Əhalinin məşğulluğunun təmin olunmasında muxtar respublikamızda keçirilən əmək yarmarkaları mühüm rol oynayır. Bu tədbirlərin davamı kimi aprelin 11-də Sədərək rayonunda bu ilin ilk əmək yarmarkası keçirilib.
Tədbirdə çıxış edən rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Nəsirov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il yanvarın 11-də imzaladığı Sərəncam ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” muxtar respublikamızda yeni iş yerlərinin açılmasına, regiondakı əmək ehtiyatlarının iqtisadi fəallığının yüksəldilməsinə öz töhfəsini verir.
Qeyd olunub ki, dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün mərkəzin əməkdaşları rayondakı idarə, müəssisə və təşkilatlarda, sahibkarlıq subyektlərində boş iş yerləri haqqında məlumatlar toplayaraq həmin yerləri əmək yarmarkalarında işaxtaran vətəndaşlara təqdim edirlər.
Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşı Bəxtiyar Mahmudov çıxışında qeyd edib ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi məşğulluq strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Muxtar respublikamızda da əmək bazarının təkmilləşdirilməsi, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması sahəsində mühüm işlər görülür. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, sərhəd bölgəsi olan Sədərək rayonunda da əhalinin məşğulluğunun təmin edilməsi prioritet vəzifəyə çevrilib, ötən dövrdə bu sahədə uğurlu nəticələr əldə olunub.
İşaxtaran vətəndaşlar yarmarkanın təşkilində əməyi olanlara minnətdarlıq edərək bildiriblər ki, vətəndaşların müvafiq işlərlə təmin olunmasında əmək yarmarkalarının əhəmiyyəti böyükdür.
Sonra yarmarkaya gələnlər idarə, müəssisə və təşkilatlar tərəfindən təqdim olunmuş boş iş yerləri ilə tanış olublar. 6 təşkilatdan 93 boş iş yerinin çıxarıldığı məşğulluq tədbirində 15 nəfərə işə göndəriş verilib.
Səbuhi Hüseynov