Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat infrastrukturunun inkişafı diqqət mərkəzində saxlanılır, nəqliyyat kompleksinin yenilənməsinə xüsusi önəm verilir. Kənd yaşayış məntəqələrində müasir yol infrastrukturunun yaradılması da bu gün muxtar respublikada qarşıda duran əsas vəzifələrdəndir.
Rayon mərkəzləri ilə kəndləri, eləcə də paytaxt Naxçıvan şəhəri ilə ətraf kəndləri birləşdirən avtomobil yolları əsaslı şəkildə yenidən qurulur. Şərur şəhəri ilə kəndləri birləşdirən nəqliyyat yollarının təmiri də bu istiqamətdə görülən işlər çərçivəsində həyata keçirilir. Yollara asfalt-beton örtüyün salınması istər beynəlxalq, istərsə də yerli yük və sərnişin daşımalarının artırılmasına əlverişli şərait yaradır. Bu həm də əhalinin rahatlığının təmin olunmasında mühüm rol oynayır.
Şərur Rayon Yol Təmir-Tikinti İdarəsinin rəisi Natiq Əliyevdən aldığımız məlumata görə, son 8 ayda yolların təmiri istiqamətində, ümumilikdə, 1 milyon 223 min 853 manatlıq iş görülüb. Qarxun-Yuxarı Aralıq-Aşağı Aralıq yolu yenidən qurulub, Aralıq və Siyaqut kəndlərini birləşdirən körpünün əsaslı təmiri başa çatdırılıb, Dərvişlər, Arpaçay, Çəmənli və Babəki kəndlərini birləşdirən 9,7 kilometrlik avtomobil yolu genişləndirilib və asfalt örtük salınıb. Həmin ərazidə kənddaxili yollar yenidən qurulub. Rayonun Ələkli kəndini əhatə edən 3,7 kilometrlik yol genişləndirilib, yol yatağı bərkidilib, qalın asfalt örtük döşənib.
İdarə rəisi onu da bildirdi ki, yolların cari təmiri də diqqət mərkəzində saxlanılır. Belə ki, ilin əvvəlindən indiyədək Şərur şəhərində, Yengicə, Zeyvə, Düdəngə, Sərxanlı, Məmmədsabir, Kosacan, Qarxun kəndlərində bu məqsədlə xeyli iş görülüb.
Payız-qış mövsümünə hazırlıq çərçivəsində qış mövsümündə hərəkətin intensivliyini təmin etmək məqsədilə kompleks tədbirlər həyata keçirilir, texnikalar saz vəziyyətə gətirilir, fəhlə və mexanizatorlar mövsümlə əlaqədar olaraq iş paltarları ilə təmin edilirlər. Qışda ucqar dağ və sərhəd kəndlərinə gedən avtomobil yollarının qardan təmizlənməsində operativliyin təşkili məqsədilə mövcud olan texnikalar lazımi ehtiyat hissələri ilə təchiz olunub. Axura-Havuş yolunda hərəkətin fasiləsizliyini təmin etmək üçün lazımi tədbirlər görülüb, xüsusi texnika ayrılıb.
Natiq Əliyev onu da vurğuladı ki, rayonda yol təsərrüfatının yenidən qurulmasında əsas amil sayılan keyfiyyətli asfalt istehsalı üçün də möhkəm zəmin yaradılıb. Ələkli kəndinin ərazisində quraşdırılmış və gündəlik istehsal gücü 60 ton olan qum-çınqıl və asfalt istehsal edən müasir zavod təmir və bərpa işləri zamanı işimizi xeyli yüngülləşdirir. Zavod həm də Sədərək və Kəngərli rayonlarının bu istiqamətdə tələbatını ödəyir.
Onu da qeyd edək ki, hazırda 10 kilometrlik Vərməziyar-İbadulla-Ərəbyengicə-Qarahəsənli avtomobil yolunda əsaslı təmir işləri davam etdirilir. Kollektiv yaradılan şəraitdən, göstərilən dövlət qayğısından lazımınca bəhrələnərək bundan sonra da müasir yol infrastrukturunun daha yüksək səviyyədə qurulmasına nail olacaqdır.
Ramiyyə ƏKBƏROVA