23 Dekabr 2024, Bazar ertəsi

Gözümüz öz təknəmizdə olsun

Qədim diyarımızın dünənini görən hər bir naxçıvanlı o dövrü yaxşı xatırlayır. Anarxiyanın, özbaşınalığın tüğyan etdiyi, insanların bu gündən sabaha ümidlərinin tükəndiyi bir zamanda həyat sanki donmuşdu. İstehsal müəssisələrinin, müxtəlif xidmət sahələrinin fəaliyyəti dayanmış, məhsuldar və bərəkətli torpaqlar sanki sahibsiz qalmışdı. Həmin günlərin acı xatirələrini özündə yaşadan qəzetimizin səhifələrində ürəkağrıdan yazılara rast gəlmək olar. Elə 1993-cü il aprel ayının 17-də dərc olunmuş bir məqalə də bu barədədir. Həmin məqaləni oxucularımıza təqdim edirik:

Xain qonşunun müharibə ilə başımızı qatmadığı illərdə yazın gəlişi təkcə təbiətin deyil, həm də hisslərin, duyğuların oyanışı kimi tərənnüm edilərdi. Rəssamlar yaz sərgiləri açar, istedadlı ifaçılar yazda keçirilən müsabiqələrdə üzə çıxar, qışın yekununa görə fəxri adlar, təltif və mükafatlar da yaz aylarında edilərdi. Bülbüllərin xoş avazı bulaqların nəğməsinə qovuşduqca əməkçi insanlar tarlalara çıxar, taxıl əkib, bağ salardılar.
Bu yaz isə bülbüllərin avazı, bulaqların zümzüməsi ilə deyil, azğın düşmənin qan qoxulu top-tüfəngi ilə gəldi, hələ qışın ortalarında türk mətbuatının səhifələrində “Bu yazda ermənilərin hücumu gözlənilir” adlı xəbərlər bizə çox şey deyirdi. Biz isə xarakterimizə rəğmən bu xəbəri də biganəlik və etinasızlıqla qarşıladıq. Mətbuatda, radio və televiziyada sayıqlığa çağıran yazılar, materiallar əvəzinə siyasi partiyaların bir-birinə qarşı ünvanlanmış qərəzli çıxışlarını oxuyub, dinləyib feyziyab olduq. Elə bu soyuqqanlılığımız üzündən Azərbaycanın bir dilbər guşəsi də fəlakət girdabına yuvarlandı. Kəlbəcər şəhəri, rayonun neçə-neçə kəndi düşmən tapdağına məruz qaldı. On minlərlə soydaşımız yurdundan, yuvasından didərgin düşdü.

Belə ağır vaxtda təkcə Vətən, torpaq deməklə iş bitmir. Müharibə gedən ölkənin özünəməxsus sərt qanunları olmalıdır. Artıq Qarabağın yüz hektarlarla əkin sahələri əlimizdən çıxıb, Azərbaycanın Ermənistanla sərhəd rayonlarındakı torpaqlarda işləmək təhlükəli olduğu üçün həmin ərazilər istifadəsiz qalıb. Hər gün televiziya ekranlarında, qəzet səhifələrində təkzib edilən “çörək olmayacaq” fikri bir gün təsdiq də edilə bilər. Axı müdriklərimiz deyiblər ki, qonşuya ümid olan şamsız qalar. Artıq neçə vaxtdır ki, Azərbaycan qonşu hesabına səhər yeməyi yeyib, nahar etdikcə şamsız qalmaq təhlükəsini də unudub. Qonşu İran İslam Respublikasından, Türkiyədən alınan taxıl və taxıl məhsulları hesabına bir respublikanı nə vaxtadək ötüşdürmək olar? Bu gün ataların “yağmadı yağış, bitmədi qamış” məsəlini də tez-tez xatırlamalıyıq. Axı o yardım bir gün verilməyə də bilər. Bəs onda halımız necə olar?
Bu suala məhz elə indidən, yazın bu çağından cavab axtarılmalıdır. Çünki bir həftədən, on gündən sonra artıq gec olacaqdır. Adamları aclıq təhlükəsindən qorumaq üçün bu gün elliklə sahələrə çıxmalı, yaz əkini mütəşəkkilliklə aparılmalıdır.
Bir neçə gün bundan irəli muxtar respublika Ali Məclisinin Rəyasət Heyətində çox doğru olaraq təklif edildi ki, blokada ilə əlaqədar olaraq işini dayandırmış sənaye müəssisələrinin fəhlələri də təsərrüfat işlərinə cəlb edilsinlər. Əlbəttə, bu təklif bütün bölgələr üçün ən səmərəli təklifdir. Arxa cəbhənin ön cəbhəyə köməyi üçün ən yaxşı variantdır.
Bir ilə yaxındır ki, əksər müəssisələrdə xammalın olmaması, maşın və avadanlıqların ehtiyat hissələrinin çatışmaması üzündən iş dayanıb. Həmin müəssisələrin nə vaxt işləyəcəyi də hələlik məlum deyil. Cüzi əməkhaqqı ödənilməklə işsiz qalan fəhlələrin bir qismi möhtəkirliklə məşğul olaraq xeyli qazanırsa, bir qismi isə gərgin iqtisadi çətinliklərlə üzləşir. Xüsusi komissiyalar, dayaq dəstələri yaratmaqla mətbuatda, radio və televiziyada elanlar verməklə belələrini işə cəlb etmək olar.
İndi keçirilən hər bir müşavirədə, aparılan söhbətlərdə xeyli miqdarda toxumluq buğda, arpa və kartof alınması barədə danışılır. Axı almaqla iş bitmir, onu əkmək, becərmək, ərsəyə gətirmək gərəkdir. Bunun üçün məcburi iməciliklər belə, təşkil etmək vacibdir. Heç olmazsa, yaz mövsümü çağında kəndlinin şəhərə kütləvi axınının qarşısı alınmalıdır. 10-15 yumurtanı, 2-3 kilo qatıq və pendiri torbasına qoyub şəhər bazarına üz tutaraq nisbətən asan qazanc dalınca qaçan kənd adamına əsl iş yerini xatırlatmağın vaxtı çatıb. Əgər sabah bir xalq kimi məhv olub, bir millət kimi kimdənsə asılı olmaq istəmiriksə, özümüz-özümüzə gün ağlamalıyıq. “Çörək bol olarsa, basılmaz Vətən” ifadəsinin hikmətini bir də yada salmalıyıq. Axı namuslu, zəhmətkeş insan üçün öz əməyinin bəhrəsi olan arpa çörəyi başqasının verdiyi buğda çörəyindən qat-qat şərəflidir.
Yaz fəsli oyanış dövrüdür, hisslərin, duyğuların oyanışı. İstərdik ki, yazın gəlişi ilə birgə kortalmış hisslərimiz, donmuş duyğularımız da oyansın, ayılaq. Ayılıb görək ki, “birləşək” deyə-deyə parçalandıq, “torpaq” deyə-deyə torpaqlarımızı itirdik. Heç olmasa, mənliyimizi itirməyək, şərəfimizi qoruyaq. Hamılıqla qolumuzu çırmayıb işə girişək, əkək, becərək, öz gözümüz öz təknəmizdə olsun, özgə əlində yox. Bunun üçün yazın hər günündən, hər saatından səmərəli istifadə etməli, payızın bol məhsulunun təməlini elə indidən qoymalıyıq. Buna bizim imkanımız da vardır, bərəkətli torpaqlarımız da.

“Şərq qapısı” qəzeti
17 aprel 1993-cü il

Gözümüz öz təknəmizdədir 

Bu təknədə bolluq təmin olunub 

Bu yazının “Şərq qapısı” qəzetində dərc olunmasından düz 24 il ötür. Bu, o zamanlar idi ki, Azərbaycanda ictimai-siyasi vəziyyət mürəkkəbləşmiş, torpaqlarımızın bir qismi işğal olunmuş, hakimiyyət faktiki olaraq ölkəyə nəzarət etmək funksiyasını itirmişdi. Yaranmış vəziyyət nəticəsində Naxçıvan Muxtar Respublikası ermənilər tərəfindən blokadaya alınmış, paytaxt Bakı və ölkəmizin digər regionları ilə nəqliyyat və kommunikasiya əlaqələri kəsilmişdi. Blokada isə özü ilə bərabər muxtar respublikaya bir çox çətinliklər gətirmişdi. Müəssisələrin öz fəaliyyətlərini dayandırması, xammalın olmaması, yanacaq, nəqliyyat, rabitə və digər sahələrin iflic vəziyyətinə düşməsi, işsizliyin artması, cəbhədə vəziyyətin gərgin olaraq qalması və digər saysız-hesabsız çatışmazlıqlar muxtar respublikanın ozamankı mənzərəsini özündə əks etdirirdi. Məhz belə bir dövrdə əsas məsələlərdən biri də muxtar respublika əhalisinin ərzaq məhsullarına olan tələbatının ödənilməsi idi.
Bu məsələnin həlli isə elə də asan deyildi. Çünki torpağın əkilməsi üçün saysız-hesabsız problemlər yaranmışdı. Yanacaq qıtlığı, maşın və avadanlıqlar üçün ehtiyat hissələrinin çatışmazlığı, gübrə və toxum ehtiyatının olmaması, su problemləri və sair kəndlinin əlini torpaqdan soyutmuşdu. İnsanların yeganə ümidi xalqımızın ümummilli lideri Heydər Əliyevin həmin dövrdə Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi idi. Məhz ulu öndərin şəxsi nüfuzu sayəsində qısa müddətdə qonşu İran İslam və Türkiyə respublikaları ilə əlaqələr qurulmuş, muxtar respublikanın zəruri ehtiyacları bıı ölkələrdən ödənilməyə başlanmışdı. Ancaq belə bir vəziyyət uzun müddət davam edə bilməzdi. Yazıda da vurğulandığı kimi, “...Əgər sabah bir xalq kimi məhv olub, bir millət kimi kimdənsə asılı olmaq istəmiriksə, özümüz-özümüzə gün ağlamalıyıq. “Çörək bol olarsa, basılmaz Vətən” ifadəsinin hikmətini bir də yada salmalıyıq. Axı namuslu, zəhmətkeş insan üçün öz əməyinin bəhrəsi olan arpa çörəyi başqasının verdiyi buğda çörəyindən qat-qat şərəflidir”.
Doğru deyiblər ki, yaman günün ömrü az olar. Elə bu yazının dərc edilməsindən cəmi bir neçə ay sonra ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ölkəmizi, eləcə də muxtar respublikamızı gözlənilən bütün bəlalardan xilas etdi. Qısa müddətdə ulu öndərin rəhbərliyi ilə kənd təsərrüfatında kompleks islahatlara başlanıldı, qanunvericilik bazası formalaşdırıldı, nəticədə, kənd təsərrüfatı yeni inkişaf mərhələsinə qədəm qoydu.
Ötən dövrdə bu siyasətin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində kənd təsərrüfatında məhsul istehsalı stimullaşdırıldı, rəqabət qabiliyyəti artırıldı. Belə ki, məhsul istehsalçılarının torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilməsi, əkin sahələrinin hər hektarının becərilməsi üçün torpaq mülkiyyətçilərinə istifadə olunan gübrələrin 70 faizinin pulsuz verilməsi, satılan texnikaların və suvarma qurğularının dəyərinə 40 faiz güzəştin tətbiq olunması, toxumçuluq və tingçilik təsərrüfatlarına subsidiyaların ödənilməsi, yanacaq-sürtkü materiallarına görə verilən yardımların 25 faiz artırılması kənd təsərrüfatı ilə məşğul olan sahibkarların torpağa olan münasibətini dəyişdi. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bu gün kənd təsərrüfatı muxtar respublika iqtisadiyyatının aparıcı sahələrindəndir və əhalinin əksər hissəsinin kənddə yaşaması və aqrar sektorda çalışması bu sahənin daim diqqət mərkəzində olmasını şərtləndirir. Təsadüfi deyil ki, Azərbaycanda ilk dəfə olaraq aqrar islahatların aparılmasına ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında məhz Naxçıvanda başlanıldı, özəl mülkiyyətə əsaslanan aqrar münasibətlər formalaşdırıldı. Ötən dövrdə muxtar respublikada 205 kəndi əhatə edən 132 təsərrüfatda islahatlar aparılaraq 70 min 758 ailəyə və ya 241 min 46 nəfərə torpaq sahəsi verildi, yeni mülkiyyət münasibətlərinə əsaslanan təsərrüfat qurumlarının yaradılması istiqamətində görülmüş işlər kənd təsərrüfatının dinamik inkişafının təməlini qoydu.
Naxçıvan Muxtar Respublikasında aqrar islahatların uğurla başa çatdırılması kənd təsərrüfatı məhsulları istehsalının həcmində dinamik artımın əldə edilməsinə səbəb oldu. Bu sahədə inkişafın təmin olunmasında dövlət proqramlarının icrası da mühüm rol oynadı. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı təsdiq olunmuş dövlət proqramları, eləcə də əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair, kartofçuluğun, meyvəçiliyin, tərəvəzçiliyin, arıçılığın inkişafı ilə bağlı dövlət proqramları kənd təsərrüfatının inkişafı ilə yanaşı, kəndlərin simasının da dəyişməsinə səbəb oldu. Aqrar sahənin inkişafı kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan müəssisələrin sayını artırdı, yeni soyuducu anbarlar, istixana kompleksləri fəaliyyətə başladı. Hazırda muxtar respublikada ümumi tutumu 14 min 30 ton olan 31 soyuducu anbar və sahəsi 127 min 162 kvadratmetr olan 21 istixana kompleksi, tutumu 27 min ton olan uzunmüddətli taxıl ehtiyatı anbarları, 17 taxıl emalı müəssisəsi, 235 heyvandarlıq, 64 quşçuluq, 102 arıçılıq, 15 balıqçılıq, 72 bağçılıq və üzümçülük təsərrüfatı fəaliyyət göstərir. Ötən dövr ərzində “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 1835 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası gətirildi, onlardan 1506-sı lizinq yolu ilə sahibkarlara verildi. Aqrar sahəyə göstərilən diqqət və qayğının nəticəsidir ki, 2016-cı ildə muxtar respublikada 100 min 768 ton dənli və dənli-paxlalı, 10 min 500 ton dən üçün qarğıdalı, 725 ton dən üçün günəbaxan, 83 min ton tərəvəz, 46 min ton kartof, 38 min ton bostan məhsulları, 52 min ton meyvə, 15 min 600 ton üzüm, 25 min 766 ton ət, 81 min 372 ton süd, 80,5 milyon ədəd yumurta, 1022 ton yun və 1403 ton bal istehsal olundu. Kənd təsərrüfatı sahəsinin dinamik inkişafı ixracın həcminə də müsbət təsir göstərdi, nəticədə, ötən il muxtar respublika üzrə 99 milyon Amerika Birləşmiş Ştatları dollarından artıq həcmdə kənd təsərrüfatı məhsulları ixrac olundu.
Aqrar sahədə məhsuldarlığı artırmağın ən optimal yolu toxumçuluq təsərrüfatlarının inkişaf etdirilməsidir. Strateji sahə hesab olunan toxumçuluğun inkişafı hazırda bütün dünya ölkələri üçün prioritet istiqamətlərdəndir. Naxçıvan Muxtar Respublikasında son illərdə bu sahədə görülən işlər də diqqətçəkicidir. Cari il aprel ayının 4-də muxtar respublikanın toxumçuluq təsərrüfatına yeni texnikaların və avadanlıqların verilməsi də bu sahənin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Muxtar respublikaya gətirilən 33 adda 80 kənd təsərrüfatı texnikası, eləcə də toxum laboratoriyası iki min hektar sahədə yeni metodlarla əkin və becərmə işlərinin aparılmasına öz töhfəsini verəcək. Alınmış texnika və avadanlıqlar hesabına toxumçuluq laboratoriyasında yüksək məhsuldarlığa malik, xəstəliyə, ziyanvericilərə və yerli iqlim şəraitinə dözümlü toxum sortları yetişdiriləcək, toxumların genofonduna və seleksiyasına nəzarət olunacaq. Bununla yanaşı, muxtar respublikada bu sahədə görülən işlərin davamı olaraq “Bərəkət Buğda Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin toxumçuluq təsərrüfatının Kəngərli rayonunun Böyükdüz kəndindəki əkin sahələrində yeni qapalı suvarma şəbəkəsi qurulacaqdır. Bu isə, öz növbəsində, muxtar respublikada aqrar sahənin inkişafının yeni mərhələyə qədəm qoymasına imkan verəcək.
Tarlalarda yaz əkini davam edir. Ötən əsrin 90-cı illərinin əvvəllərindən fərqli olaraq indi əkin sahələrindən texnikaların səsi gəlir, payızın bol məhsulu üçün torpaq mülkiyyətçiləri sahələrdə müxtəlif təsərrüfat işləri aparırlar. Onlar bilirlər ki, əldə etdikləri məhsulla ailələrini dolandıracaq, məhsul bol olarsa, bazara çıxaracaq və ya ixrac edə biləcəklər. Beləliklə, bütün hallarda qazanacaqlar. O zamandan bu günümüzədək olan dövrdə hər kəs onu da anlayıb ki, Naxçıvanın yerli məhsullarının dad-tamını heç bir idxal məhsulu əvəz edə bilməyəcək. Bu səbəbdən indi torpaq mülkiyyətçiləri yaradılmış şəraitdən istifadə edərək daha çox məhsul tədarük etməyə çalışırlar. Çünki bilirlər ki, məhsulunu saxlamaq üçün anbarı, satmaq üçün bazarı var. Ona görə də ötən günləri yada saldıqca, bu sözləri demədən keçə bilmirsən: “İndi gözümüz öz təknəmizdədir”.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR