23 Dekabr 2024, Bazar ertəsi

2017-ci il oktyabr ayının 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “Naxçıvan Muxtar Respublikası Stomatoloji Mərkəzinin yenidən təşkili haqqında”, oktyabrın 4-də “Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyində “Yaşıl Bağ” publik hüquqi şəxsin yaradılması haqqında”, oktyabrın 16-da isə “Darıdağ Arsenli Su Müalicəxanasının yenidən təşkili haqqında” sərəncamlar imzalanmışdır. Hər üç sərəncamın preambula hissəsində həmin qurumların publik hüquqi şəxs statusunda yaradılması qeyd olunur. Maraqlıdır, publik hüquqi şəxs nədir və bunun hüquqi şəxslə fərqi nədədir?

Əvvəlcə qeyd edək ki, bu struktur ölkəmizdə yeni tətbiq olunur. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu 2015-ci il dekabrın 29-da qəbul edilmişdir. Qanunun qəbulundan sonra ölkəmizdə bir çox hüquqşünasların bunun izahı ilə bağlı kütləvi informasiya vasitələrində açıqlamaları olmuşdur. Geniş oxucu auditoriyasının marağını nəzərə alaraq həmin açıqlamalardan, həm də adıçəkilən qanundan müvafiq hissələri ümumiləşdirərək publik hüquqi şəxs məsələsinə bir daha aydınlıq gətirmək istərdik. Beləliklə, ilk olaraq publik hüquqi şəxs anlayışı haqqında.

Publik hüquqi şəxs anlayışı hüququn digər anlayışları ilə müqayisədə yeni termindir. Mülki hüququn digər konsepsiyalarının tarixi çox olsa da, publik hüquqi şəxs doktrinası, təxminən, 200 il bundan əvvəl Fransada inzibati dövlət quruculuğu çərçivəsində yaranıb. XIX əsrin axırlarından bir çox Avropa ölkələrində tətbiq olunmağa başlayıb və nəhayət, 1900-cü ildə kontinental hüquq dövlətləri üçün nümunə sayılan Almaniya Mülki Məcəlləsinin 80, 85 və 87-ci paraqraflarında öz əksini tapıb. Keçmiş SSRİ məkanında publik hüquqi şəxs haqqında qanunlar Gürcüstanda, Ukraynada, Moldovada və Baltikyanı ölkələrdə qəbul olunub. Ölkəmizdə isə publik hüquqi şəxslərin yaradılması, fəaliyyət göstərməsi və təşkili qaydaları “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Publik hüquq dedikdə ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusu başa düşülür. Publik hüquqi şəxs dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Hüquqi şəxs isə Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatdır.
Qanuna görə, publik hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Publik hüquqi şəxs həmçinin inzibati orqan kimi ödənişli xidmətlər həyata keçirə bilər.
Hüquqi şəxslər isə “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada istənilən növ sahibkarlıq fəaliyyəti ilə, xüsusi razılıq (lisenziya) alınmasını tələb edən fəaliyyət növləri ilə yalnız belə razılığın (lisenziyanın) alınmasından sonra məşğul ola bilərlər. Bundan əlavə, publik hüquqi şəxs dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən funksiyaları həyata keçirdiyindən işçilər dövlət qulluqçusu statusuna malik ola bilərlər. Bu məsələ publik hüquqi şəxs yaradılan zaman onun nizamnaməsi ilə müəyyənləşdirilir. Hüquqi şəxsdə isə işçilər dövlət qulluqçusu statusuna malik olmurlar.
Ümumiyyətlə götürdükdə isə, ölkəmizdə dövlət idarəetməsi bir sistem olaraq daim inkişafdadır. Hamımızın bildiyi kimi, dövlət hakimiyyətində qanunvericilik, icra və məhkəmə hakimiyyəti əsas yer tutur. Burada heç bir dəyişiklik və düzəliş etmək mümkün deyil. İcra hakimiyyəti orqanları isə təsərrüfat idarəçiliyi ilə məşğul ola, gəlir götürə, pullu xidmət göstərə bilməz. Çünki vətəndaş dövlətə vergi və rüsumunu ödədikdən sonra dövlət ondan gəlir götürmək məqsədilə başqa bir ödəniş tələb edə bilməz. Burada çıxılmaz vəziyyət yaranır. Ona görə ki, iqtisadiyyat inkişaf etdikcə yeni yaranan bir sıra qurumlar dövlətin adından insanlara pullu xidmət göstərir. Belə qurumlar isə məcburdurlar ki, bu xidmətləri göstərən strukturlarına mülki hüququn adi hüquqi şəxs statusu versinlər. Adi hüquqi şəxs isə o deməkdir ki, baxmayaraq, bu qurum dövlət əhəmiyyətli funksiyaları həyata keçirir, onun əmlakı girov qoyula, bu əmlaka qarşı məhkəmə icraatı başlana, bu qurum müflis ola bilər. Publik hüquqi şəxs konsepsiyası məhz qarşıya çıxan bu maneələri aradan qaldırır.
Vurğulamaq lazımdır ki, publik hüquqi şəxs dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən funksiyaları həyata keçirir. Məhz buna görə də adi hüquqi şəxsdən fərqli olaraq, onun kifayət qədər imtiyazları var. Birincisi, publik hüquqi şəxs heç vaxt müflis ola bilməz. Publik hüquqi şəxsə qarşı məhkəmə iddiaları adi mülki qaydada yox, inzibati icraat çərçivəsində mümkündür. İkincisi, publik hüquqi şəxs həm pulsuz, həm də pullu xidmətlər göstərə, özünü maliyyələşdirə bilər, ya da zərurət olduqda büdcədən maliyyələşər. Üçüncüsü, publik hüquqi şəxsin əməkdaşları yuxarıda da qeyd olunduğu kimi, dövlət qulluqçuları ola və onun bağladığı müqavilələr mülki müqavilə yox, dövlət orqanlarının bağladıqları müqavilələr kimi inzibati müqavilə ola bilər.
Sonda onu da qeyd edək ki, publik hüquqi şəxs ölkəmiz üçün kifayət qədər yeni imkanlar yaradır ki, idarəçilik sistemini pozmadan, həmin sistemin üzvi bir hissəsi kimi yeni qurumlar yaradılsın və dövlət mövcud sistemi dəyişmədən yeni funksiyaları həyata keçirmək imkanı əldə etsin. Məhz buna görədir ki, inkişaf etmiş Avropa ölkələrində uşaq bağçalarından tutmuş orta və ali təhsil müəssisələrinə, dövlətə məxsus tibb müəssisələrinədək hamısı publik hüquqi şəxslərdir. Məsələn, Almaniyada və digər Qərbi Avropa ölkələrində hətta dəmir yolu təsərrüfatları da bu cür statusa malikdirlər. Aydındır ki, dəmir yolu müflis ola bilməz, çünki ölkə üçün həyati əhəmiyyət kəsb edən sahə sayılır. Ona görə də dövlət publik hüquqi şəxs statusu verərək bu sahənin bütün məsuliyyətini öz üzərinə götürüb. Yaxud yenə də həmin Almaniya və Fransada mərkəzi banklara publik hüquqi şəxs statusu verilib. Səbəbi isə çox sadədir – dövlət orqanlarının (bu halda mərkəzi bankların) kredit vermək və faiz hesabına gəlir götürmək hüququ olmadığı üçün onlara publik hüquqi şəxs statusu verməklə bu imkan yaradılıb. Elə ölkəmizdə də “Publik hüquqi şəxslər haqqında” Qanun qəbul olunarkən qabaqcıl Avropa dövlətlərinin bu sahədəki təcrübələri əsas götürülüb. Buradan isə o nəticəyə gəlmək mümkündür ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən yuxarıda adıçəkilən qurumların publik hüquqi şəxs kimi fəaliyyət göstərməyinə imkan verən sərəncamların imzalanması qabaqcıl dəyərlərin tətbiqi baxımından böyük əhəmiyyət daşıyır.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR