23 Dekabr 2024, Bazar ertəsi

Böyükdüz Kəngərli rayonunun 10 kənd yaşayış məntəqəsindən biridir. Bu kənd rayon mərkəzindən 23 kilometr aralıda – Arazboyu düzənlikdə yerləşir. Arazboyu düzənliyin Böyükdüzə aid hissəsində düzənlik şimaldan cənuba doğru 19-20 kilometrə qədər uzanır, orta enliyi isə təqribən 10 kilometrdir. Bu kəndin adı ilə bağlı fərqli fikirlər mövcuddur. Bəziləri kəndin böyük düzənlik əraziyə görə belə adlandırıldığını söyləsələr də, tədqiqatçılar “Böyükdüz” toponiminin bu sözün müstəqim mənasında (böyük, iri) deyil, “Kitabi-Dədə Qorqud” eposunda dəfələrlə xatırlanan Böyükdüz tayfası və onun başçısı Bükdüz Əmənin adı ilə bağlı olduğunu ehtimal edirlər. Mərhum coğrafiyaşünas-alim Səfərəli Babayev “Naxçıvanda Kitabi-Dədə Qorqud toponimləri” əsərində “Bükdüz” sözünün sonralar xalq dilində dəyişilərək müasir şəklə düşdüyünü yazır. 

Böyükdüz kəndinin yerləşdiyi ərazi tarixi bir ərazidir. Ərazidəki Köhnə Böyükdüz yaşayış yeri Son Tunc və İlk Dəmir dövrlərinə aid edilir. 1973-cü ildə tədqiq edilən bu yaşayış yeri hazırda Araz Su Anbarının altında qalıb. Tədqiqatlar zamanı buradakı uzunsov təpədən boz və qırmızı rəngli gil qab qırıqları, çaxmaqdaşı, şüşə və dəmir məmulatları tapılıb. Həmin tapıntılar hazırda Naxçıvan Dövlət Tarix Muzeyində saxlanılır. Burada yerləşən digər arxeoloji abidə isə I Böyükdüz nekropoludur. Bu nekropolun sahəsi 320 kvadratmetr təşkil edir. Antik dövrə aid edilən bu arxeoloji abidədən 50-dən artıq qəbir, əsasən, daş qutu qəbirlər aşkar edilib. Ərazidən tapılmış gil qablar, ox ucluğu, dəmir qılınc, xəncər, bıçaq və sair qədim dəfnetmə adətləri haqqında geniş məlumat verir. Buradan tapılmış insan skeletinin qalıqları isə 1972-ci ildə sərhəd-gözətçi məntəqəsinin zabitləri tərəfindən toplanmış və Naxçıvan Dövlət Tarix Muzeyinə təhvil verilmişdir. Digər qəbirlər isə daşqın zamanı yuyulub üzə çıxmışdır.
II Böyükdüz nekropolu isə keçmiş sərhəd-gözətçi məntəqəsinin yerləşdiyi təpədə Antik dövrə aid arxeoloji abidədir. Bu abidə 1991-ci ildə qeydə alınmışdır. Buradakı qəbiristanlıq Arazın lap yaxınlığında yerləşdiyindən qəbirlərin çoxu yuyulub dağılmış, yalnız bir qismi salamat qalmışdır. Həmin ərazidən müxtəlif məişət əşyaları aşkar olunmuşdur.
Deyilənlərə görə, Böyükdüz kəndi 1929-cu ildə Şahtaxtı kəndindən köçüb gəlmiş yeddi ailə tərəfindən salınıb. Köhnə kənd Araz çayı yaxınlığında Qarğalıq stansiyası, Bakı-Naxçıvan dəmir yolunun 420-ci kilometrliyində yerləşib və Naxçıvan MSSR-in Naxçıvan rayonunun tərkibində olub. Araz çayı üzərində Su Elektrik Stansiyası tikildikdən sonra suyun altında qalacağından Böyükdüz kəndi 1969-cu ildə indi mövcud olduğu əraziyə köçürülüb. 1978-ci ildən Naxçıvan rayonu Babək rayonu adlandırılmağa başlanıb və Böyükdüz kəndi Babək rayonunun inzibati ərazisinə verilib. 1 mart 2003-cü ildə qəbul edilmiş “Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Qanuna görə Böyük Düz kəndi “Böyükdüz” adlandırılıb. 19 mart 2004-cü ildə isə yeni yaradılan Kəngərli rayonunun tərkibinə daxil edilib.
Kəngərli rayonu yaradıldıqdan sonra bu rayonun abadlaşdırılan, quruculuq tədbirləri həyata keçirilən ilk yaşayış məntəqələrindən biri də Böyükdüz kəndi olub. Belə ki, 2006-cı ildə kənd tam orta məktəbində əsaslı yenidənqurma işləri aparılıb, birmərtəbəli binaya daha bir mərtəbə əlavə olunub. Bundan başqa, burada yeni kənd mərkəzi, həkim ambulatoriyasının binaları istifadəyə verilib. Kənd mərkəzinin binasında yerli dövlət qurumları üçün lazımi şərait yaradılıb.
Kənddə olduğumuz zaman Böyükdüz bələdiyyəsinin sədri İbrahim Quliyevlə görüşüb söhbət etdik. ­­­­­­­­­­­­­­­­­­­­­ O bildirdi ki, Böyükdüz kəndi özünün hərtərəfli inkişafına müstəqilliyimizin bərpasından sonrakı dövrdə qədəm qoyub. O zamanadək kəndin problemləri çox olub. Xüsusilə kənd ətrafındakı şoranlaşmış torpaqlar əkin sahələrinin artırılmasına imkan verməyib. Suvarma suyuna olan tələbat ödənilmədiyindən kənd sakinlərinin əkib-becərməyə o qədər də marağı olmayıb. Ancaq son illərdə muxtar respublikamızda kənd təsərrüfatının inkişafı üçün mühüm tədbirlərin həyata keçirilməsi, torpaqların münbitləşdirilməsi istiqamətində aparılan aqrotexniki tədbirlər zəhmətkeş kənd sakinlərini yenidən torpağa bağlayıb. Söhbət əsnasında öyrəndik ki, hazırda kəndin 1756 sakini var. Kəndin ümumi əkin sahələri isə 6696 hektardır. Bu torpaqların 941 hektarı pay torpaqları, 5662 hektarı isə bələdiyyə mülkiyyətindədir. Son illərdə Kəngərli rayonunda aparılan irriqasiya tədbirləri Böyükdüz kəndinin əkin sahələrinin suvarılmasına da öz töhfəsini verib. Məsələn, ötən il rayonun Böyükdüz və Xok kəndlərini əhatə edən qapalı suvarma şəbəkəsi istifadəyə verilib. 117 hektar torpaq sahəsini əhatə edən qapalı suvarma şəbəkəsi, eyni zamanda ərazidə şoranlaşmanın qarşısının alınmasına imkan verəcək. Su mənbəyi kimi Araz çayından qidalanan nasos stansiyası götürülüb. Ərazidə 2,2 kilometr uzunluğunda ana xətt, 9 min 930 metr uzunluğunda isə paylayıcı su xətləri çəkilib. Su xətlərinin üzərində 25 siyirtmə, 103 hidrant və 20 suboşaldıcı qoyulub. Yeraltı suvarma şəbəkəsinin qurulmasının nəticəsidir ki, Böyükdüz və Xok kənd­lərində əkin sahələri xeyli genişləndirilib. Əgər əvvəllər Böyükdüz kəndində 700-800 hektar taxıl əkilirdisə, ötən ilin payızında həmin rəqəm 1200 hektardan çox olub. Bu il isə Böyükdüz kəndi yaxınlığında 400 hektar ərazini əhatə edən daha bir qapalı suvarma şəbəkəsinin tikintisi aparılır. Rayon Statistika İdarəsindən aldığımız məlumata görə, bu il Böyükdüzdə 1323 hektar ərazidə taxıl biçini həyata keçirilib. Hektarın məhsuldarlığı 28 sentner təşkil edib, ümumi məhsul 3704 ton olub. Bununla yanaşı, kəndin torpaq mülkiyyətçiləri tərəfindən 68 hektar sahədə tərəvəz, 29 hektarda bostan, 171 hektarda qarğıdalı, 21 hektarda kartof, 7 hektarda isə dənli-paxlalı bitkilər əkilib. Hazırda sahələrdən məhsul tədarükü davam edir.
Böyükdüzü rayonun digər kənd­lərindən fərqləndirən amillərdən biri də burada xırdabuynuzlu heyvan təsərrüfatlarının çox olmasıdır. Hələ Sovetlər Birliyi dövründən bu kəndin sakinləri heyvandarlığın inkişafına böyük maraq göstəriblər. Hazırda kənddəki fərdi təsərrüfatlarda 630 baş iribuynuzlu mal-qara ilə yanaşı, 13 min 200 başadək xırdabuynuzlu heyvan saxlanılır. Heyvandarlıqla məşğul olan kənd sakinlərindən Qəhrəman və Çingiz Kərimovların, Nadir Məmmədovun, Tofiq Quliyevin, Musa Tamoyevin və digərlərinin hər birinin təsərrüfatında 200-dən çox xırdabuynuzlu heyvan var. Heyvandarlıqla məşğul olan Mahir İsmayılov bizimlə söhbətində bildirdi ki, 20 ildən çoxdur, heyvandarlıqla məşğul olur. Kəndin geniş ərazilərə malik olması, heyvandarlığın inkişafı üçün əlverişliliyi kənd sakinlərinin bir çoxunda xırdabuynuzlu heyvan təsərrüfatına marağı artırıb. Digər təsərrüfat sahibi Nadir Məmmədov isə qeyd etdi ki, indi kəndliyə göstərilən dövlət qayğısı istər hey­vandarlıq, istərsə də əkinçilik təsərrüfatını genişləndirməyə imkan verir. Müsahibimiz dedi ki, kənddə heyvandarlıq təsərrüfatlarının ildən-ilə genişlənməsi daxili bazarın yerli heyvandarlıq məhsulları ilə təminatına öz töhfəsini verir. Bunun nəticəsidir ki, indi kənddə süd məhsullarını qəbul edən müəssisə də fəaliyyət göstərir. Təsərrüfat sahibləri əldə etdikləri südü buradakı müəssisəyə satmaqla öz dolanışıqlarını təmin edirlər. Öyrəndik ki, kənddə, əsasən, pendir istehsalı üzrə ixtisaslaşmış müəssisə sahibkar Vaqif Babayevə məxsusdur. O bizimlə söhbətində məlumat verdi ki, yaratdığı müəssisə 7 ildən çoxdur, fəaliyyət göstərir. Əsas işləri kənddəki fermerlərdən süd məhsullarını qəbul edib, onlardan müxtəlif ağartı məhsulları hazırlamaqdır. Daha çox isə pendir istehsalı əsas götürülür. Mövsümlə əlaqədar burada 4 nəfər işlə də təmin olunur.
Böyükdüz kənd bələdiyyəsinin sədri İbrahim Quliyev bildirdi ki, son illərdə Kəngərli rayonunda müxtəlif sahibkarlıq subyektlərinin yaradılması sakinlərin məşğulluğunu təmin edib. Belə ki, “Naxçıvan bağları” məhsullarını istehsal edən istixana kompleksində, “Naxçıvan Sənaye Kompleksi”ndə daimi işlə təmin olunmuş xeyli kənd sakini var.
Bəli, bu gün Böyükdüz kəndi özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu kənddə, eləcə də kəndətrafı ərazilərdə indiyədək mühüm problemlərdən biri torpaqların şoranlaşması, suvarma suyuna olan ehtiyac olub. Ancaq son illərdə istər suvarma suyuna olan tələbatın ödənilməsində, istərsə də bu ərazidəki torpaqların münbitləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər problemin həllində mühüm rol oynayıb. İnanırıq ki, bu sahədə görülən işlərin davamlılığı yaxın gələcəkdə Böyükdüzün iqtisadi potensialını daha da artıracaq.

P.S. Böyükdüz kəndi haqqında bu yazını hazırlayarkən mənbələrdə belə bir məlumatla rastlaşdım ki, 1949-cu ildə bu kənddən beş nəfər “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülüb. SSRİ dövründə belə yüksək ada bir çoxları layiq görülsə də, bir kənddən beş nəfərin eyni ildə bu adla təltif olunması nadir hadisədir. Bu fakt onun göstəricidir ki, Böyükdüz həm də belə zəhmətkeş insanların qurub-yaratdığı böyük kənddir.

Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR