23 Dekabr 2024, Bazar ertəsi

Bu gün muxtar respublikada aparılan genişmiqyaslı quruculuq tədbirləri inşaat materiallarına olan tələbatı da əhəmiyyətli dərəcədə artırıb. Hazırda Naxçıvan şəhərində və ətraf kəndlərdə fərdi evlərin inşası da dinamik sürətlə davam edir. Təbii ki, bu proses ağır inşaat materiallarına olan tələbatı da artırır.
Bu tələbat nəzərə alınaraq ­­ Naxçıvan dairəvi avtomobil yolunun kənarında ayrılmış ərazidə “Cahan” İnşaat Materiallarının Satış Mərkəzi istifadəyə verilib ki, bu da ağır inşaat materiallarının satışına və yük avtomobillərinin şəhərə daxil olmadan hərəkətinə əlverişli şərait yaradıb.
Hazırda mərkəzdə dam örtükləri və onun aksesuarları, gips, kirəc, sement, əhəng, armatur və profillər, dam örtüyünün vurulmasında istifadə olunan ağac materialları, üzlük daşlar, su və kanalizasiya sistemlərinin qurulmasında istifadə olunan quyu qapaqları, su şlanqları, plastik borular, müxtəlif ölçülərdə su çənləri satılır.
Burada mərkəzin məsul əməkdaşı Orxan Rzayevlə də görüşüb həmsöhbət olmaq imkanı əldə etdik. O bildirdi ki, ilk illərdə inşaat materiallarının əksəriyyəti Bakı şəhərindən və xarici ölkələrdən – Türkiyə, Ukrayna, Rusiyadan gətirilirdi. Bu da məhsulun maya dəyərinin yüksəlməsinə səbəb olur, müştərilərin istehlak qabiliyyətini zəiflədirdi. Ancaq son illərdə muxtar respublikada inşaat materialları sənayesinin yetəri dərəcədə formalaşması vəziyyəti köklü surətdə dəyişib. Sevindirici haldır ki, inşaatın ilkin mərhələsində, eləcə də sonrakı mərhələlərdə istifadə olunan materialların əksər hissəsi muxtar respublikanın özəl sektorunda istehsal edilib. Bu da qiymət artımının və vaxt itkisinin aradan qaldırılmasında mühüm amildir.

Mərkəzin metal əşyalar bölümünün satıcısı İlham Məmmədovla söhbət zamanı bildirdi ki, metal materiallar o biriləri ilə nisbətdə çox ağır olduğundan onların yük maşınlarına yüklənməsi də zəhmət tələb edir. Burada işçi əməyinin daha da yüngülləşdirilməsi üçün qaldırıcı və yükləyici avadanlıqlar quraşdırılıb, əl əməyi, demək olar ki, yarıbayarı azaldılıb. Satış prosesinin sürətlə həyata keçirilməsi, təbii ki, müştərilər tərəfindən məmnuniyyətlə qarşılanır, alıcılar məhsulların qiymət və keyfiyyətindən razılıq etməklə bərabər, həm də qısa zamanda material əldə etdikləri üçün məmnunluqlarını bildirirlər. Bu da qarşımızda qoyulan əsas tələb olan müştəri məmnuniyyəti qazandı­ğımızın göstəricisidir.
Satış mərkəzində olarkən şəhərimizin Nəcməddin Naxçıvani küçəsində fərdi ev tikdirməyə hazırlaşan Nəcəf Orucovla da görüşüb həmsöhbət olduq. O bildirdi ki, mərkəzdə evə lazım olan keyfiyyətli materialların əksəriyyətini sərfəli qiymətə və qısa zaman ərzində əldə edə bilib, mərkəz əməkdaşları tərəfindən ona müvafiq güzəştlər də olunub. Gələcəkdə ev tikdirmək istəyən yaxınlarına da mərkəzin xidmətlərindən istifadə etməyi məsləhət görəcək.
Daha bir alıcı olan Seyfəddin Zalov da mərkəzin göstərdiyi xidmətlərdən razılıq etdi. Dedi ki, bir atanın övladı qarşısında borcu onu ev-eşik sahibi etməkdir. Onun atası sovetlər dövründə ev tikdirmək üçün az əziyyətlər çəkməyib, müxtəlif qurumların qapılarını az döyməyib. O zaman hər hansı bir inşaat materialını əldə etmək çətin idi. Əlində kifayət qədər pulun olsa da, material elə bil qəhətə çıxmışdı. Bəzən bunun üçün dost, qohum qapısına getmək, kimdənsə xahiş etmək lazım gəlirdi. Ancaq indi bütün bu çətinliklər aradan qalxıb. O, əlində siyahı “Cahan” İnşaat Materiallarının Satış Mərkəzinə gəlib və bu siyahı əsasında bütün materialları sərfəli qiymətə ala bilib.
“Cahan” İnşaat Materiallarının Satış Mərkəzinin əməkdaşları ilə söhbətlərdən belə bir fikir hasil oldu ki, bundan sonra da əhaliyə nümunəvi xidmət göstərilməsi üçün səylə çalışacaqlar.

 Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR