23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası bu gün özünün inkişaf dövrünü yaşayır. İqtisadi və sosial sahələrdə qazanılmış uğurlar makroiqtisadi göstəricilərin müsbət dinamikasını təmin etmiş, əhalinin yaşayış səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Muxtar respublikanın kompleks inkişafının təmin olunmasında “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)”, Naxçıvan Muxtar Respublikasının 2009-2013 və 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası mühüm əhəmiyyətə malik olmuş, sənaye, kənd təsərrüfatı, xidmət müəssisələrinin yaradılması, məşğulluq səviyyəsinin yüksəldilməsi, əhalinin təhsil, səhiyyə və digər sosial təminatlarının daha da yaxşılaşdırılması təmin edilmiş, yeni istehsal və xidmət sahələri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, müasir avtomobil yolları və digər infrastruktur obyektləri istifadəyə verilmişdir. 

 2007-2010-cu illərdə məşğulluq strategiyasının həyata keçirilməsi, 2014-2015 və 2016-2020-ci illərdə əhalinin məşğulluğunun artırılması üzrə dövlət proqramlarının uğurlu icrası muxtar respublikada işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə, səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə geniş imkanlar yaratmışdır. Belə ki, təkcə 2016-cı ildə Naxçıvan Regional Peşə Tədris Mərkəzində qazanxana maşinisti, traktorçu-maşınçı, xalçaçı, aşpaz köməkçisi peşələri və digər peşələr olmaqla, ümumilikdə, 413 nəfər peşə kurslarına, 93 nəfər isə ixtisasartırma kurslarına cəlb edilmişdir. Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisəsində 12 məhkum qazanxana maşinisti, 12 məhkum bərbər, 10 məhkum isə daş üzərində oyma peşələri üzrə kurslara cəlb olunmuşdur. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin tabeliyindəki peşə-ixtisas təhsili müəssisələrində 2956 gənc müxtəlif peşələrə yiyələnmişdir.

Muxtar respublikada həyata keçirilən tədbirlər, öz növbəsində, demoqrafik proseslərə müsbət təsir göstərmiş, əhalinin dinamik artımı təmin edilmişdir. 1 yanvar 1996-cı illə müqayisədə əhalinin sayı 32,9 faiz artaraq 2016-cı ilin sonuna 449,1 min nəfəri ötmüşdür.
Aparılmış kompleks tədbirlərin nəticəsidir ki, 1996-cı ildən 1 yanvar 2017-ci il tarixədək muxtar respublikada 88 min 871 yeni iş yeri açılmışdır ki, bunun da 70 faizi daimi iş yerləridir. Son 10 ilin statistikası göstərir ki, muxtar respublikada açılmış 37 min 185 daimi iş yerinin 2357-si yeni yaradılmış müəssisə və təşkilatlarda, 11993-ü mövcud müəssisə və təşkilatlarda, 142-si fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda, 22693-ü isə fiziki şəxslərdə yaradılmışdır. Həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün rəsmi işsiz statusu alan şəxs qeydə alınmamış, məşğul əhalinin sayı 1995-ci ilin sonu ilə müqayisədə 1,6 dəfə artaraq 233,5 min nəfərə çatmışdır.
Sahibkarlığın inkişafı, yeni istehsal və xidmət sahələrinin yaradılması əmək bazarında əhəmiyyətli dərəcədə müsbət dəyişiklik yaratmışdır. Belə ki, 2003-cü ildə muxtar respublikada dövlət sektorunda çalışanların sayı iqtisadiyyatda çalışanların ümumi sayının 23,4 faizini təşkil edirdisə, 2016-cı ilin sonuna bu göstərici 17,8 faizə enmişdir. 2016-cı ildə muxtar respublikada muzdla işləyənlərin sayı 96,4 min nəfər təşkil etmiş və bu göstərici 2003-cü ildəki müvafiq göstəricini 2,3 dəfə üstələmişdir. 2016-cı ildə muzdla işləyən işçilərin 41,5 mini iqtisadiyyatın dövlət sektorunda, 54,9 min nəfəri isə qeyri-dövlət sekto­runda fəaliyyət göstərmişdir.
2016-cı ildə muxtar respublikada muzdla işləyənlərin 6,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 16,6 faizi sənaye, 13 faizi tikinti, 17,9 faizi topdan və pərakəndə ticarət, 5,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,8 faizi yaşayışın təşkili və ictimai iaşə, 1 faizi informasiya və rabitə, 0,4 faizi maliyyə və sığorta fəaliyyəti, 0,5 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 1,2 faizi peşə, elmi və texniki fəaliyyət, 1,2 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 5,6 faizi dövlət idarəetməsi və icbari sosial təminat, 15,7 faizi təhsil, 6,1 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 4,3 faizi istirahət, əyləncə və incəsənət, 2 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşdur.
İqtisadiyyatın şaxələndirilməsi və sosial sahənin inkişafı üzrə tədbirlər 2017-ci ilin birinci rübündə də davam etdirilmiş, 640 yeni iş yeri yaradılmışdır. Yaradılmış iş yerlərinin 98 faizi daimi iş yerlərinin payına düşmüşdür. Daimi iş yerlərinin 3 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 1,5 faizi mövcud müəssisə və təşkilatlarda, 95,5 faizi fiziki şəxslərdə yaradılmışdır. Ümumi açılmış yeni iş yerlərinin 26,3 faizi Naxçıvan şəhərinin, 26,1 faizi Şərur, 20,4 faizi Babək, 7,7 faizi Ordubad, 8,1 faizi Culfa, 5,3 faizi Kəngərli, 5 faizi Şahbuz, 1,1 faizi isə Sədərək rayonlarının payına düşmüşdür.
Yüksək əməktutumlu iş yerlərinin yaradılması əhali rifahının davamlı yüksəlişinə əsaslı zəmin yaratmış, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı göstəricisi 413 manatı ötmüşdür. 1995-ci ildə bu göstərici 15,9 manat səviyyəsində olmuşdur. Hazırda bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği dövlət sektorunda 307,6 manat, qeyri-dövlət sektorunda isə 469,1 manat təşkil edir. Muxtar respublikada bir işçiyə hesablanmış ən yüksək orta aylıq əməkhaqqı göstəricisi maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və icbari sosial təminat, topdan və pərakəndə ticarət sahələrində çalışan işçilərdə qeydə alınmışdır.
Muxtar respublikamızda artan əhali tələbatına uyğun olaraq müasir istehsal və xidmət müəssisələrinin yaradılması, rəqabətədavamlı məhsul növlərinin istehsalı, səmərəli məşğulluğun təmini üzrə həyata keçirilən kompleks tədbirlər gələcək inkişafımızın daha da uğurlu olacağına imkan yaratmaqdadır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR