23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan şəhərindəki Doğum Mərkəzində Naxçıvan Muxtar Respublikası Vergilər, Səhiyyə nazirlikləri, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən keçirilən tədbiri Doğum Mərkəzinin baş həkiminin müavini Nəzakət Quliyeva açaraq səhiyyə müəssisəsində belə maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.
Tədbirdə muxtar respublika Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin əməkdaşı Elçin Babayev “Ödəniş kartları nağdsız əməliyyatlar üçün əsas vasitələrdəndir” mövzusunda çıxış edərək bildirib ki, muxtar respublika rəhbərinin 2016-cı il 2 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqi və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”a uyğun olaraq Vergilər Nazirliyi və bank orqanları qarşısında bir sıra vəzifələr qoyulub. Bu vəzifələr sırasında maliyyə əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsilə aparılması, belə ödənişlərin həcminin əhəmiyyətli şəkildə artırılması, POS-terminallardan səmərəli istifadə edilməsi də vardır.

Elçin Babayev onu da qeyd edib ki, 2014-cü ildən etibarən Vergilər Nazirliyi tərəfindən nağdsız ödənişlərin həcminin artırılması məqsədilə hər 6 ayda bir dəfə “Nağdsız ödəyin, hədiyyə qazanın” adlı həvəsləndirici tədbir keçirilir. Bu tədbir çərçivəsində ötən dövr ərzində nağdsız hesablaşmalar apararaq ödəniş edən vətəndaşların ödədikləri məbləğə müvafiq olaraq 1288 vətəndaşa 85 min manat dəyərində müxtəlif hədiyyələr təqdim edilib. Cari ilin sonuna kimi növbəti tirajın keçirilməsi nəzərdə tutulub.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin İqtisadi təhlil və statistika şöbəsinin rəisi Hafiz İsmayılbəyli “Muxtar respublikada nağdsız ödənişlər və texnoloji yeniliklər” mövzusunda iştirakçılara məlumat verib. Qeyd edilib ki, bu gün iqtisadiyyatın müasirləşməsində, şəffaf idarəetmə sisteminin qurulmasında nağdsız ödəniş sisteminin genişləndirilməsinin rolu danılmazdır. Dünya təcrübəsi də sübut edir ki, ölkənin maliyyə və sosial-iqtisadi fəaliyyətində hesabatlığın və şəffaflığın təmin edilməsi sahəsindəki mühüm tədbirlərdən biri də nağdsız ödəniş sisteminə keçiddir.
Bildirilib ki, ödəniş kartları malların, iş və xidmətlərin dəyərinin ödənilməsi, öz hesabından digər şəxsin hesabına pul vəsaitinin köçürülməsi, habelə nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə olunan bir ödəmə aləti hesab edilir. Bu gün muxtar respublikamızda əhalinin bu cür hesablaşmalardan istifadəsi üçün lazımi şərait yaradılıb. Belə ki, bu ilin 1 oktyabr tarixinə muxtar respublika ərazisində 574-ü Naxçıvan şəhərində, 683-ü isə rayon və kənd mərkəzlərində olmaqla, cəmi 1257 POS-terminal quraşdırılıb. Cari ilin yanvar ayının əvvəlindən oktyabrın 1-dək aparılan nağdsız əməliyyatların həcmi 23 milyon 115 min 297 manat təşkil edib. Hazırda muxtar respublika ərazisində 104 bankomat, 257 min 409 ödəniş kartı vardır.
Slaydların nümayiş etdirildiyi tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR