Ordubad rayonunda baytarlıq xidmətinin fəaliyyətini gücləndirmək və nəzarət tədbirlərini yaxşılaşdırmaq məqsədilə istifadəyə verilən kənd mərkəzlərinin hər birində baytarlıq məntəqələri üçün lazımi avadanlıqlarla təmin edilmiş iş yerləri ayrılıb. Ümumiyyətlə, Ordubad Rayon Baytarlıq İdarəsi rayon əhalisinə 2 laboratoriya və 30 baytarlıq məntəqəsi vasitəsilə xidmət göstərir.
Baytarlıq xidmətinin vaxtında və mütəşəkkil təşkili məqsədilə rayona lazımi dərman preparatları gətirilir, iri və xırdabuynuzlu heyvanlar, həmçinin arılar və quşlar arasında müxtəlif xəstəliklərə qarşı peyvəndlər vaxtında aparılır. Ordubad Rayon Baytarlıq İdarəsinin rəisi Pamir Hüseynov bizimlə söhbətində bildirdi ki, bu il iyulun 5-də Naxçıvan Muxtar Respublikası Baytarlıq Xidmətində 2016-2017-ci illərdə baytarlıq xidməti sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı keçirilən səyyar müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri xidmət əməkdaşları qarşısında mühüm vəzifələr qoyaraq demişdir: “Heyvandarlığın inkişafında müsbət dinamikanın qorunub saxlanması, məhsuldarlığın artırılması və müxtəlif xəstəliklərə qarşı mübarizə tədbirlərinin vaxtında aparılması üçün Baytarlıq Xidməti fəaliyyətini daha da gücləndirməlidir. Xidmət yaradılmış şəraitdən düzgün istifadə edərək epizootik sabitliyi qoruyub saxlamalı, heyvanlar arasında peyvəndləmə, diaqnostik müayinə və digər tədbirlərin səmərəli təşkilinə nail olmalı, istifadə olunan dərmanların keyfiyyətinə və saxlanılma şəraitinə ciddi nəzarət edilməlidir. Naxçıvan şəhərində və rayon mərkəzlərində heyvandarlıq-arıçılıq sahələri üzrə əczaxanaların yaradılması davam etdirilməlidir”.
Qarşıya qoyulan bu vəzifələrin yüksək səviyyədə icrası üçün Ordubad Rayon Baytarlıq İdarəsi cari ilin ötən ayları ərzində bir sıra profilaktik tədbirlər yerinə yetirmişdir. Belə ki, diaqnostik müayinələr üzrə 5420 baş iribuynuzlu mal-qaradan, 5570 baş xırdabuynuzludan bruselyoz xəstəliyinin müəyyənləşdirilməsi üçün qan nümunələri götürülüb, epididimit üzrə 1810 baş xırdabuynuzluda, tuberkulizasiya üzrə 393 baş iribuynuzlu mal-qara üzərində müayinələr aparılıb. Həmçinin 7889 baş iribuynuzlu, 54180 baş xırdabuynuzluda qarayara xəstəliyinə qarşı profilaktik peyvəndləmələr aparılıb.
İdarə rəisi onu da bildirdi ki, bu ilin ötən aylarında arı xəstəliklərinə və quşlar arasında mövcud olan xəstəliklərə qarşı da profilaktik olaraq tədbirlər görülüb, müxtəlif xəstəliklərə qarşı da lazımi müayinə işi aparılıb.
Ümumiyyətlə, 2017-ci ilin ötən ayları ərzində 2946 baş iribuynuzlu mal-qara, 2484 baş xırdabuynuzlu müalicə olunub, 4906 baş iribuynuzlu mal-qarada, 11740 baş xırdabuynuzluda və 17383 baş quş üzərində dehelmentizasiya işi aparılmışdır. Bu müddətdə 18315 kvadratmetr sahəni əhatə edən 111 obyektdə dezinfeksiya işləri də yerinə yetirilib.
Pamir Hüseynov söhbətinin sonunda onu da vurğuladı ki, baytarlıq xidməti sahəsində qazanılan uğurlar son illər dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. Bu il iyul ayının 5-də Naxçıvan Muxtar Respublikası Baytarlıq Xidmətində keçirilən səyyar müşavirədə Ordubad Rayon Baytarlıq İdarəsi Ali Məclisin Sədri tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırılıb, 14 sentyabr 2017-ci il tarixində isə muxtar respublika rəhbəri tərəfindən idarəyə 1 ədəd “NAZ-Lifan” markalı xidməti avtomobil təqdim olunub.
Abbas SEYİD