Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində “Sahibkarlığın inkişafı və məşğulluğun artırılması” mövzusunda keçirilən tədbiri giriş sözü ilə xidmətin rəis müavini Elnur Məmmədov açaraq muxtar respublikada fəaliyyət göstərən sahibkarların əmək miqrasiyası ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməsinin vacibliyini diqqətə çatdırıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin inspektoru Samir Sadiqovun, şöbə rəisi Zakir Məmmədovun, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Mircavid Tağızadənin, Dövlət Məşğulluq Xidmətinin sektor müdiri Elmar Eyvazovun, sahibkar Yusif Quliyevin çıxışları olub. Çıxışlarda yerli əmək ehtiyatları hesabına tutulmayan boş iş yerlərinin əcnəbi işçi qüvvəsi tərəfindən ödənilməsinin qaydaları və şərtləri, məşğulluğun təmin olunmasında sahibkarlığın rolu, əmək ehtiyatlarından səmərəli istifadə və peşəkar kadrların hazırlanmasında Dövlət Məşğulluq Xidmətinin üzərinə düşən vəzifələr, miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət haqqında söhbət açılıb. Bundan başqa, çıxış edənlər miqrasiya sahəsində ölkəmizdə, eləcə də muxtar respublikamızda həyata keçirilən kompleks tədbirlərdən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyətindən, onların ölkə ərazisində müvəqqəti olma müddətlərinin uzadılmasından, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsindən bəhs ediblər.
Tədbirdə iştirakçılara ölkə ərazisində haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə işəgötürənlər tərəfindən fərdi icazələrin alınması və müddətlərinin uzadılması, onların yaşayış yerləri üzrə qeydiyyata alınması prosedurları, miqrasiya sahəsində mövcud qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət, həmçinin miqrasiya ilə bağlı digər məsələləri tənzimləyən qanunvericilik aktları barədə ətraflı məlumat verilib.
Mövzu ilə bağlı slaydların nümayiş etdirildiyi tədbirdə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Nail ƏSGƏROV