Xarici iqtisadi əlaqələr bütün dövrlərdə ölkələr üçün əhəmiyyət kəsb edib. Çünki bir ölkənin və yaxud regionun hərtərəfli inkişaf göstəricilərindən biri də digər xarici bölgələrlə yaradılmış iqtisadi-mədəni əlaqələrin səviyyəsidir. Tarixə də fikir versək, görərik ki, uzaq keçmişlərdən müxtəlif xalqlar özlərinə məxsus iqtisadi, elmi və mədəni nailiyyətləri digər dövlətlərlə bölüşərək qarşılıqlı ticarət əlaqələrinin yaradılmasında maraqlı olublar. Müasir dövrdə isə bu cür əlaqələr daha intensiv xarakter alaraq beynəlxalq müstəvidə geniş yayılıb. Bəs xarici iqtisadi əlaqələr ölkələrə nə qazandırır?
Əvvəlcə onu qeyd etməliyik ki, hazırkı dövrdə istənilən dövlət üçün xarici iqtisadi əlaqələrin qurulması, ilk növbədə, həmin dövlətdən müstəqil siyasət yürüdülməsini tələb edir. Çünki qloballaşmış dünyada hər bir ölkənin beynəlxalq çərçivədə öz maraqları var. Bu maraqların təmin olunması isə o zaman mümkün olur ki, istənilən dövlət öz xalqının milli mənafeyi üçün qəti və müstəqil qərarlar qəbul etməyi bacarsın. Dolayısı ilə, yalnız müstəqil siyasət yürüdən, beynəlxalq əməkdaşlıqda etibarlı tərəfdaşa çevrilə bilən tərəflər bu və ya digər əlaqələrin qurulmasına öz töhfəsini verə bilərlər. Digər tərəfdən bu gün xarici iqtisadi əlaqələrin səviyyəsi ölkələrin iqtisadi gücünün və beynəlxalq aləmdəki nüfuzunun əsas göstəricilərindən biri hesab olunur. Bu nüfuz beynəlxalq arenada bir çox problemlərin həllində mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycanın beynəlxalq nüfuzu, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş kimi və etibarlı dost kimi təsdiq edə bilmişdir”.
Başqa prizmadan baxsaq, xarici iqtisadi əlaqələr çox mühüm humanitar və siyasi əhəmiyyətə də malikdir. Belə ki, ölkələr arasında yalnız sıx siyasi dialoq olduqda birbaşa iqtisadi əlaqələr yaranır. Ona görə də xarici iqtisadi əlaqələr dostluq əlaqələrinin nəticəsi kimi, həm də onun möhkəmləndirilməsinin əsas səbəblərindən biridir. Bu gün beynəlxalq aləmdə bir-biri ilə sıx dostluq əlaqələri olan ölkələrin xarici ticarət dövriyyəsindəki qabarıq rəqəmlər də bunu təsdiq edir. Ona görə də inkişaf etməkdə olan ölkələrdə həyata keçirilən xarici iqtisadi əlaqələr məhz bu istiqamətdə formalaşaraq onların dünya bazarındakı yerinin möhkəmləndirilməsinə yönəldilir. Ümumilikdə baxdıqda isə xarici iqtisadi əlaqələr ayrı-ayrı ölkələrin milli iqtisadiyyatının qlobal iqtisadi məkana inteqrasiyası yolunda əsas şərtdir. Bu baxımdan dünya ölkələri öz əhalisinin ümumi rifah halını yüksəltmək üçün beynəlxalq əmək bölgüsünün üstünlüklərindən maksimum yararlanmağa, bunun üçün xarici iqtisadi əlaqələrin yaradılmasına çalışırlar. Eyni zamanda nəzərə alaq ki, qarşılıqlı mənfəət əsasında idxal-ixrac əməliyyatlarının aparılması beynəlxalq bazarın canlandırılmasına səbəb olur ki, bu da cəmiyyətin ümumi inkişafına öz töhfəsini verir.
Naxçıvan Muxtar Respublikasında da xarici iqtisadi əlaqələrin inkişafı daim aktual olub. Bu sahədə ilk addımlar xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdə atılıb. Belə ki, qonşu İran İslam və Türkiyə respublikaları ilə yaradılmış hərtərəfli əlaqələr iqtisadi sahədə də öz uğurlu nəticələrini göstərib. Xüsusilə muxtar respublikanın blokada vəziyyətinə salınması bir çox iqtisadi çətinliklərin yaranmasına vəsilə olub. Bu vəziyyətdən də çıxış yolu kimi adıçəkilən dövlətlərlə iqtisadi əlaqələrin qurulması böyük rol oynayıb. Doğrudur, bu iqtisadi əlaqələr ilk illərdə, əsasən, idxal məhsulları üzərində qurulsa da, sonrakı dövrlərdə muxtar respublikada milli iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər yerli məhsulların aparılan əməliyyatlarda daha çox paya sahib olması ilə nəticələnib. Son illərdə isə bu əlaqələr daha da inkişaf edərək özünün yeni mərhələsinə qədəm qoyub.
Ötən dövrdə muxtar respublika iqtisadiyyatının dinamik inkişafı digər sahələrdə olduğu kimi, xarici iqtisadi əlaqələrin genişləndirilməsinə də öz təsirini göstərib. Belə ki, hazırda Türkiyə və İranla yanaşı, Rusiya, Gürcüstan, Ukrayna, Litva, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrə də Naxçıvandan məhsullar ixrac olunur. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2017-ci ilin yanvar-avqust aylarında muxtar respublikada 304 milyon 838 min 500 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın dəyəri son bir il ərzində 1,2 faiz artaraq 284 milyon 341 min 600 ABŞ dolları, idxalın dəyəri 27,1 faiz azalaraq 20 milyon 496 min 900 ABŞ dolları təşkil edib. Nəticədə, 263 milyon 844 min 700 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.
İqtisadiyyatın inkişafı müvafiq olaraq əhali gəlirlərinin də artmasına təsir edib. Belə ki, bəhs edilən dövrdə muxtar respublikada əhalinin gəlirləri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz artaraq 1 milyard 189 milyon 760 min 200 manat, onun hər bir nəfərə düşən məbləği isə 0,2 faiz artaraq 2642,2 manat təşkil edib. Bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 414,3 manat təşkil edib. Bu göstərici də 2016-cı ilin yanvar-avqust ayları ilə müqayisədə 1,1 faiz artıb.
Göründüyü kimi, muxtar respublika iqtisadiyyatının davamlı inkişafı təkcə xarici iqtisadi əlaqələrin və əhalinin həyat səviyyəsinin yüksəlməsi ilə deyil, həm də dünya iqtisadiyyatına sürətli inteqrasiyasını səciyyələndirib. Bu isə Naxçıvan Muxtar Respublikasının etibarlı tərəfdaş və dost kimi özünü təsdiq etməsindən qaynaqlanır.
Səbuhi HƏSƏNOV