23 Dekabr 2024, Bazar ertəsi

Beynəlxalq Standartlaşdırma Təşkilatının yarandığı gün – ­ok­tyabrın 14-ü hər il ölkəmizdə də “Beynəlxalq Standartlaşdırma Günü” kimi qeyd edilir.
İqtisadiyyatın inkişafında standartlaşdırmanın rolu ildən-ilə artmaqdadır. Standartlaşdırmanın əsas məqsədləri istehsalın effektivliyinin artırılmasından, istehlakçılara çatdırılan məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsindən, insan sağlamlığının qorunması istiqamətində təhlükəsizlik normalarının daha da təkmilləşdirilməsindən, ətraf mühitin qorunmasından və ticarətdə texniki maneələrin aradan qaldırılmasından ibarətdir.
Ölkəmizdə standartlaşdırma sahəsinin inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin siyasi hakimiyyətə ikinci dəfə qayıdışından sonra bu sahəyə diqqət və qayğı daha da artırılmış, hüquqi baza möhkəmləndirilmişdir. “Standartlaşdırma haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanunlar və digər hüquqi sənədlər qəbul edilmişdir.

Standartlaşdırma sahəsində həyata keçirilən islahatlar hazırda Azərbaycan Respublikasının Prezidenti cənab ­İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Azərbaycan Respublikasında standartlaşdırmanın inkişaf etdirilməsi, beynəlxalq standartlara uyğunlaşma, müasir tələblərə cavab verən yeni milli standartların yaradılması və standartlar fondunun təkmilləşdirilməsi əsas məqsədlərdəndir. Ölkəmizdə keyfiyyət infrastrukturunun inkişafı və tənzimlənməsi standartlaşdırma, akkreditasiya, sertifikatlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi fəaliyyət istiqamətləri vasitəsilə həyata keçirilməkdədir.
Hazırda ölkəmizdə beynəlxalq standartların tətbiqi ilə bağlı mühüm proqramların qəbulu və icrası uğurla davam etdirilir. Milli standartların beynəlxalq standartlara uyğunlaşdırılması, müasir tələblərə uyğun yeni milli standartların qəbulu və tətbiqi prosesi təşviq olunur. Standartlaşdırmanın təkmilləşdirilməsi ölkə iqtisadiyyatının, sahibkarlığın inkişafında, istehlakçı hüquqlarının etibarlı qorunmasında, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsində başlıca amildir.
Naxçıvan Muxtar Respublikasında da keyfiyyət infrastrukturunun inkişafı və tənzimlənməsi standartlaşdırma, akkreditasiya, sertifikatlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyət istiqamətləri vasitəsilə həyata keçirilir. Sakinlərin keyfiyyətli məhsul və xidmətlərə çıxış və seçim imkanlarının yaxşılaşdırılmasına dair verilmiş tapşırıqlara uyğun olaraq istehsal və idxal olunan məhsulların sertifikatlaşdırılması prosesi, patentlərin beynəlxalq mühafizəsi və istehlak bazarında keyfiyyətə nəzarət işi müasir standartlara uyğun aparılır. Bu sahədə ixtisaslı kadr potensialının formalaşdırılması və maddi-texniki bazasının yaxşılaşdırılması da daim diqqət mərkəzindədir. Cari ilin avqust ayında Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi üçün müasir memarlıq üslubunda inşa olunmuş yeni inzibati binanın istifadəyə verilməsi bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Zirzəmi qatı ilə birlikdə 5 mərtəbədən ibarət olan binada 56 iş otağı, akt zalı, laboratoriya otaqları, reyestr və kadastrın saxlanması otağı, kitabxana, arxiv, təlim-treninq otağı, ölçmə vasitələrinin saxlanması və yoxlanma otaqları, standartlar üzrə informasiya otağı, standart və patent fondu yerləşir. Laboratoriyalarda elektrik, təbii qaz və su sayğaclarının yoxlanılması, eləcə də təzyiq, temperatur, çəki və həcm ölçmə vasitələrinin kalibrlənməsi üzrə çoxfunksiyalı avadanlıqlar quraşdırılmışdır.
Beynəlxalq normalar səviyyəsində standartların tətbiqinə geniş imkan yaradan amillərdən biri də muxtar respublika iqtisadiyyatının sürətli inkişafı, istehsal müəssisələrinin müasir standartlara cavab verən maddi-texniki baza ilə təchiz olunmasıdır. Muxtar respublikada istehsal olunan məhsulların yüksəkkeyfiyyətli, rəqabətqabiliyyətli olması, görülən işlərin və göstərilən xidmətlərin müasir standartlara cavab verməsi qarşıda duran əsas vəzifələrdəndir. Məqsəd istehlakçıların tələblərinə əsaslanan iqtisadiyyatın inkişafına nail olmaq, daxili, eləcə də xarici bazara keyfiyyətli məhsul çıxarılması prosesini sürətləndirməkdir. Bu isə standartlaşdırma sahəsində fəaliyyətin müasir tələblər əsasında qurulması ilə dəstəklənməkdədir.
Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi keyfiyyətə nəzarət infrastrukturunun və bu sahədə texniki tənzimləmə sisteminin qabaqcıl tələblərə uyğunlaşdırılmasını, istehlakçılara təklif olunan məhsulların keyfiyyətinin müasir standartların tələblərinə cavab verməsini və əhalinin etibarlı ərzaq məhsulları ilə təmin olunmasını fəaliyyətində əsas istiqamət kimi götürür. Komitənin standartlar fondunda, ümumilikdə, 19 min 577 ədəd olmaqla, dövlət və dövlətlərarası standartlar, sahə standartı, təlimat, texniki şərt, təsnifat, metodik sənəd, rəhbəredici sənəd və beynəlxalq standartlar saxlanılmaqdadır.
Standartların təsərrüfat subyektlərinə çatdırılması, maarifləndirilməsi üzrə fəaliyyət çərçivəsində ilin əvvəlindən hüquqi və fiziki şəxslərlə 162 müqavilə bağlanmış və 49 müəssisədə istehsal olunan 80 məhsulun etiket layihəsi texniki normativ-hüquqi aktlara uyğun olaraq 3 dildə hazırlanmışdır.
Müəssisələrin gəlirlərindən, fəaliyyət sahəsindən, işinin həcmindən və bazardakı mövqeyindən asılı olmayaraq, fəaliyyətlərinin ən səmərəli yolu standartların tələblərinə uyğun idarəetmə sisteminin qurulmasıdır. Bu səbəbdən də muxtar respublikamızda əhalinin sağlamlığının və istehlakçıların hüquqlarının qorunması, ətraf mühitin mühafizəsi məqsədilə standartlaşdırma sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər bundan sonra da uğurla davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR