərdir ki, məişət mədəniyyətimizə, folklorumuza ayaq açıb: “Cəviz ağacı olan yerdə aclıq olmaz”, “Cəviz ağacı el ağacıdır, hər kəs üçündür”.
Məlumdur ki, cəvizdən həm də milli mətbəximizin çeşidli təamlarının hazırlanmasında istifadə olunur. Qızıl Qışlaq kəndinin sakini Zibayət ­Göyüşova milli mətbəximizdə cəvizin tutduğu yerdən danışdı: “Kəndimizdə belə bir adət var ki, Novruz bayramında süfrəyə düzülən şirniyyatların demək olar ki, hamısında cəvizdən istifadə olunmalıdır. Ona görə də hər il cəviz tədarük edərkən “bayramlıq cəviz” payı ayrılır və Novruz bayramına qədər ona toxunulmur. Yaxud da Xıdır bayramında papaqatma kimi gözəl bir adətimiz var. Ata-babadan görmüşük ki, papağa daha çox cəviz qoyular. Analarımız, nənələrimiz cəvizdən kəsmə, alana, nabat, şəkərbura, paxlava və bu kimi çeşidli şirniyyatlar hazırlayardılar. Bu şirniyyatlar bu gün də süfrələrimizin bəzəyidir. Zibayət xala onu da dedi ki, bundan əlavə, kəndimizin səfalı çöllərində bitən yemişan meyvəsinin cəvizlə hazırlanan mürəbbəsi həm ləzzəti, həm də tibbi əhəmiyyəti baxımından qiymətlidir. Belə ki, həmin mürəbbə ürək-qan damar sisteminin fəaliyyətini yaxşılaşdırır. Naxçıvan mətbəxinə məxsus dadlı təamlardan sayılan “Naxçıvan çöçəsi”nin də əsas tərkib hissəsini cəviz təşkil edir. Cəviz mürəbbəsi isə bu meyvədən hazırlanan təamların, demək olar ki, “şahı”dır. El arasında deyirlər ki, cəvizin mürəbbəsini gərək “sümüklənməmiş”, yəni bərkiməmiş hazırlayasan.
Şahbuz rayonunun cəviz ağacları ilə zəngin bir bölgəsi də dağların əhatəsində yerləşən Kükü kəndidir. Hələ qədimdən bu kənddə müxtəlif meyvə sortları əkilib, torpağa uyğunlaşdırılıb. Məlumdur ki, dillər əzbəri olan Kükü alması artıq brend məhsula çevrilib. Bu kəndin çeşidli alma və cəviz sortları meyvəçiliyin kənd sakinlərinin başlıca məşğuliyyət sahələrindən biri olduğunu təsdiq edir. Kəndin meyvəçiliklə məşğul olan sakini Yunis Quliyevlə həmsöhbət olduq. O, kənd məktəbində kimya müəllimi işləyir. Eyni zamanda arıçılıq və meyvəçiliklə məşğul olur. Yunis müəllim cəviz ağaclarının özünəməxsus xüsusiyyətlərindən, eləcə də bu meyvənin əhəmiyyətindən danışarkən dedi ki, bizim cəviz ağaclarımız məhsuldar olur, həm də uzun müddət yaşayır. Mənim bağımda, təxminən, 15 cəviz ağacı var. Onlardan bir neçəsi qocaman ağacdır, əkildiyi vaxt yadıma gəlmir. Çünki atamın, babamın vaxtından əkilib. Cəviz uzunömürlü ağacdır. Salınandan 10-15 il sonra bar verir. Amma ərsəyə gəldikdən sonra bir neçə nəsil onun barından bəhrələnə bilir. Necə deyərlər, cəviz ağacı el ağacıdır. Bizim kəndin sakinləri ötən əsrin 90-cı illərinin o çətin dövrlərində – qazın, işığın olmayan vaxtında da cəviz ağaclarını kəsib odun etmədilər, əksinə, yeni tinglər əkdilər. Çünki cəviz ağacı ruzi-bərəkətdir. İndi də, çox şükür, o vaxt əkdiyimiz cəvizin məhsulunu toplayırıq. Onu da deyim ki, dövlətin meyvəçiliyin inkişafı, cəviz əkini üçün yaratdığı şərait məni daha da ruhlandırıb. Hər il bağımda yeni cəviz tingləri əkirəm. Çünki sərfəlidir.
Yunis müəllimin toxunduğu bu mövzuyla bağlı yadıma Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Abbasqulu ağa Bakıxanovun “Xeyirli işin faydası” adlı mənzum hekayəti düşdü. Əsərdə deyilir ki, bir hökmdar bağında cəviz ağacı əkən qocaya yaxınlaşır. Onun zəhmət çəkdiyini görüb deyir ki, ey qoca, bu qədər zəhmət çəkməyin faydasızdır. Sənə uzun ömür lazımdır ki, bu ağacın meyvəsindən dadasan. Qoca isə cavabında belə deyir:

Başqaları əkdi, yedik, nə olar?
İndi də biz zəhmət qəbul edərək
Nəsillərçin cəviz ağacı becərək.
El üçün kim girişərsə bir işə,
Özü dəxi xeyir görər həmişə.

Cəviz uzun müddət saxlanılır, amma keyfiyyətini itirmir. Onun özünə­məxsus saxlanma qaydası var. Bununla bağlı Yunis müəllim ətraflı danışdı: “Nənə-babalardan eşitmişik ki, cəvizi yaxşı qurutduqda onu bir neçə il saxlamaq olur. Qurudarkən günəşli yox, kölgəli yer seçilməlidir ki, meyvəsi daha keyfiyyətli qalsın. Bizdən əvvəlki təcrübəli insanlardan öyrənmişik ki, cəvizi bir neçə il keyfiyyətli saxlamaq üçün həm də arasına quru cəviz yarpaqları qoymaq lazımdır. Çünki quru cəviz yarpağının tərkibindəki maddələr məhsulu zərərverici bakteriyalardan qoruma xüsusiyyətinə malikdir. Yadımdadır, nənəm yayda evimizdəki xalçaları yığışdırıb götür­ən­də onların arasına cəviz yarpaqları qoyardı ki, xalçaya güvə düşməsin”.
Cəvizin meyvəsi kimi, onun yarpağının da faydası çoxdur. Belə ki, cəviz yarpağının çayından mütəmadi olaraq istifadə bədəndə olan mikrob, bakteriya və toksinlərdən xilas olmağa kömək edir, qanda şəkərin miqdarını azaldır. Keçmişdə cəvizin “qacaq” hissəsindən boyaq maddəsi kimi də istifadə olunub. Qaynadılaraq ondan müxtəlif rəng çalarları alınıb. Bu boyaların əlvanlığı, davamlılığı illərin ilmə yaddaşı, xalq təfəkkürümüzün, el sənətimizin gözəl nümunələri olan xalçalarımızın ilmələrində bu gün də yaşayır.
Cəvizin oduncaq hissəsi tarixən xalq sənətkarlarının yaratdıqları müxtəlif əl işlərinin ən qiymətli xammalı hesab olunub. Bundan başqa, cəviz ağacının gövdəsindən milli musiqi alətlərinin hazırlanmasında geniş istifadə olunur. Belə ki, əksər simli milli musiqi alətlərinin qolu və aşıq hissəsi cəviz ağacından hazırlanır. Belə alətlər həm gözəl səslənməsi, həm də uzunömürlülüyü ilə seçilir. Bu cür musiqi alətləri haqqında məlumatlara folklorumuzda, şifahi xalq ədəbiyyatımızda da rast gəlmək olur. Belə bir tapmacaya diqqət edək:

Qoz ağacın oyarlar,
Üstünə tel qoyarlar,
Vaxtsız durub ağlasa,
Qulağını burarlar.

(Kamança)

Cəviz ağacının özünəməxsus cəhətlərindən biri də odur ki, susuz ərazilərə bir neçə cəviz ağacı əkib, ona qulluq göstərib ərsəyə gətirdikdən sonra həmin ərazidə su yaranır. Bunun səbəbi cəvizin köklərinin torpağın tərkibindəki suyu çəkməsi ilə bağlıdır. Yunis müəllim deyir ki, kəndimizdə Bürcəli kişinin ulu babasının əkdiyi cəviz ağacı bu kəndin ilk cəviz ağaclarından biridir. Babam danışardı ki, həmin ağac ərsəyə gəldikdən sonra onun yaxınlığında bulaq çıxmağa başladı. Həmin bulaq bu gün də qalır. Bəzi yaşlı sakinlər ona “cəvizli bulaq” da deyirlər.
Kəndin 83 yaşlı sakini Quşdan Qəhrəmanov deyir ki, uzun və sağlam həyat yaşamaq üçün səhərlər acqarına cəviz yemək lazımdır. Bizim kəndimizin iqlimi sərin olduğuna görə burda cəviz gec yetişir və meyvəsi saf olur. Kəndimizdə cəviz ok­tyabr-noyabr aylarında yığılır. Cəvizi yığmağın da xüsusi qaydası var. Ata-babadan eşitmişik ki, cəvizi mütləq çırparaq yığmalısan, yoxsa gələcək ildəki məhsul azala bilər. Amma çırparkən budaqlarının zədə almamasına diqqət yetirmək lazımdır.

Hazırda Şahbuzun cəviz bağlarından bol məhsul yığılır. Kimi həyətində yenicə yığdığı cəvizi sərərək qurudur, kimi onu kisələrə doldurub qışa azuqəlik edir, kimi tələbatdan artığını bazara çıxarır, kimi də torba-torba qohum-əqrəbasına, dost-tanışına sovqat göndərir. Şahbuz kəndlərində elə ailələr var ki, hər il tonlarla cəviz satır, dolanışığının bir hissəsini də məhz bu hesaba təmin edir. Bir sözlə, sorağı el-el gəzən Şahbuz cəvizi də Naxçıvanın brend məhsuluna, ruzi-bərəkət rəmzinə çevrilib. Bu nemətin qədrini bilənlər, onu əkənlər isə bundan sonra da bol məhsul götürəcəklər.

Sahilə ARİFQIZI
jurnalist, Şahbuz rayonu

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR