23 Dekabr 2024, Bazar ertəsi

reportaj

Payız fəslinin ikinci ayını yaşayırıq. Bu fəsil özü ilə qayğılar da gətirib. Ancaq fikir etməyə dəyməz. Çünki dükan-bazarlarımızda bolluqdur. Piştaxtalara növbənöv məhsullar düzülüb. Belə ünvanlardan biri də “Cahan” Ticarət Mərkəzinin yaxınlığındakı meyvə-tərəvəz bazarıdır. Bu günlərdə biz də həmin bazara üz tutduq.

Əvvəlcə onu qeyd edim ki, bu bazar naxçıvanlıların ən çox alış-veriş etdiyi ünvanlardan biridir. Bölgələrimizdə yetişdirilən cürbəcür meyvə-tərəvəzləri, min cür nemətləri bu bazardakı piştaxtalarda görmək olar. Payız fəslinin insanlara hədiyyəsi olan al-əlvan meyvələr, meyvə quruları, qış tədarükü üçün ərzaqlar, turşular, mürəbbələr, Ordubad sucuğu, alanası, Cəhri və Üstüpü kələmi, Şahbuz alması, bir sözlə, hər cür neməti burada tapmaq olar.
Yaxınlıqdakı piştaxtaya yanaşıb satıcı ilə tanış olmaq istəyirik. Başı müştərilərə bərk qarışmış satıcı bizə də “Buyurun, nə lazımdır?” – deyir.
Səliqə ilə düzülən məhsullara baxa-baxa satıcı ilə söhbət edirik. Öyrənirik ki, Nurəddin Səfərovun satdığı məhsullar Ordubad mətbəxinə məxsusdur. Həmin məhsullara diqqətlə baxdığımı görüb deyir ki, bəzi müştərilər əlimdə olan bu alana və miyanpurun, lap elə ipdən asılmış sucuğun nə olduğunu bilmirlər. Məndən soruşanda isə, bu məhsullar haqqında məmnuniyyətlə danışıram. Onların necə hazırlandığını yaxşı bildiyim üçün çətinlik çəkmirəm. Alıcı sarıdan da çətinliyim yoxdur.
Nurəddin əminin piştaxtasında müxtəlif meyvə quruları da var. Onlardan dadı və tamına görə bahalı olanı da var, ucuz satılanı da. Məsələn, ərik qurusu nisbətən baha olsa da, tut qurusu ucuzdur və qış aylarında çay süfrələrimizi bəzəyən təam­lardandır. Quru meyvələrlə çay içməyə, əsasən, ürək və şəkər xəstə­liklərindən əziyyət çəkən yaşlı insanlar üstünlük verirlər.
Həmsöhbət olduğum satıcının qadın müştəriləri isə digər məhsullarla bərabər, bədnəzərdən qoruyan, başağrısına faydalı olan üzərlik almağı lazım bilirlər. Onlardan biri – şəhər sakini Zahirə Orucova deyir ki, vaxtaşırı olaraq evində üzərlik yandırır, onun ətri evdəki ab-havanın dəyişilməsinə də, başağrısı olanların yaxşılaşmasına da öz müsbət təsirini göstərir.
Digər bir piştaxtada turşuların hazırlanması üçün lazım olan ərzaqlar – kələm, qırmızı və ağ çuğundur, kök, yeralması, kal pomidor, çöl qarpızı, kərəviz və sair düzülüb. Satıcı bildirir ki, mövsümün bu çağında turşu hazırlığı görən qadınlarımız belə məhsullara üstünlük verirlər. Həftəbecər üçün də tərəvəz alanlar var, bütün qışboyu işlədilən turşular üçün də. Satıcı deyir ki, məhsullar Üstüpü kəndinin sahələrindən yığılıb. Hər biri can dərmanı, vitamin mənbəyidir.
– Yaxşı Qahab pendiri var, – qeyri-ixtiyari olaraq dönüb səs gələn tərəfə baxanda yaşlı bir qadın gözümüzə sataşır. O, pendiri torbaya qoyur, tərəzidə çəkib, haqqını alıb müştərini şirin dillə yola salır. Biz də ona yaxınlaşıb: – Başqa nələr satılır? – deyə, gözucu nəzər salırıq. Lobya, üzüm yarpağı, turşular, qısaca, qışa hazırlığın müəyyən bir qismi ilə burada da rastlaşırıq. Satıcı Cəmilə xala deyir ki, insanlar üzüm yarpaqlarını plastik qablarda alıb qışda açaraq istifadə edirlər. Piştaxta üzərindəki müxtəlif növ lobyalar, əsasən, Ordubaddan gətirilir.
İndi isə keçirik təbii otlar satılan tərəfə. Çobanyastığı, kəklikotu, solmazçiçək, həmərsin, böyrəkotu kimi onlarla şəfalı bitkiləri görürük. Bitkilərlə yanaşı, burada əriştə və müxtəlif ədviyyatlar da satılır. İstiot, sarıkök, sarıçiçək, əvəlik və sair. Satıcı Ehtiram Nağıyev deyir ki, bunları Şahbuz rayonunun Keçili kəndindən gətirib. İstər ədviyyatlar olsun, istərsə də təbii dərman bitkilərini almaq üçün xeyli adam ona müraciət edir. Xüsusilə də fəsil dəyişikliyi zamanı, soyuqların qapımızı döydüyü ərəfədə müalicəvi dərman bitkiləri alanların sayı daha da artır. Evdə kəsilib qurudulmuş əriştə isə, sadəcə, bu aylarda satılır.
Qarşıdakı piştaxtada isə diqqətimizi çəkən almaların şəffaflığı, al-əlvan rəngi olur. Satıcı Tahir Teymurov deyir ki, almalar Şahbuzun Kükü kəndindən gətirilib. Sağ olsun, dadına baxmaq üçün bizə almalardan təklif edir. Sözünü yerə salmırıq. Dadı da görüntüsü qədər yaxşıdır. Elə buradaca fikrimdən keçir ki, Naxçıvanın təmiz havasının və suyunun hesabına belə ekoloji təmiz məhsulların yetişdirilməsi heç də çətin deyil. Bunun üçün dövlətimiz kənd adamlarına hər cür şərait yaradıb. Belə şərait isə həm də şəhər əhalisinin tələbatını ödəməyə imkan verir.
Bir piştaxtada isə boyhaboy müxtəlif çeşiddə şaftalı, alma və digər meyvələr düzülüb. Bir-birindən dadlı, bir-birindən ləziz. Satıcı Saleh əmidən öyrənirik ki, müştərilər yerli meyvələri daha çox alırlar. Saleh əmi bu meyvələri Şərurdakı bağından gətirib. Deyir ki, bu bağda, demək olar ki, Naxçıvanda yetişdirilən bütün meyvələrdən var. Onlardan satmaq üçün Bakıya da göndərir. Paytaxtımızda Naxçıvanda yetişdirilən meyvələrə böyük maraq göstərilir.
Bazarda alıcılarla da söhbət edirik. Yaşı 60-a yaxın Zəhra nənə deyir ki, övladları Bakıda yaşayır. Hər mövsüm o da dadlı-tamlı nemətlərimizdən övladlarına, nəvələrinə sovqat göndərir. Elə buna görə də yenə bazara gəlib. Sucuqdan, meyvə qurularından, alanadan və bu kimi digər məhsullardan alıb, bağlama düzəldib Bakıya yola salacaq.
...Nahar vaxtından xeyli keçib. Bazarda bir qədər sakitlik yaranıb. Buradan öz tələbatına uyğun məhsullar alan insanlar bazarın çıxışına yaxınlaşırlar. Artıq bəzi piştaxtaların üstü boşdur. Evlərinə tərəf üz tutan satıcıların təbəssümündən hiss olunur ki, qazancları pis olmayıb. Biz isə düşünürük ki, onların bu qazancı zəhmətsevərliyin, torpağa bağlılığın bəhrəsidir. Halal qazancdır.
Bəli, torpaq onun qədrini bilənlərə qarşı çox səxavətlidir. Zəhmətini çəkənin əvəzini artıqlamasıyla ödəyir. Torpaq deyir: “Öldür məni, ­dirildim səni”.

 Fatma BABAYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR