2017-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı üzrə mühüm tədbirlər həyata keçirilmiş, dinamik inkişaf qorunub saxlanılmışdır.
Hesabat dövrünün ən mühüm hadisələrindən biri ölkə Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya səfəri olmuşdur. Ölkə başçısı səfəri zamanı Əlahiddə Ümumqoşun Ordusunun “N” hərbi hissəsindəki əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün yaşayış binasının, Naxçıvan şəhər 3 nömrəli tam orta məktəb binasının, Culfa və Şahbuz rayonlarının mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin açılış, Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimlərində iştirak etmiş, muxtar respublikada aparılan irimiqyaslı tikinti-quruculuq tədbirlərini yüksək qiymətləndirərək demişdir: “Doğrudan da son illər ərzində Naxçıvan böyük inkişaf yolu keçmişdir. Naxçıvan şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi, infrastruktur layihələrinin icrası, bütün şəhər və kəndlərin abadlaşması prosesi onu göstərir ki, respublika möhkəm ayaqda dayanır. Hesab edirəm ki, bu gün Naxçıvan Muxtar Respublikasının çiçəklənmə dövrüdür. Çünki bütün istiqamətlər üzrə işlər uğurla gedir və gözəl nəticələr var”.
Cari ilin yanvar-sentyabr aylarında ümumi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalının dəyəri 1 milyard 949 milyon manatdan artıq olmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricidən 1,6 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,5 faiz artaraq 4327,4 manat olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 28,2 faizlik payla sənaye tutmuş və maddi istehsalın payı 56,5 faiz təşkil etmişdir.
2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-sentyabr aylarında sənaye məhsulu 1,3 faiz, kənd təsərrüfatı məhsulu 3,8 faiz, nəqliyyat sektorunda yük daşınması 2,1 faiz, informasiya və rabitə xidmətlərinin dəyəri 1,9 faiz, o cümlədən mobil rabitə xidmətinin dəyəri 1,9 faiz, pərakəndə əmtəə dövriyyəsi 1,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 1,8 faiz, ixrac 1,3 faiz, əhalinin gəlirləri 1,2 faiz artmışdır.
Makroiqtisadi göstəricilər
*) müqayisəli qiymətlər üzrə
**) yanvar-avqust ayları
Sənaye
Muxtar respublikada sənayenin müxtəlif sahələrinin inkişafına yönəldilmiş kompleks tədbirlər nəticəsində istehsalın dayanıqlılığı təmin edilərək dinamik məhsul istehsalına nail olunmuşdur.
2017-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada 781 milyon 430 min 500 manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövründəki göstəricini 1,3 faiz üstələmişdir.
Sənaye məhsulu istehsalının 96 faizi malların, 4 faizi isə xidmətlərin payına düşmüşdür. Sənayenin dövlət sektorunda 35 milyon 488 min 800 manatlıq, qeyri-dövlət sektorunda isə 745 milyon 941 min 700 manatlıq məhsul istehsal olunmuşdur. İstehsal olunan sənaye məhsulunun 95,5 faizi özəl sektorun payına düşmüşdür.
Sənaye məhsulu istehsalının
dinamikası, min manat
2017-ci ilin doqquz ayında muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 46 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmışdır. Hazırda 25 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması davam etdirilir.
Sənayedə istehsalın genişlənməsi ixracın da həcminə müsbət təsir göstərmiş, cari ilin yanvar-sentyabr aylarında 220 milyon 544 min 900 ABŞ dolları dəyərində məhsul ixrac olunmuşdur.
Hərbi quruculuq
Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir. 2017-ci ilin yanvar-sentyabr aylarında Naxçıvan şəhərində mərkəzi hərbi xəstəxananın, təlim-tədris mərkəzinin, tibb və texniki qulluq məntəqələrinin, avtomobil dayanacağının, anqarın tikintisi davam etdirilmişdir.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında infrastruktur obyektlərinin tikintisi başa çatdırılmış, sərhəd diviziyasında yaşayış binasının, Qaraçuq kəndi ərazisində sərhəd dəstəsi binasının yenidən qurulması, Şərur rayonunda “N” hərbi hissədə infrastruktur obyektlərinin tikintisi davam etdirilir.
Babək rayonunda anqarın tikintisi başa çatdırılmış, Culfa rayonunda dörd, Şahbuz rayonunda iki anqarın, Babək rayonunda texniki istismar hissəsinin tikintisi davam etdirilir.
Şərur rayonunda əsgər yeməkxanasının tikintisi, qərargah binasının və əsgər yataqxanasının əsaslı təmiri davam etdirilir.
Tikinti-quruculuq və su təchizatı tədbirləri
İnvestisiya qoyuluşları dinamik inkişafı sürətləndirən mühüm amillərdəndir. Bu istiqamətdə 2017-ci ilin yanvar-sentyabr aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 768 milyon 502 min 300 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən çoxdur. İnvestisiya qoyuluşlarının 711 milyon 140 min 500 manatı və ya 92,5 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir.
2017-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada 137 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuşdur. 130 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri isə davam etdirilir.
Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi üzrə tədbirlər 2017-ci ilin yanvar-sentyabr aylarında da davam etdirilmiş, 4 kənd mərkəzi istifadəyə verilmişdir. 7 kənd mərkəzində inşaat işləri davam etdirilir.
Muxtar respublikada 2 yaşayış binasının tikintisi, 5 yaşayış binasının yenidən qurulması başa çatdırılmışdır. 2 yaşayış binasının tikintisi, 6 yaşayış binasının yenidən qurulması, 2 yaşayış binasının əsaslı təmiri davam etdirilir.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərmişdir. 2017-ci ilin doqquz ayında muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 368 min 840 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricidən 1,2 faiz çoxdur.
Babək rayonunun Şıxmahmud və Xəlilli kəndlərində içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilmişdir. Naxçıvan şəhərində və Şahbuz rayonunda çirkab sutəmizləyici qurğunun, Şərur, Babək, Ordubad, Kəngərli və Sədərək rayonlarında içməli su və kanalizasiya xətlərinin tikintisi aparılır.
Kənd təsərrüfatı və yaşıllaşdırma tədbirləri
Muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının yerli məhsullar hesabına ödənilməsini təmin etmək məqsədilə aqrar sektorda kompleks tədbirlər həyata keçirilmiş, daxili bazarda məhsul bolluğu yaradılmışdır.
2017-ci ilin məhsulu üçün 61 min 531 hektar sahədə əkin aparılmışdır ki, bu da 2016-cı ilin məhsulu üçün əkilmiş sahədən 5 hektar çoxdur.
Cəmi əkin sahələri, hektarla
Muxtar respublikada məhsuldar və keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması məqsədilə Naxçıvan şəhərində toxumçuluq təsərrüfatı üçün yeni kompleks inşa olunmuşdur. Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində ayrılan qrant hesabına Naxçıvan Muxtar Respublikası “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinə yeni kənd təsərrüfatı texnikaları və toxumçuluq laboratoriyası avadanlıqları – 5 kombayn, 5 traktor, hər birinin tutumu 10 ton olan 4 yük maşını, 5 toxumsəpən, 5 filtr təmizləyici, avtobus, hidravlik ekskavator, yanacaq tankeri, toxumörtən, diskli kotan və dırmıqlar, 5 gübrəsəpən, 5 toxumtəmizləyən, 2 elevator, 80 tonluq elektron tərəzi, eləcə də digər maşın və avadanlıqlar təqdim olunmuşdur. Yeni alınan elektro-termostatik inkubator, isitmə və qurutma sobası, mikroskop və digər avadanlıqlar toxumçuluq laboratoriyasında yüksək məhsuldarlığa malik, xəstəliyə, ziyanvericilərə və yerli iqlim şəraitinə dözümlü toxum sortlarının yetişdirilməsinə, toxumların genofonduna və seleksiyasına nəzarət olunmasına imkan verir.
“Toxumçuluq haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu muxtar respublikada toxum istehsalına, tədarükünə və istifadəsinə geniş imkanlar açmışdır. Hazırda muxtar respublikada 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir.
Ötən dövrdə muxtar respublikada taxılçılıq üstün istiqamət kimi saxlanılmış və 2017-ci ilin məhsulu üçün 31632 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 30320 hektarı payızlıq, 1312 hektarı isə yazlıq taxıldır. Taxıl zəmilərinin 22268 hektarında buğda, 9364 hektarında isə arpa əkilmişdir. Bir il öncəyə nisbətən taxıl əkini sahəsi 53 hektar artmışdır. Cari ildə taxıl zəmilərindən 93 min 419 ton məhsul toplanmışdır.
Taxılla yanaşı qarğıdalı əkini üzrə də tədbirlər həyata keçirilmiş, məhsulun vaxtında toplanılması üçün müvafiq texnikalar alınaraq muxtar respublikaya gətirilmişdir. 2017-ci ilin məhsulu üçün muxtar respublikada 1667 hektar sahədə qarğıdalı əkini aparılmışdır. 1 oktyabr 2017-ci il tarixə 1384 hektar qarğıdalı zəmilərindən 11150 ton məhsul yığılmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz çoxdur.
Tələbata uyğun olaraq kartofçuluğun inkişafında da müsbət dinamika saxlanılmış və 2017-ci ildə 3183 hektar sahədə kartof əkini aparılmışdır ki, bu da 2016-cı ildə əkilmiş sahədən 130 hektar çoxdur. 1 oktyabr 2017-ci il tarixə 3095 hektar sahədən 47490 ton kartof yığılmışdır ki, bu da bir il öncəki göstəricini 3,9 faiz üstələyir.
Muxtar respublikada tütünçülüyün inkişafı istiqamətində Kəngərli rayonunda tütün yetişdirmə mərkəzi yaradılmış, 9 hektar sahədə tütün əkini aparılmışdır. 1 oktyabr 2017-ci il tarixə 9 hektar sahədən 9,5 ton qurudulmuş tütün yığılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası da muxtar respublika əhalisinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə və tələbatdan artıq mövsümi məhsulların ixracına geniş imkanlar yaratmışdır.
Meyvəçiliyin inkişafını stimullaşdırmaq məqsədilə 2017-ci ildə muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində Göycə festivalı keçirilmişdir. 1 oktyabr 2017-ci il tarixə meyvə istehsalı bir il öncəyə nisbətən 1,2 faiz, tərəvəz istehsalı isə 0,9 faiz artmışdır. Hazırda meyvə və tərəvəz yığımı davam edir.
Cari ilin ötən dövründə üzümçülüyün inkişafı istiqamətində yerli resurslardan istifadə olunmaqla üzüm bağlarının salınması üçün tinglərin becərilməsinə başlanılmışdır. Yeni üzüm bağlarının salınması istiqamətində tədbirlər davam etdirilir.
Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılmaqdadır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 143 ədədi 2017-ci ilin yanvar-sentyabr aylarında olmaqla, cəmi 1978 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmişdir. 2017-ci ilin yanvar-sentyabr aylarında əvvəlki dövrlərdə gətirilənlərlə birlikdə 204 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə məhsul istehsalçılarına verilmiş, 7 ədədi nağd yolla satılmışdır. Bu dövr ərzində məhsul istehsalçıları 5293 ton mineral gübrə ilə təmin olunmuşdur.
1 oktyabr 2017-ci il tarixə 100 min 116 ton dənli və dənli-paxlalılar (qarğıdalısız), 750 ton dən üçün günəbaxan, 72314 ton tərəvəz, 36378 ton ərzaq üçün bostan məhsulları, 38122 ton meyvə, 9732 ton üzüm toplanmışdır. Hazırda bir neçə məhsul növü üzrə yığım davam edir.
Kənd təsərrüfatının aparıcı sahələrindən biri olan heyvandarlığın inkişafı da diqqətdə saxlanılmışdır. Cari ilin ötən dövrü ərzində 10 heyvandarlıq təsərrüfatı yaradılmış, ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə 1 milyon 98 min 400 manat məbləğində kredit verilmişdir. Ötən dövrdə Dövlət Baytarlıq Xidmətinin maddi-texniki bazasını gücləndirmək məqsədilə 3 ədəd süni mayalandırma avadanlığı və xidməti minik avtomobili təqdim olunmuşdur.
2017-ci ilin ötən dövründə muxtar respublikada heyvandarlıq təsərrüfatlarında 7732 baş inək, düyə və camış süni yolla mayalandırılmış, əvvəlki dövrdə mayalandırılmış inək, düyə və camışlardan 4866 baş sağlam bala alınmışdır. 1 oktyabr 2017-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 116 min 122 baş, qoyun və keçilərin sayı 716 min 107 baş olmuşdur ki, bu da 1 oktyabr 2016-cı il tarixə olan göstəricilərdən müvafiq olaraq 1,5 və 2 faiz artıqdır.
2017-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada diri çəkidə 17725 ton ət, 70231 ton süd istehsal olunmuşdur ki, bu da 2016-cı ilin yanvar-sentyabr ayları ilə müqayisədə müvafiq olaraq 2,4 və 2,6 faiz çoxdur.
Daxili bazarda tələbatın yerli istehsal hesabına ödənilməsi məqsədilə 4 quşçuluq təsərrüfatı yaradılmışdır. Hazırda 3 quşçuluq təsərrüfatının yaradılması davam etdirilir.
Muxtar respublikada arıçılığın inkişafı üzrə də mühüm tədbirlər həyata keçirilməkdədir. İqtisadi cəhətdən yüksək gəlir gətirən, qida və müalicəvi baxımdan faydalı təsərrüfat sahəsi olan arıçılığın daha da inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. 2017-ci ilin ötən dövrü ərzində bu sahədə müvafiq tədbirlər görülmüş, təsərrüfat subyektlərinə 27 min manat məbləğində kredit verilmişdir.
Cari ilin ötən dövrü ərzində kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 1 milyon 571 min 600 manat məbləğində kreditlərin verilməsi təmin olunmuşdur.
2017-ci ilin yanvar-sentyabr aylarında bir il öncəyə nisbətən 3,8 faiz çox, yəni 334 milyon 397 min 900 manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.
Kənd təsərrüfatı məhsulu, min manat
Etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırmış, 2017-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikadan 85 milyon 482 min 400 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunmuşdur.
Meliorasiya-irriqasiya sistemlərinin yeniləşdirilməsi diqqət mərkəzində saxlanılmış, Culfa rayonu ərazisində və Şahbuz rayonunun Kiçikoba kəndində suvarma boru xətlərinin, Ordubad rayonu ərazisində və Babək rayonunun Payız kəndində suvarma kanallarının tikintisi başa çatdırılmışdır. Hazırda Şərur rayonunun Aşağı Aralıq kəndində suvarma kanalının tikintisi davam etdirilir.
Kəngərli rayonunun Böyükdüz kəndində qapalı suvarma şəbəkəsinin tikintisi, suvarma boru xəttinin bərpası, Şərur, Babək və Sədərək rayonlarında kollektor-drenaj şəbəkələrinin təmizlənməsi davam etdirilmişdir.
Şərur rayonunun Qışlaqabbas kəndində, Babək rayonunun Babək qəsəbəsində və Vayxır kəndində qapalı, Hacıvar kəndində qapalı və açıq, Pircuvar massivində açıq drenaj xətlərinin çəkilişi başa çatdırılmış, Naxçıvan şəhərinin Qaraçuq, Babək rayonunun Cəhri kəndlərində qapalı drenaj xətlərinin çəkilişi davam etdirilir.
Şərur rayonunda Arpaçayda, Babək rayonunda Cəhriçayda, Naxçıvançayda və Qahab selovunda istiqamətləndirici bəndlərin tikintisi, Babək rayonunda Uzunoba Su Anbarına sugətirici kanalın təmiri davam etdirilir.
Muxtar respublikada 9 kəhrizin təmiri başa çatdırılmış, 6 kəhrizdə isə təmir işləri davam etdirilir.
Meşə fondunun mühafizə olunması, bərpası, yeni meşəliklərin salınması istiqamətində də tədbirlər görülmüş, cari ilin ötən dövründə 273,8 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 196 min 400 ədəd ağac və bəzək kolları əkilmişdir.
Nəqliyyat, informasiya və rabitə, energetika
Müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Cari ilin yanvar-sentyabr aylarında Babək rayonunun Payız kəndində avtomobil yolunun yenidən qurulması başa çatdırılmışdır. Kəngərli rayonunun Qıvraq qəsəbəsində daxili, Şərur rayonunun Ələkli, Aşağı Aralıq və Yuxarı Aralıq, Culfa rayonunun Dizə, Kəngərli rayonunun Qarabağlar, Şahbuz rayonunun Badamlı kəndlərində avtomobil yolları yenidən qurulur.
Şıxmahmud-Xəlilli-Naxçıvan şəhər avtomobil yolunun yenidən qurulması başa çatdırılmış, Şərur rayonunun Xanlıqlar-Vərməziyar-Ərəbyengicə-Qarahəsənli-Çəmənli, Ordubad rayonunun Düylün-Çənnəb-Üstüpü-Məzrə, Kəngərli rayonunun Qıvraq-Şahtaxtı avtomobil yollarının yenidən qurulması davam etdirilir.
Babək rayonunun Payız, Ordubad rayonunun Sabirkənd, Şahbuz rayonunun Güney Qışlaq kəndlərində və Ordubad şəhərində avtomobil yollarında istinad divarlarının, Babək rayonunun Payız kəndində selötürücülərin, Şahbuz şəhərinin daxili avtomobil yolunda su kanallarının tikintisi, Babək rayonunun Payız kəndində körpünün yenidən qurulması başa çatdırılmışdır.
Naxçıvan şəhərində yerüstü piyada keçidinin və 400 yerlik avtomobil parkının, Ordubad rayonunun Üstüpü kəndində avtomobil yolunda istinad divarlarının və Kəngərli rayonunun Qarabağlar kəndində avtomobil yolunda selötürücülərin tikintisi davam etdirilir.
Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə Naxçıvan-Ərzurum avtobus marşrutu fəaliyyətə başlamış, Naxçıvan Beynəlxalq Hava Limanının karqo terminalı yenidən qurulmuşdur.
Aerovağzal kompleksində təhlükəsizliyin təmin olunması məqsədilə yeni videomüşahidə qurğularının quraşdırılması üzrə işlər aparılır.
Culfa stansiyasında İstismar Vaqon Deposunun, Ordubad dəmiryolu sərnişin vağzalı binasının, Ordubad yol sahəsinin inzibati binasının və 4 saylı yol məntəqəsi binasının tikintisi, Ordubad Stansiya İdarəetmə Mərkəzinin əsaslı təmiri davam etdirilir. Bundan əlavə, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Təhlükəsizlik İdarəsinin 23 saylı Aza, 24 saylı Gülüstan və 27 saylı Naxçıvançay təhlükəsizlik komandalarının binalarında əsaslı təmir işləri aparılır.
2017-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada nəqliyyat sektorunda 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 2,1 faiz, sərnişin daşınması 2 faiz artmışdır. Yük və sərnişin daşınmasından, bütövlükdə, 41 milyon 843 min 200 manat gəlir əldə edilmişdir ki, bu da bir il öncəki göstəricidən 3,6 faiz çoxdur.
Muxtar respublikada informasiya və rabitə sahəsində yeni texnologiyaların tətbiqi bu sahə üzrə göstərilən xidmətlərin əhatə dairəsini genişləndirmişdir.
Cari ilin yanvar-sentyabr aylarında Naxçıvan şəhərində 17 nömrəli, Tumbul, Babək rayonunun Payız, Şərur rayonunun Arpaçay kəndlərində yeni poçt bölmələri istifadəyə verilmişdir. Şərur rayonunun Çəmənli kəndində poçt bölməsi yeni binaya köçürülmüşdür. Ordubad rayonunda rabitə evinin tikintisi davam etdirilir.
Naxçıvan şəhərinin Tumbul kəndində avtomat telefon stansiyası yeni binaya köçürülmüş, Şərur rayonunun Arpaçay və Çəmənli, Babək rayonunun Payız kəndlərinin hər birində 384 nömrə tutumlu avtomat telefon stansiyaları quraşdırılmışdır. Həmçinin Culfa rayonunun Ərəzin kəndi ərazisində 1 ədəd KAREL DS 200 tipli avtomat telefon stansiyası quraşdırılmışdır.
Babək rayonunun Cəhri və Nehrəm kəndlərində, Culfa rayonunun mərkəzi və Əbrəqunus kəndindəki avtomat telefon stansiyalarının hər birində 1 ədəd DSLAM avadanlığı quraşdırılaraq əhalinin genişzolaqlı internet xidmətindən istifadəsi təmin edilmişdir.
Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrası istiqamətində 50 fərdi mənzilə fiber-optik kabel xətti çəkilmişdir.
2017-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada 1901 ədəd yeni telefon şəbəkəyə qoşulmuş, 1 oktyabr 2017-ci il tarixə hər yüz ailəyə 72 telefon aparatı, hər yüz nəfərə 104 mobil telefon düşmüşdür.
Cari ilin yanvar-sentyabr aylarında muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 2016-cı ilin müvafiq dövründəki göstəricini 1,9 faiz üstələyərək 38 milyon 500 min 100 manat olmuşdur. Ümumi xidmətlərin 83,1 faizi mobil rabitənin payına düşmüşdür. Mobil rabitə xidmətlərinin dəyəri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artmışdır.
Elektroenergetika sektorunda davamlı olaraq yeni güclərin yaradılması, infrastrukturun müasir standartlar səviyyəsində yenilənməsi istiqamətində tədbirlər davam etdirilir.
2017-ci ilin doqquz ayında Babək rayonunun Xal-xal kəndi ərazisində Naxçıvan Günəş Elektrik Stansiyasının gücü 2 meqavat artırılaraq 22 meqavata çatdırılmışdır. Şahbuz rayonunda 35/10 kilovoltluq “Şahbuz” yarımstansiyası istifadəyə verilmiş, Ordubad rayonunda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilir.
Muxtar respublikada 32,5 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətləri çəkilmiş, 16 ədəd transformator yarımstansiyası quraşdırılmışdır.
1 oktyabr 2017-ci il tarixə muxtar respublikada 85 min 460 əhali abonenti mavi yanacaqla təmin olunmuşdur.
Sahibkarlıq fəaliyyəti, əhalinin gəlirləri və məşğulluq məsələləri
Muxtar respublikada sahibkarlığın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
2017-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada sahibkarlara 7 milyon 934 min 100 manat məbləğində kreditlər verilmişdir. Bu dövr ərzində 32 hüquqi və 1745 fiziki şəxs qeydiyyata alınmışdır.
Yerli istehsal sahələrinin inkişafının nəticəsidir ki, bu gün muxtar respublikada 371 növdə məhsul istehsal olunur. Bu məhsulların 121 növü ərzaq, 250 növü qeyri-ərzaq məhsullarıdır. 107-si ərzaq, 237-si qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir.
Muxtar respublikada əhalinin gəlirləri bir il öncəyə nisbətən 1,2 faiz artaraq 1 milyard 331 milyon 97 min 400 manata, onun hər bir nəfərə düşən məbləği isə 2954,7 manata çatmışdır. Cari ilin yanvar-avqust aylarında orta aylıq əməkhaqqının məbləği 414,5 manat təşkil etmişdir ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricidən 1,1 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə, səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə geniş imkanlar yaratmaqdadır.
Cari ilin yanvar-sentyabr aylarında muxtar respublikada 1919 yeni iş yeri yaradılmışdır ki, bunun da 1876-sı və ya 97,8 faizi daimi iş yerləridir. Əmək bazarının tələblərinə uyğun olaraq cari ilin ötən dövründə Naxçıvan Regional Peşə Tədris Mərkəzində qazanxana maşinisti, xalçaçı, elektrik montyoru, qaz avadanlıqlarının istismarı və təmiri üzrə nəzarətçi-çilingər, ağac üzərində oyma, bərbər, bərbər-manikürçü, aşpaz köməkçisi və dayə peşələri olmaqla, ümumilikdə, 303 nəfər peşə kurslarına cəlb edilmişdir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin tabeliyindəki peşə-ixtisas təhsili müəssisələrində 2484 nəfər müxtəlif peşələrə yiyələnmişdir.
İstehlak bazarı
Səmərəli məşğulluq imkanlarının yaradılması əhalinin alıcılıq qabiliyyətini yüksəltmiş, əmtəə dövriyyəsinin həcmini genişləndirmişdir.
2017-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikanın istehlak bazarında əhaliyə 1 milyard 394 milyon 793 min 700 manat məbləğində istehlak malları satılmış və ödənişli xidmətlər göstərilmişdir ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.
Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində Naxçıvan şəhərinin Tumbul, Şərur rayonunun Arpaçay və Çəmənli, Babək rayonunun Payız kəndlərində xidmət mərkəzləri istifadəyə verilmiş, Naxçıvan şəhərinin Qaraxanbəyli, Şərur rayonunun Qarahəsənli, Ələkli və Ərəbyengicə, Babək rayonunun Gərməçataq, Ordubad rayonunun Üstüpü və Düylün, Culfa rayonunun Dizə kəndlərində xidmət mərkəzlərinin inşası davam etdirilmişdir.
Naxçıvan şəhərində “Koton” Moda və Satış firmasının, “İdeal” ətriyyat və kosmetika, yaşıllıq materialları satışı mağazaları yaradılmış, mərkəzi bazar və “Naxçıvan Avtoservis” Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən qurulmuşdur.
Xarici ticarət, bank işi və sığorta fəaliyyəti
Muxtar respublikanın dinamik inkişafı, ən əsası yerli istehsalın şaxələndirilməsi xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmışdır.
2017-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 329 milyon 821 min 400 ABŞ dolları təşkil etmişdir. Xarici ticarət dövriyyəsinin 306 milyon 27 min 300 ABŞ dollarını ixrac, 23 milyon 794 min 100 ABŞ dollarını idxal təşkil etmiş və 282 milyon 233 min 200 ABŞ dolları məbləğində müsbət saldo yaranmışdır.
Bank sektorunun inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası muxtar respublikada elektron ödəniş infrastrukturunun inkişaf etdirilməsinə, maliyyə vəsaitləri dövriyyəsinin sürətləndirilməsinə, nağd ödənişlərin azalmasına səbəb olmuş, məxaricdə emissiyanın xüsusi çəkisi 2016-cı ilin müvafiq dövründəki 36,6 faizdən azalaraq 35,7 faiz təşkil etmişdir.
1 oktyabr 2017-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 61906-ya çatmışdır ki, bunun da 53852-si və ya 87 faizi aktiv hesablardır. 2017-ci ilin yanvar-sentyabr aylarında açılmış 21022 bank hesabının 20936-sı aktiv hesablar olmuşdur.
1 oktyabr 2017-ci il tarixə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1257-yə çatmışdır.
Səmərəli sığorta sisteminin formalaşdırılması istiqamətində tədbirlər davam etdirilməkdədir. 2017-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada sığorta növləri üzrə daxilolmalar 5 milyon 725 min manat olmaqla, bir il öncəki göstəricini 27 faiz üstələmişdir.
Təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və turizm
Təhsil sahəsi üzrə infrastruktur quruculuğu tədbirləri çərçivəsində Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsi və Naxçıvan Müəllimlər İnstitutu üçün korpusların tikintisi davam etdirilir.
Şərur şəhərində 1020 şagird yerlik 2 nömrəli, Naxçıvan şəhərinin Tumbul kəndində 376 şagird yerlik 13 nömrəli, Şərur rayonunun Çəmənli kəndində 380 şagird yerlik, Şahbuz rayonunun Kolanı kəndində 360 şagird yerlik tam orta məktəb binalarının tikintisi, Babək rayonunun Payız kəndində 240 şagird yerlik tam orta məktəb binasının yenidən qurulması başa çatdırılmışdır.
Naxçıvan şəhərinin Qaraxanbəyli, Şərur rayonunun Ərəbyengicə, Ordubad rayonunun Üstüpü, Culfa rayonunun Dizə kəndlərində məktəb binalarının tikintisi, Şərur rayonunun Ələkli və Qarahəsənli, Babək rayonunun Gərməçataq kəndlərində məktəb binalarının yenidən qurulması davam etdirilmişdir.
Kəngərli rayonunun Qıvraq qəsəbəsində 224 yerlik uşaq bağçası binasının tikintisi başa çatdırılmış, Şərur rayonunun Ələkli kəndində uşaq musiqi məktəbi binasının yenidən qurulması davam etdirilir.
Muxtar respublikada təhsilin inkişafı sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq “İstedad-XXI əsr” hazırlıq kurslarının Naxçıvan şəhərində yeni tədris binası istifadəyə verilmiş, Şərur, Ordubad, Culfa və Şahbuz rayonlarında filialları fəaliyyətə başlamışdır.
Təhsilə göstərilən qayğı öz bəhrəsini vermiş, 2017-ci ildə ümumtəhsil məktəblərini bitirmiş 2973 məzundan 1496-sı ali təhsil müəssisələrinə, 239-u müxtəlif ali hərbi və xüsusi təyinatlı ali məktəblərə qəbul olunmuşdur. Ali məktəblərə qəbul olan məzunların 289-u imtahanlarda 500-700 arası bal toplamış, onlardan 3-ü Prezident təqaüdünə layiq görülmüşdür. 2016-2017-ci tədris ilində ümumi orta təhsil bazasından orta ixtisas məktəblərinə 629 nəfər qəbul olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamı muxtar respublikada gənc nəsildə vətənpərvərliyin, tarixə və milli kökə bağlılığın, dünyagörüşün formalaşdırılmasına yeni üfüqlər açacaqdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” muxtar respublikada bu kateqoriyadan olan uşaqların təhsilinin təmin edilməsində və onların cəmiyyətə inteqrasiyasında böyük əhəmiyyətə malikdir. 2017-ci ilin ötən dövründə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin Defektoloji bölməsinin Şərur və Ordubad rayonlarında filialları yaradılmışdır.
Əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmiş, Naxçıvan şəhərinin Tumbul, Şərur rayonunun Arpaçay və Çəmənli, Babək rayonunun Payız kəndlərində feldşer-mama məntəqələrinin tikintisi, Şərur Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri başa çatdırılmışdır. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının yenidən qurulması, Şərur rayonunun Ərəbyengicə, Ordubad rayonunun Üstüpü kəndlərində həkim ambulatoriyası binalarının tikintisi hazırda davam etdirilir.
Muxtar respublikada əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 31 may tarixli Sərəncamı ilə “Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə dair Tədbirlər Planı” təsdiq edilmiş və işin icrasına başlanılmışdır.
Sosial layihələr çərçivəsində 2017-ci ilin yanvar-sentyabr aylarında yüksəkixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 426 cərrahi əməliyyat, o cümlədən 7 xəstədə açıq ürək, 69 xəstədə göz və 350 xəstədə digər müxtəlif əməliyyatlar aparılmışdır.
2017-ci ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 1 milyon 344 min 477 manat məbləğində ünvanlı dövlət sosial yardımı ödənilmişdir. Bundan əlavə, ötən dövrdə muxtar respublikada 23 aztəminatlı ailənin hər birinə fərdi təsərrüfatlarını qurmaq üçün cins inəklər verilmişdir.
Hesabat dövrünün sonuna 234 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxslərə evlərində sosial-məişət xidmətləri göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 192 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində 241 uşağın müalicəsi təşkil edilmişdir. Sağlamlıq imkanları məhdud 274 nəfər sanatoriya və müalicə pansionatlarına yollayışlarla təmin edilmiş, 289 nəfərə protez-ortopedik xidməti göstərilmiş, 132 nəfər texniki reabilitasiya vasitələri ilə təmin olunmuşdur. Hesabat dövründə 36 nəfərin ölkə daxilində müalicəsinə, 34 nəfərin isə sosial-məişət şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilmişdir. Bundan əlavə, cari ilin ötən dövründə sağlamlıq imkanları məhdud 155 uşağın Ağbulaq İstirahət Mərkəzində istirahəti təmin olunmuşdur.
Məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası istiqamətində “Nəxşicahan-Med” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Naxçıvan Əlillərin Bərpa Mərkəzinə xüsusi nəqliyyat vasitəsi və texniki reabilitasiya avadanlıqları təqdim olunmuşdur.
Muxtar respublikada iqtisadi və sosial sahələrdə qazanılmış uğurlar demoqrafik vəziyyətin daha da yaxşılaşmasını təmin etməkdədir. Belə ki, cari ilin may ayının 4-də muxtar respublikanın 450 mininci sakini dünyaya göz açmışdır. Bu münasibətlə Doğum Mərkəzində tədbir keçirilmiş, yeni doğulan körpənin valideyninə mükafat və hədiyyələr təqdim olunmuşdur. Son illər əhali artımında müsbət miqrasiya ilə yanaşı, yeni doğulanların sayı da əsas rol oynamış, muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3 min 931 nəfər artaraq 1 sentyabr 2017-ci il tarixə 451 min 554 nəfər olmuşdur.
Muxtar respublikada pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılmışdır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2017-ci ilin yanvar-sentyabr aylarında pensiya və müavinətlərin ödənilməsinə bir il öncəyə nisbətdə 4,8 faiz çox, yəni 97 milyon 645 min manatdan artıq vəsait yönəldilmişdir.
Muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilməkdədir. Cari ilin ötən dövrü ərzində “Xatun” Bədii Gimnastika Klubunun Şərur Olimpiya-İdman Kompleksində, Naxçıvan Dövlət Universitetində, “Naxçıvan” Universitetində və Naxçıvan Uşaq Bərpa Mərkəzində filialları yaradılmışdır. Bədii gimnastikanın inkişafı və qızların bu idman növünə cəlbi sahəsindəki səmərəli fəaliyyəti, eləcə də yaşayış şəraiti nəzərə alınaraq gənc idmançı mənzillə təmin olunmuşdur.
Culfa rayonunun Milax və Ərəfsə, Kəngərli rayonunun Qarabağlar kəndlərində kikboksinq bölmələri fəaliyyətə başlamış, Şərur rayonunun Dəmirçi kəndində stadion yenidən qurulmuşdur.
Milli dəyərlərimizin təbliği, onun daha da zənginləşdirilərək gələcək nəsillərə ötürülməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir.
İslam mədəniyyəti nümunələri ilə zəngin və bəşər sivilizasiyasına dəyərli töhfələr vermiş Naxçıvan şəhəri 2009-cu ilin oktyabr ayında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı şəhərində keçirilmiş altıncı konfransında 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 23 yanvar tarixli Sərəncamı ilə elan olunmuş müsabiqədə seçilmiş “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” loqotipinin təqdimatı olmuş, təsdiq edilmiş Tədbirlər Planına əsasən Naxçıvan şəhərində İmamzadə Kompleksinin, Şərur rayonunun Yengicə kəndində Şərq hamamının, Babək rayonunun Nehrəm kəndində İmamzadə tarixi abidəsinin, Kəngərli rayonunda Qarabağlar Türbə Kompleksinin bərpası davam etdirilir. Bu dövr ərzində Naxçıvan şəhərində 2 nömrəli Təqaüdçülər Klubu, istirahət parkı və Babək rayonunun Nehrəm kəndində Heydər Parkı istifadəyə verilmişdir.
Naxçıvan duzunun tarixdə oynadığı mühüm rolu nəzərə alınaraq, aparılan elmi tədqiqatların nəticələrinin sistemləşdirilməsini, elmi araşdırmalar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələrinin qorunub saxlanılmasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamı ilə “Naxçıvan Duz Muzeyi”nin yaradılmasına başlanılmışdır.
Kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilmiş, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin rayonlarda xüsusi müxbir postları yaradılmış, dövlət radiosunun internet üzərindən yayımı təmin olunmuş, komitəyə yeni çəkiliş avtomobili verilmişdir.
Muxtar respublikada infrastruktur quruculuğu tədbirlərinin genişlənməsi, turizmin kompleks şəkildə inkişafını təmin etmək üçün həyata keçirilən tədbirlər, yeni turizm obyektlərinin istifadəyə verilməsi bu sahənin inkişafı üçün əlavə imkanlar açmışdır.
2017-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 332 min 753 nəfər turist gəlmişdir ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricidən 3,9 faiz və ya 12 min 490 nəfər çoxdur.
Hüquq-mühafizə orqanları ilə iş
Muxtar respublikada hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının və bu sahədə çalışanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Cari ilin ötən dövründə muxtar respublikada təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, digər infrastruktur obyektlərinin, o cümlədən qaz kəmərlərinin, kommunikasiya xətlərinin fövqəladə hallardan qorunması, istehsal qüvvələrinin inkişafı məsələlərinin əsaslandırılmış şəkildə həll edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 17 mart tarixli Sərəncamına əsasən “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” hazırlanmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Xüsusi Təyinatlılar Şöbəsinin inzibati binasının və təlim mərkəzinin, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün yaşayış binasının tikintisi başa çatdırılmış, Sədərək rayonunda Sədərək sərhəd gömrük-buraxılış məntəqəsinin tikintisi, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin inzibati binasının yenidən qurulması davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 4, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 2, Kəngərli Rayon Məhkəməsi 1 xidməti avtomobillə təmin olunmuşdur.
Aparılan təhlillər göstərir ki, muxtar respublikada sosial-iqtisadi sahələrin kompleks inkişafı uzunmüddətli dövr üçün iqtisadi artımın və dayanıqlılığın təmin edilməsinə, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına zəmin yaradır.
Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsi