23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci il 5 oktyabr tarixli Sərəncamı ilə hər il oktyabrın 13-ü ölkəmizdə dəmiryolçuların peşə bayramı günü kimi qeyd edilir.
Azərbaycanda dəmir yolu təsərrüfatının inkişafı ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi ilə bağlıdır. 1969-cu ildən etibarən ümummilli liderimizin şəxsi təşəbbüsü sayəsində iqtisadiyyatın digər sahələrində olduğu kimi, dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə başlandı. O dövrə qədər keçmiş SSRİ dəmir yolları sistemində inkişaf sürətlə həyata ke­çirilirdi. Lakin Azərbaycan dəmiryolu təsərrüfatı diqqətdən kənardan qalmışdı. Dahi rəhbərin dəmir yoluna verdiyi böyük əhəmiyyət, onun inkişafına göstərdiyi qayğı qısa zamanda öz bəhrəsini vermiş, yeni dəmir yolu xətləri çəkilmiş, stansiyalar açılmış, vağzal binaları inşa olunmuşdu. Əgər 1969-cu ilə qədər Azərbaycanda cəmi 159 dəmir yolu stansiyası fəaliyyət göstərirdisə, qısa müddətdə onların sayı 176-ya çatmışdı. Bu dövrdə çəkilmiş yeni dəmir yolu xətlərinin uzunluğu 482,8 kilometr, elektrikləşdirilmiş sahənin uzunluğu isə 1284 kilometr idi. O illərdə Naxçıvan Muxtar Respublikasında da dəmir yolunun müasirləşdirilməsi diqqətdə saxlanılmış, artan yük və sərnişin daşınmasına olan tələbatı təmin etmək, yüksək səviyyədə nəqliyyat xidmətini təşkil etmək məqsədilə 1976-cı ildə dəmir yollarının Naxçıvan Hissəsinin mərkəzi aparatı İmişli stansiyasından Naxçıvan şəhərinə köçürülərək hərtərəfli fəaliyyəti təmin olunmuşdur. 1988-ci ildə isə Culfa-Şərur sahəsinin elektrikləşdirilməsi nəticəsində yük və sərnişin daşınmasında elektrovoz dartısından istifadə olunmasına başlanmışdır.

Ötən əsrin 90-cı illərində baş verən hadisələr, xüsusilə də erməni hərbi birləşmələri tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi nəticəsində dəmir yoluna da ciddi ziyan dəydi. Belə ki, 240 kilometrdən artıq dəmir yolu xətti erməni təcavüzü nəticəsində dağıdıldı. Mehri-Kərçivan sahəsində qatarların hərəkətinin dayandırılması nəticəsində Naxçıvan Muxtar Respublikası ölkədən təcrid edilərək blokadaya düşdü və dəmir yolu əlaqəsi kəsildi.
Ümummilli liderin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra iqtisadiyyatın bütün sahələrində olduğu kimi, dəmir yolu nəqliyyatı da özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu qayğıdan muxtar respublikanın dəmir yolu təsərrüfatına da xeyli pay düşmüşdür. Son illər Naxçıvan, Şərur, Şahtaxtı, Culfa sərnişin vağzalı binalarında, Dəstə, Yaycı, Culfa, Dərəşam, Nehrəm, Qarabörk, Naxçıvan, Şahtaxtı, Qıvraq, Şərur, Vəlidağ stansiyalarının İdaretmə mərkəzlərində, aparatının inzibati binasında, əlavə olaraq 20-yə yaxın inzibati və yardımçı binada əsaslı təmir işləri başa çatdırılaraq istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 16 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2011-2015-ci illər üzrə İnkişaf Proqramı” muxtar respublikada dəmir yolu nəqliyyatının inkişafına təkan vermişdir. İnkişaf Proqramına uyğun olaraq mühüm dəmiryol qovşağı olan Culfa stansiyasında Yük və Sərnişin Daşımaları İdarəsinin inzibati binası, Culfa Lokomotiv Deposu, Lokomotiv Briqadalarının İdarə edilməsi Mərkəzi və Radio-Rabitə binası əsaslı təmir edilərək istifadəyə verilmişdir. Həmçinin yol-nəqliyyat kompleksinin yeniləşməsi istiqamətində görülən işlərin davamı olaraq Qarabörk və Vəlidağ stansiyalarında yükləmə və boşaltma meydanı yaradılmışdır. Bu sahədə görülən işlər çərçivəsində Culfa stansiyasında “Naxçıvanterminalkompleks” Birliyi üçün 258 paqono­metr uzunluğunda yeni dəmir yolu xətti çəkilmişdir. Naxçıvan stansiyasında isə 220 paqonometr uzunluğunda əlavə dəmir yolu xəttinin çəkilməsi xammalın daşınması işini asanlaşdırmışdır.
Culfa sərhəd-keçid stansiyası ərazisində də yenidənqurma işləri vaxtında başa çatdırılmış, kontakt şəbəkəsi xətləri, elektrik və rabitə sistemləri yenilənmiş, Culfa dartı yarımstansiyasının binası əsaslı təmir olunmuşdur. Ötən müddət ərzində Naxçıvan, Ordubad, Şərur və Şahtaxtı stansiyalarında yolların və elektrik mərkəzləşdirmə qurğularının texniki vəziyyəti yaxşılaşdırılmış, qatarların təhlükəsiz hərəkəti təmin edilmişdir. 2014-cü ilin dekabr ayının 26-da İnfrastruktur İdarəsinin inzibati binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilmiş, Naxçıvan, Qarğalıq və Qıvraq dartı yarımstansiyalarında aparılan əsaslı təmir işləri başa çatdırılmışdır.
Hazırda Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsi tərəfindən Ordubad dəmiryol sərnişin vağzalı və Yol Sahəsinin inzibati binalarında, Ordubad İdarəetmə Mərkəzi və Yol Sahəsinin yardımçı binalarında, yük anbarında, sərnişin və yük platformalarında və onları əhatə edən ərazidə kompleks tikinti, yenidənqurma və əsaslı təmir işləri, eləcə də Aza, Gülüstan və Naxçıvançay Təhlükəsizlik Komandası inzibati binalarında aparılan əsaslı təmir işləri davam etdirilir. Muxtar respublikamızda dəmir yolu infrastrukturunun texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin davamı olaraq Culfa stansiyasında müasir tələblərə cavab verən yeni İstismar Vaqon Deposunun da tikintisi aparılır.
Naxçıvan dəmir yolu nəqliyyatında beynəlxalq əməkdaşlıq da ön planda saxlanılır, əlaqələr ilbəil inkişaf etdirilir. 2016-cı il fevralın 23-də Tehran şəhərində “Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında” Saziş imzalanmışdır. İki dost və qonşu ölkə arasında əlaqələrin daha da dərinləşməsinə yönəlmiş həmin sazişə əsasən 2016-cı il dekabrın 29-da Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı fəaliyyətə başlamışdır. Bununla əlaqədar Bakı şəhərindən 3 yeni sərnişin vaqonu gətirilmişdir. Naxçıvan və Culfa stansiyalarında sərnişinlərin gömrük və sərhəd buraxılışı qeydiyyatının asanlaşdırılması məqsədilə müasir avadanlıqlar alınaraq quraşdırılmış, stansiyalarda miqrasiya və viza xidmətləri yaradılmışdır. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvan-Culfa-Təbriz dəmir yolu xəttinə birləşdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
İran İslam Respublikası ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasına gətirilən və aparılan yüklərin daha ucuz qiymətə daşınması və səmərəli nəqliyyat marşrutları da təmin edilmişdir. Belə ki, Saraks üzərindən Orta Asiyaya və Bəndər-Abbas limanına marşrutlar işlənmiş, yükdaşıma tariflərinə güzəştlər olmuşdur. Bunun nəticəsidir ki, ötən il Türkmənistan Respublikasından İran İslam Respublikası ərazisindən keçməklə muxtar respublikamıza dəmir yolu vasitəsilə 3383 ton, cari ildə isə 3200 ton gübrə gətirilmişdir.
Muxtar respublikada dəmir yolu nəqliyyatı sisteminin idarə olunması, eləcə də yenidənqurma işlərinin həyata keçirilməsi üçün ixtisaslı kadrların hazırlanmasına da xüsusi diqqət yetirilir. Bu məqsədlə ali və orta ixtisas təhsili müəssisələrində müvafiq ixtisaslar üzrə müasir tədris bazası yaradılmışdır. Dəmir yolu sahəsində çalışan işçilərin peşəkarlıq səviyyəsinin artırılması da diqqət mərkəzində saxlanılmış, istehsalatdan ayrılmamaq şərti ilə 14 dəmiryolçu Naxçıvan Regional Peşə Tədris Mərkəzində orta ixtisas peşə kursunu müvəffəqiyyətlə bitirmişdir.
Dəmir yolunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, yaradılan nümunəvi iş şəraiti, dəmiryolçulara göstərilən dövlət qayğısı onların əməyinə verilən ən yüksək qiymətdir. Ötən illərdə muxtar respublika dəmiryolçularının əməyi yüksək qiymətləndirilmiş, onlardan 2-si Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 1-i “Şöhrət” ordeninə, 2-si “Azərbaycan Respublikasının Əməkdar mühəndisi” fəxri adına layiq görülmüş, 20 dəmiryolçu isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Naxçıvan dəmiryolçuları bundan sonra da öz işlərini günün tələbləri səviyyəsində quracaq, sərnişinlərə yüksək səviyyədə nəqliyyat xidməti göstərəcək və muxtar respublikanın sosial-iqtisadi inkişafına öz töhfələrini verəcəklər.

“Naxçıvan Dəmir Yolları” Məhdud
Məsuliyyətli Cəmiyyətinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR