Bu günlərdə yolumuz Naxçıvan torpağını yaxın-uzaq ellərdə tanıdan qədim yurd yerlərimizdən biri olan Kəngərli rayonunun yaşayış məntəqələri içərisində yaşıllıqlar qoynuna sığınmış, min ağacdan diqqəti cəlb edən Qarabağlar kəndinə düşdü. Dərələyəz silsiləsinin sinəbəndi, qədim asma bağları ilə tarixçiləri, səyyahları heyrətləndirən, öz qədimliyinə Quti xatının şərəfinə ucaldılan möhtəşəm memarlıq kompleksiylə möhür vuran qədim yurd yerimiz insanı öz gözəlliyinə vurğun edir.
Akademik İsmayıl Hacıyev qeyd edir ki, Kəngərli rayonunun Qarabağlar kəndi Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Kəndin şimal-şərqində Qalacıq adlanan ərazidə e.ə. II minilliyə və I minilliyin əvvəllərinə aid yaşayış yeri (sahəsi, təqribən, 40 hektar) aşkar edilmişdir. Burada tunc bəzək əşyaları, boyalı qab qırıqları, iri qaya parçalarından tikilmiş dördkünc və ovalşəkilli bina qalıqları tapılmışdır. Qarabağlardakı köhnə qəbiristanda at və qoç formalı qəbirüstü abidələr aşkar edilmişdir. Bu kənd ən qədim yaşayış məskənlərindən biri olmaqla, tariximizin orta əsrlər dövründə Azərbaycanın mühüm şəhərlərindən birinə çevrilmişdir. Deyilənlərə görə, qədim Qarabağların ərazisi indiki Tənənəm kəndinə qədər imiş. Həmin dövrlərdə Qarabağlar mədrəsələrində riyaziyyat, nücum elmləri öyrədilirmiş. Tarixən kənddə məskunlaşmış türk tayfalarının nişanələri də bu gün Qarabağların əsas məhəllələrinin adlarında yaşadılmaqdadır. Süleymanlı, Bəydilli, Ağahəsənli, Cığallı, Əlmədədli, Turabxanlı, Hacı Baxşəlilər məhəllələrinin sakinləri qədimdə burada məskən salmış ulu babalarının isti ocağının hənirtisini sönməyə qoymayan, torpağına bağlı insanlardır. Qarabağlar şəhəri orta əsrlərdə bir sıra görkəmli səyyah, tarixçi və coğrafiyaşünasların diqqətini cəlb etmişdir. Orta əsrlərin bir çox məşhur səyyahlarının əsərlərində şəhərin gözəl iqlim şəraiti, əhalisi, tarixi abidələri haqqında maraqlı məlumatlar vardır. Nizaməddin Şami, İbrahim Əfəndi Peçevi, Övliya Çələbi, F.Rəşidəddin, N.Xanıkov, Moryer, İ.Şopen, İ.Tavernye kimi alim və səyyahlar Qarabağlar haqqında çox qiymətli məlumatlar vermişlər.
XVII əsrdə Qarabağlarda, təqribən, 50 min adam yaşayırdı; 10 min ev, 70 məscid, 40 minarə, karvansara, hamam, bazar və sair var idi. Şəhərin ab-havasından, bağ-bağatından, meyvələrindən, xörəklərinin dadından Ö.Çələbi ürəkdolusu söhbət açırdı: “Allaha həmd olsun, bu şəhərin ab-havasının lətafətindən əhvalımız da xoş olub atlara süvar olmaqla bəzi rəfiqlərimizlə şəhərə tamaşa etdik... Havasının lətafətindən xoşüzlü məhbub və məhbubələrə rast gəlirdik. Yeyəcək və içəcəklərinin, meyvələrinin bənzəri heç bir diyarda yoxdur. Qara Bağlar desək, yerinə düşər. İşçiləri olduqca təmizdir. Zira cümləsi müsəlmandır”.
Bu gün quruculuq meydanı olan Qarabağlar kəndinin abad və müasir yurd yerinə çevrilməsində muxtar respublikada kəndlərin inkişafına verilən dəstək mühüm əhəmiyyət kəsb edir. Kəngərli rayonunun ən böyük yaşayış məntəqəsi olan Qarabağlara göstərilən böyük dövlət qayğısı kəndi şəhər mədəniyyətinə qovuşdurmuşdur. Hələ 2009-cu ildə burada inşa olunmuş kənd mərkəzi qarabağlarlılara bütün müasir xidmətlərin göstərilməsinə imkan yaradır. Həmin il öz müasir görkəminə qovuşmuş 522 yerlik 2 nömrəli və 2014-cü ildə əsaslı təmirdən sonra istifadəyə verilmiş 648 yerlik 1 nömrəli tam orta məktəblər, 2010-cu ildə istifadəyə verilmiş həkim ambulatoriyası kəndin simasına əsl şəhər yaraşığı verir. 2012-ci ildə istifadəyə verilmiş müasir Qıvraq-Qarabağlar-Çalxanqala-Təzəkənd dairəvi avtomobil yolu insanların rahatlığını təmin etmişdir. Belə bir rahat yol infrastrukturu təkcə 7 min nəfərdən artıq əhalisi olan Qarabağların deyil, ətraf kəndlərin də Naxçıvan şəhəri və rayon mərkəzi arasında rahat nəqliyyat marşrutlarının yaradılmasına imkan verir.
Geniş əraziyə malik Qarabağlar kəndində hazırda 7 min nəfərdən çox sakinin yaşadığı 1226 ev, 1695 ailə təsərrüfatı, 17 min 551 xırdabuynuzlu, 2165 iribuynuzlu, 25 min 542 quş, 110 arı ailəsi vardır. Kəndin suvarılan əkin sahəsi 850 hektardır. Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir. Daha çox mal-qara saxlayan 20-yə yaxın iri fermer təsərrüfatı fəaliyyət göstərir. Son illərdə Qarabağlarda 20-dən çox yeni ev tikilmişdir. Kənd ərazisindəki 40-dan artıq kəhriz, 18 bulaq və çox sayda artezian quyusu burada əkinlərin suvarılması və əhalinin içməli su ilə təmin olunmasında mühüm rol oynayır. Qarabağlarda su deyərkən Asnı bulağının adı ilk olaraq çəkilir. Bu kəndin camaatı üçün “Asnı” həm də müqəddəs olan bir ziyarətgahın adıdır. Qarabağlar və ətraf bölgələr üçün xarakterik olan quraqlıq dövrlərində belə, bu bulağın suyu həyat mənbəyi olmuşdur. Hazırda burada çox sayda işçinin çalışdığı forel balığı yetişdirilməsi üzrə balıqyetişdirmə müəssisəsi fəaliyyət göstərir.
Kənddəki iş imkanlarına gəldikdə, kənd sakinləri buradakı xidmət və ticarət obyektləri ilə yanaşı, broyler müəssisəsində, lavaş sexləri, plastik qapı-pəncərə sexi və dəyirmanda öz məşğulluqlarını təmin edirlər. Qarabağlar daş məhsulları istehsalı isə bu kəndin əsas qazanc qapısı sayılır. Burada istehsal olunan daş məhsulları bu gün muxtar respublikamızda geniş vüsət almış quruculuq işlərində keyfiyyətli material kimi istifadə olunur, digər ölkələrə ixrac edilir.
Qarabağlar kəndi tarixən öz təhsil ənənələri ilə də seçilmişdir. Bu kənddə qarşısına müəllim olmaq məqsədi qoymuş yüzlərlə maarif və mədəniyyət işçisi yetişmişdir. Ümumiyyətlə, kəndin yetirməsi olmuş 45-dən çox elm xadimi müxtəlif vəzifələrdə xalqımızın maariflənməsinə xidmət etmişdir. Hazırda Qarabağlarda fəaliyyət göstərən iki tam orta məktəbin 2016-2017-ci tədris ilindəki 40 nəfər məzunundan 22-si ali məktəblərə qəbul olunmuşdur. Onlardan 3 nəfəri 500-700 bal intervalında nəticə göstərmişdir.
Müasirləşmə yolunda mühüm işlər görülmüş Qarabağlarda sosial həyat öz axarı ilə davam edir. Kənddə əhaliyə rabitə, bank, tibb xidmətləri göstərilməsi, enerji və təbii qaz infrastrukturunun tamamilə yenilənməsi əhalinin rifahına müsbət təsir edən amillərdəndir.
Qarabağların yerli xammalı olan üzlük daş plitələr və yüksəkkeyfiyyətli Naxçıvan sementi kənddə fərdi təsərrüfatlarda tikinti işlərinin aparılmasına geniş imkan yaradır.
Qeyd edək ki, Naxçıvandakı turizm marşrutlarından biri də Qarabağlar kəndindən keçir. Muxtar respublikamıza gələn qonaqlar Qarabağlar kəndindəki tarixi abidələrə böyük maraq göstərirlər. Kənddəki abidələrin yenidən həyata qaytarılması turist axınını gücləndirəcək, təbii ki, bu hal əhalinin sosial imkanlarının daha da yaxşılaşmasına öz müsbət təsirini göstərəcəkdir.
Bu gün qədim Qarabağlar öz inkişafının yeni bir mərhələsindədir. Yaradılan şəraitə və məşğulluq imkanlarına görə minnətdarlıqlarını bildirən sakinlər bundan sonra da muxtar respublikamızda kənd təsərrüfatı məhsullarının bolluğunun yaradılmasına öz töhfələrini verəcəklərini qeyd etdilər.
Ramiyyə ƏKBƏROVA