Aqrar sahənin inkişafı və ərzaq məhsulları istehsalının artırılması üçün yeni texnologiyaların və müasir texnikanın cəlb edilməsi həlledici əhəmiyyət kəsb edir. Lakin müasir kənd təsərrüfatı texnikalarının alınması böyük vəsait tələb edir. Bu isə dövlətin dəstəyi olmadan mümkün deyil. Ona görə də muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərə hərtərəfli dövlət qayğısı göstərilir. Nəticədə, son illər kənd təsərrüfatı məhsullarının həcmi xeyli artıb.
Bu sahədə ən mühüm addım isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının inkişafının stimullaşdırılması məqsədilə imzaladığı 2014-cü il 16 aprel tarixli Fərmanı olub. Fərmana əsasən kənd təsərrüfatı texnikaları lizinqə verilərkən dəyərinin 20 faizi ödənildikdə dövlət büdcəsi hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi, eləcə də mineral gübrələrin 70 faiz güzəştlə satışının həyata keçirilməsi qərara alınıb. Bu tədbirlər yerlərdə aqrolizinq xidmətləri tərəfindən həyata keçirilir.
“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti 2005-ci ilin yanvar ayından fəaliyyət göstərir. Ötən dövrdə cəmiyyətin muxtar respublikanın rayonlarında bazaları yaradılaraq lazımi texnika və avadanlıqlarla təchiz olunub, kollektiv üzərinə düşən vəzifələri yerinə yetirib.
Cəmiyyət bu gün muxtar respublikada kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Qurumun əsas vəzifəsi regionda kənd təsərrüfatı texnikası çatışmazlığının aradan qaldırılmasını, fermerlərə güzəştli şərtlərlə texnika və avadanlıqların lizinq yolu ilə verilməsini, habelə mineral gübrələrin, damazlıq mal-qaranın, məhsuldar toxum sortlarının alınaraq uyğun qiymətlərlə sahibkarlara satışını təşkil etməkdən ibarətdir. Ötən müddətdə bu sahədə mühüm irəliləyişlərə nail olunub, fermerlər göstərilən dövlət qayğısından yararlana biliblər. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin ötən 12 il ərzindəki fəaliyyətinə nəzər salsaq, görərik ki, əgər 2006-cı ildə muxtar respublikaya 82 ədəd kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqlar gətirilmişdisə, 2017-ci ildə gətirilən texnikaların sayı 227 ədəd təşkil edib. Hər il onların sayı artırılaraq, ümumilikdə, 1978 ədədə çatdırılıb. Bu texnika və texnoloji avadanlıqların ardıcıl olaraq hər il fermerlərə güzəştli şərtlərlə satışı təşkil olunub, onlardan 1563 ədədi lizinq, 115 ədədi isə nağd və köçürmə yolu ilə hüquqi və fiziki şəxslərə satılıb.
Ötən dövrdə cəmiyyətin rayon bazaları da yaradılıb və bu bazalar üçün inzibati binalar, anbar, texniki park və təmir sexləri tikilib istifadəyə verilib, maddi-texniki baza gücləndirilib, gətirilən texnika və texnoloji avadanlıqların əkin sahələrinə uyğun bölgüsü aparılıb. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, indiyədək gətirilən kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqlardan 24 ədədi Şərur, 34 ədədi Babək, 21 ədədi Culfa, 12 ədədi Kəngərli, 7 ədədi Sədərək, 6 ədədi Ordubad, 12 ədədi Şahbuz bazalarına göndərilib. Beləliklə, ümumilikdə, rayon bazaları 116 ədəd texnika və texnoloji avadanlıqlarla təchiz olunub. Qeyd edək ki, lizinq yolu ilə satılan texnikaların ehtiyat hissələrinin alınması da cəmiyyət tərəfindən diqqət mərkəzində saxlanılır. Hazırda anbarlarda müxtəlif kənd təsərrüfatı texnikalarının ehtiyat hissələri vardır. Məhz torpaq mülkiyyətçilərinin əlindən tutan bu cür müasir texnika və avadanlıqlar əkin sahələrində mütərəqqi aqrotexniki qaydaların tətbiqinə imkan verir.
Torpaq mülkiyyətçilərinə mühüm dəstəklərdən biri də əkin sahələrinin mineral gübrələrə olan ehtiyacının ödənilməsidir. Artıq ötən ildən başlayaraq dövlət başçısının fərmanı ilə mineral gübrələrin fermerlərə 70 faiz güzəştlə satışı təmin olunub. Muxtar respublikada da əkinçiliklə məşğul olan torpaq mülkiyyətçiləri bu imkanlardan lazımınca yararlana bilirlər.
Bu ilin ötən dövrünədək “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin gübrə anbarlarına 4 min tona yaxın azot gübrəsi tədarük olunub. Yaradılan şərait muxtar respublikada yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsinə, meliorativ tədbirlərin həcminin genişləndirilməsinə, yeni fermer təsərrüfatlarının və kənd təsərrüfatı təmayüllü istehsal müəssisələrinin yaradılmasına imkan verir.
Muxtar respublikada heyvandarlığın inkişaf etdirilməsi yönündə atılan addımlar heyvandarlıq məhsullarının ildən-ilə artırılmasına şərait yaradır. Xüsusilə xarici ölkələrdən cins mal-qaranın alınıb gətirilərək güzəştli şərtlərlə sahibkarlara satılması bu sahənin inkişaf etdirilməsini stimullaşdırır. Məlumat üçün deyək ki, cəmiyyət tərəfindən bu günə qədər muxtar respublikaya 1927 baş damazlıq cins mal-qara gətirilib və fermerlərə uyğun şərtlərlə satılıb. Həyata keçirilən bu tədbirlər iribuynuzlu heyvanların cins tərkibinin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayıb ki, bu da ət və süd istehsalının ilbəil artmasına öz təsirini göstərib.
Əhalinin əksəriyyətinin kəndlərdə yaşadığı Naxçıvan Muxtar Respublikası zəngin kənd təsərrüfatı ənənələrinə malikdir. Bu ənənələri uğurla və mütərəqqi vasitələrlə davam etdirmək üçün bu gün münbit şərait mövcuddur. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fermerlərə dəstəyi isə aqrar sahədə mühüm nəticələr əldə etməyə imkan verib. Yaradılan imkanlar kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırıb və əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmasına şərait yaradıb.
Nail Əsgərov