Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi bu ilin 9 ayında da uğurla davam etdirilmişdir.
Ötən dövrdə Genişzolaqlı Asinxron Rəqəmli Abunəçi xətti texnologiyası vasitəsilə 3 min 46 yeni abunəçi internetlə təmin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 8 şəhər və rayon Təhsil şöbələri və nazirliyə birbaşa tabe olan 4 təhsil müəssisəsinin İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulması üçün müvafiq şəbəkə qurulmuş və avadanlıqlar istifadəyə verilmiş, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin internet səhifəsi yaradılaraq (its.naxcivan.az) serverdə yerləşdirilmişdir. Həmçinin “Naxçıvan İslam Mədəniyyəti – 2018” internet səhifəsinin hazırlanması işləri də başa çatdırılmışdır.
Şərur rayonunun Arpaçay və Çəmənli kəndlərinin hər birində bir ədəd 384 yerlik NGN tipli və Babək rayonunun Payız kəndində 384 nömrəli NGN tipli yeni avtomat telefon stansiyaları qurulmuşdur. Şərur rayonunun Arpaçay, Babək rayonunun Payız kəndlərində yeni poçt bölməsi yaradılmış, Çəmənli kəndindəki poçt bölməsi yeni binaya köçürülmüş, işçi kompüterlər MHM şəbəkəsinə qoşulmuş və digər lazımi avadanlıqlarla təmin olunmuşlar.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə Çin Xalq Respublikasının “Huawei” şirkəti arasında Ordubad rayonu ərazisində Yeni Nəsil Telefon Stansiyalarının qurulması ilə bağlı müqavilə imzalanmışdır. Muxtar respublika ərazisində köhnətipli avtomat telefon stansiyalarının yeni nəsil NGN tipli avtomat telefon stansiyalarla əvəz olunması lahiyəsi üzrə 4-cü mərhələyə start verilmişdir. Mövcud avtomat telefon stansiyaların nömrə tutumlarının artırılması nəticəsində hesabat dövründə 1901 yeni telefon nömrəsi istismara verilmiş, 58 min 253 metr fiber-optik kabel xətti çəkilmiş, “Evədək optika” layihəsi çərçivəsində 50 fərdi mənzil fiber-optik kabel xətti ilə təmin edilmişdir.
Payız-qış mövsümünə hazırlıqla bağlı rayon və kənd avtomat telefon stansiyalarında olan generatorların vəziyyəti yoxlanmış, təmirə ehtiyacı olanlar təmir edilərək saz vəziyyətə gətirilmişdir.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar
Nazirliyinin mətbuat xidməti