23 Dekabr 2024, Bazar ertəsi

Cəmiyyətin inkişafının bütün mərhələlərində insanların maddi və mənəvi nemətlərlə təmin olunması, həyat standartlarının yüksəldilməsi aparılan sosial siyasətin əsas məzmununu təşkil edib. Bu da mahiyyət etibarilə cəmiyyətdə insan amilinə verilən diqqəti özündə ehtiva edir.
İnsanın həyatının keyfiyyəti yaşadığı cəmiyyətin iqtisadi imkanları, milli və mənəvi dəyərləri və gələcəyə baxışları üzərində formalaşan sosial­-mədəni inkişafından çox asılıdır. Məhz bu amil dövlətimiz tərəfindən cəmiyyətin bütün üzvlərinin minimum həyat şəraitinin təmin olunması və insanların daim yüksələn yaşayış standartlarına çata bilməsi üçün yaradılmış quruculuq mühitində formalaşan münasibətlərin əsasında dayanır. Hazırda muxtar respublikamızda aparılan uğurlu sosial siyasət də bu baxımdan insanları dövlətin ətrafında daha sıx birləşməyə, daha yaradıcı və fədakar əməyə ruhlanmağa, tarixini, milli sərvətlərini qorumağa və öz torpağına, yurd-­yuvasına sahib çıxmağa sövq edir. Bütün bunlara görə, bu gün yurdumuzun hər bir vətəndaşı, ona bu gözəl həyatda yaxşı yaşamaq imkanı yaradanlara minnətdardır.

Şübhəsiz, insan tələbatları sonsuzdur və qloballaşmanın və mədəni inkişaf imperativləri ilə müstəqil ölkəmizin vətəndaşlarının da bu tələbatları daim artmaqdadır. Ancaq bu da var ki, belə tələbatların ödənilməsi iqtisadi imkanlarla yanaşı, eyni zamanda istehsal münasibətlərinin mövcud səviyyəsindən və dövlətin bu sahədə həyata keçirdiyi zəruri tənzimləmə tədbirlərindən də asılıdır. Əks halda, dəqiq bir məqsəd müəyyən olunmadan, plansız-pro­qramsız görülən işlərin çox cüzi hissəsi, son nəticədə, uğurlu ola bilər. Ona görə də əhalinin daim yüksələn həyat səviyyəsi tempinin qorunub saxlanılması uzunmüddətli inkişafı təmin edən əsas amil kimi cəmiyyəti də sosial sabitliyə qovuşdurur.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf yolu bu gün ölkəmizin sahib olduğu bütün sərvətlərin, əhali rifahının yüksəldilməsinə imkan yaradıb. Artıq bütün göstəricilərinə görə Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycan Respublikasının regionları cəmi iki onillik ərzində tanınmayacaq dərəcədə dəyişib. Blokada vəziyyətinin mövcud çətinliklərinə baxmayaraq, belə keyfiyyət dəyişikliklərini yaxından hiss edən Naxçıvan Muxtar Respublikasının müstəqillik illərində keçdiyi sosial-iqtisadi inkişaf yolu isə əhalinin yüksələn həyat standartlarında da özünü qabarıq şəkildə göstərməkdədir. İndi muxtar respublikanın paytaxtında və digər iri şəhərlərində olduğu kimi, ucqar dağ kəndlərində də istifadəyə verilən sosial obyektlər, infrastruktur və xidmət obyektləri, hamar yollar, sürətli rabitə və komfortlu turizm xidmətləri günümüzün reallıqlarıdır. Şəhərlə kənd arasında fərqin aradan qaldırılması, insanların həyat səviyyəsinə təsir edən mühüm amillərin daim nəzarətdə saxlanılması muxtar respublika sakinlərinin həyat tərzindəki təzadların artıq çoxdan yox olmasına səbəb olub.
Regionda yerli istehsalın stimullaşdırılması, istehsalçıların maraqlarının qorunması, kiçik sahibkarlığın inkişafına və əhali məşğulluğuna təsir edən mühüm dövlət dəstəkli tədbirlər Naxçıvanın ötən dövrlərdə iqtisadi və sosial həyatda qazandığı uğurların əsasında dayanır. Ölkəmizdə regionların sosial-iqtisadi inkişafı üzrə qəbul olunmuş dövlət proqramlarının müvəffəqiyyətlə icra olunması nəticəsində yeni iş yerlərinin yaradılması, adambaşına düşən orta aylıq əməkhaqqının artırılması və yeni iqtisadi şəraitdə çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və inkişafı istiqamətində aparılan tədbirlər öz konkret bəhrəsini verməkdədir.
Naxçıvanlılar işgüzar və qədirbilən insanlardır. Tarixi ədalətsizlik nəticəsində ölkəmizin əsas hissəsindən ayrı düşmüş muxtar respublika dövlət müstəqilliyimizin əldə olunduğu ilk illərdə daha çətin sınaqlar qarşısında qaldı. Ancaq taleyin Naxçıvana və Azərbaycana böyük xilaskar kimi yenidən bəxş etdiyi ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşən qədir­bilən naxçıvanlılar o dövrdə, eləcə də ondan sonrakı mərhələdə mümkün olması çox çətin olanı reallığa çevirdilər. Muxtar respublikanın möhkəm müdafiəsinin təşkilindən tutmuş regionun enerji və ərzaq təhlükəsizliyi təminatı, kommunikasiya əlaqələrinin yenidən qurulması, zəruri infrastrukturun yenilənməsi kimi sahələrdə nəhəng işlərə imza atdılar. Görülən işlərin, həyata keçirilən irimiqyaslı layihələrin nəticəsi o oldu ki, bir zamanlar axşamdan yarıqaranlıq, soyuq mənzilində oturub səhər erkəndən duracağı çörək növbəsinin sıxıntısını çəkən Naxçıvan sakini indi ancaq lüks tələbatlarının ödənilməsi qayğısını çəkir. Naxçıvanlıların evini çıraqban edən Günəş Elektrik Stansiyası, Naxçıvandan bütün ucqar yaşayış məntəqələrinə aparan şüşə kimi hamar yollar, evimizə çəkilmiş Şahbuzun buz bulaqları kimi saf, təmiz su, muxtar respublikanın yüz faiz ərazisində insanların dünyaya çıxışını təmin edən 4G mobil rabitə, keyfiyyət standartlarına ciddi şəkildə diqqət yetirildiyi ticarət, iaşə və mədəni xidmətlər bu gün hər cür sosial təminatlı Naxçıvan sakininin həyat standartına çevrilib.
Naxçıvanda uşaqların və gənclərin daha yaxşı təhsil alması, onların layiqli vətəndaş kimi yetişməsi üçün görülən ardıcıl işlər nümunə gücündədir. Uşaq bağçasından tutmuş orta və ali təhsil müəssisələri üçün yaradılmış ideal şərait burada işləyənlərin səmərəli fəaliyyəti ilə yanaşı, valideynlərin bu sahədəki qayğılarını da yox edib. İndi evimizdən də gözəl məktəb və universitet binalarında təhsil alan gənc­lərimiz qayğısız günlərini yaşamaqla onlar üçün yaradılmış bu gözəl şəraitdə dövlətimizə sədaqət ruhunda yetişdirilirlər. Muxtar respublikada əhalinin təmin olunduğu yüksək səviyyəli tibbi xidmətlər və istifadə olunan ən yeni texnoloji avadanlıqlar maddi vəziyyətindən asılı olmayaraq, hər bir vətəndaşın başqa yerə getmədən öz sağlamlığını qoruması üçün indiyədək heç vaxt olmayan gözəl şərait yaradıb. Turizm, nəqliyyat, sığorta və bu kimi çox sayda müasir insan həyatının müxtəlif tələbatlarının ödənilməsi dövlətin uğurlu sosial siyasətinin nəticəsində mümkün olub.
Məşğulluq, işlə təminolunma hər bir insanın iqtisadi problemlərinin həlli və sosial vəziyyətinin yaxşılaşdırılması üçün vacib amillərdir. Bu mənada, Naxçıvanda əhalinin aktiv sosial müdafiəsinin, məşğulluq probleminin davamlı olaraq gündəmdə olması dövlətimizin diqqət mərkəzindədir. Peşə və ixtisasından asılı olmayaraq, hər kəs üçün faydalı olan əməyin təşkili, insanların bilik, bacarıq və əmək vərdişlərindən maksimum səmərə ilə istifadə olunması sosial rifahımıza da təsir edir. Torpağımızın bəhrəsindən, onun sərvətlərindən istifadə edən hər bir naxçıvanlının yaxşı yaşaması, sahib olduğu işin maddiləşərək məhsul və xidmətlər şəklində insanların ixtiyarına verilməsi onun özünün və digər insanların firavan yaşayışı üçün daim diqqətdə saxlanılır.
Öz həyat şəraitini müasirləşdirib, iqtisadi və sosial həyatın bütün sahələrində fəallıq göstərən naxçıvanlılar üçün çətin günlər artıq tarixdə qalıb. Bu möcüzənin əsasında isə min bir əziyyətdən çəkinməyib yurdumuzun abadlığı üçün qətiyyətli qərarlar qəbul edilməsi, zəhmət və uzaqgörən siyasət dayanır. Bu, gücünü xalqdan alan, yalnız xalqa xidmətə istiqamətlənmiş ulu öndər Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin bəhrələridir.

 Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR