Muxtar respublikada torpaqların elektron uçotunun aparılması, torpaqlardan təyinatı üzrə səmərəli istifadə edilməsinə dövlət nəzarətinin gücləndirilməsi, vətəndaşların mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması zamanı operativliyin təmin edilməsi 2017-ci ilin 9 ayı ərzində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən diqqət mərkəzində saxlanılmışdır. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması istiqamətində işlər davam etdirilmişdir. Komitənin informasiya infrastrukturunda yerləşdiriləcək müvafiq proqram təminatının hazırlanmasına başlanılmışdır. Naxçıvan şəhərinin 1, 2 və 3-cü sahə inzibati ərazi dairələrində, Şərur rayonunun Yengicə və Təzəkənd yaşayış məntəqələrində daşınmaz əmlak obyektlərinin plana alınması işi başa çatdırılmış, Naxçıvan şəhərinin 4-cü sahə inzibati ərazi dairəsində və Şərur rayonunun Düdəngə kəndində planaalma işləri aparılmış, Naxçıvan şəhəri üzrə 8013, Şərur rayonu üzrə 1434 daşınmaz əmlak obyekti plana alınmışdır.
Naxçıvan şəhər inzibati ərazi vahidinə daxil olan bütün bələdiyyələrin, Ordubad rayon inzibati ərazi vahidinə daxil olan 25 bələdiyyənin, Culfa rayon inzibati ərazi vahidinə daxil olan 11 bələdiyyənin sərhəd xəritələri və müvafiq yerquruluşu sənədləri elektron variantda hazırlanmış, torpaqların növləri üzrə uçotu aparılmışdır. Şərur rayonunun 40 bələdiyyəsinin və Babək rayonunun bütün bələdiyyələrinin mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin elektron torpaq kadastr xəritələri hazırlanmış, kadastr xəritələrinin məlumatları ilə torpaq reyestrində saxlanılan məlumatların uyğunluğu yoxlanılmışdır. Şərur, Ordubad, Culfa, Şahbuz və Kəngərli rayonlarının yay otlaqlarının xəritəsi, Babək və Kəngərli rayonlarının dövlət ehtiyat fondu və qış otlaq sahələrində yerləşən əkinəyararlı torpaq sahələrinin yerquruluşu planı hazırlanaraq istifadə üçün aid dövlət qurumlarına təqdim edilmişdir. Bundan başqa, muxtar respublikanın geoloji və faydalı qazıntı xəritələri, Arazboyu ərazilərin rayonlar üzrə xəritələri, sənaye xəritəsi, Naxçıvan şəhəri üzrə inzibati ərazi dairələrinin bölgü sxemi, Naxçıvan şəhərinin sahə inzibati ərazi dairələrinin yerquruluşu planı hazırlanaraq aid təşkilatlara göndərilmişdir.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası məqsədilə Şərur rayonunun Çomaxtur, Şahbuz rayonunun Kiçikoba, Ordubad rayonunun Düylün, Sədərək rayonunun Sədərək kəndlərində yerli icra nümayəndələrinin və bələdiyyələrin iştirakı ilə əkin atlaslarına uyğun meyvə-tərəvəz əkinlərinin aparılması və torpaqlardan səmərəli istifadə ilə bağlı maarifləndirici tədbirlər keçirilmişdir.
Bu ilin 9 ayı ərzində daşınmaz əmlakın dövlət reyestrində 3731 daşınmaz əmlak obyekti qeydiyyata alınmış, 2753 texniki sənəd hazırlanmışdır. Yeni yaranmış 572 daşınmaz əmlak obyektinə ünvan verilmişdir. Vətəndaşların rahatlığını və işlərin operativ təşkilini təmin etmək üçün muxtar respublikanın 70 yaşayış məntəqəsində 640 vətəndaşa səyyar xidmət göstərilmişdir. Daşınmaz əmlakın real bazar dəyərinə uyğun qiymətləndirilməsi ilə əlaqədar 97 müraciət icra edilmiş, 971 əmlakın dəyəri məlumat bazasına daxil edilmişdir.
Muxtar respublikanın torpaq fondundan səmərəli istifadəyə dövlət nəzarətinin gücləndirilməsi və vətəndaşların mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasında operativliyin təmin edilməsi istiqamətində səylər daha da artırılacaqdır.
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti