“Azərbaycanın incisi” adlandırılan Ordubad haqqında indiyədək çox deyilib, çox yazılıb. Zəngəzur dağlarının ətəyində yerləşən bu qədim yurd təkcə Qafqazın deyil, bütövlükdə, Şərqin və Avrasiyanın köksündə özünə əbədi yuva qurmuş füsunkar Azərbaycan rayonudur. Son illər muxtar respublikada həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq tədbirləri Ordubadın da ucqar dağ və sərhəd kəndlərini müasir yaşayış məntəqələrinə çevirib.
Bağlar diyarında aparılan quruculuq tədbirlərinin miqyası hər il daha da artır. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan rayonda bu gün elə bir yaşayış məntəqəsi tapmaq olmaz ki, orada quruculuq işləri görülməsin. Ucqar dağ kəndləri olan Xurs, Nürgüt, Nəsirvaz, Bist, Gilançay, Baş Dizə, Biləv, Behrud, Parağa, Çənnəb, Gənzə, Kotam və digər yaşayış məntəqələrində son illər həyata keçirilən quruculuq tədbirləri nəticəsində müasir binalar inşa olunub, əhalinin yaşayış şəraiti yaxşılaşdırılıb. Onu da qeyd edək ki, rayonun relyefi mürəkkəb olduğundan ucqar dağ kəndlərində quruculuq işləri aparılarkən bir sıra çətinliklərin öhdəsindən gəlmək zərurəti yaransa da, görülən qabaqlayıcı tədbirlər bu məsələlərin həllinə imkan verir.
Bu ilin əvvəlində Ordubad rayonunun yeniləşməyə ehtiyacı olan daha bir ucqar dağ kəndində quruculuq işlərinə başlanılıb. Həmin yaşayış məntəqəsi 1402 sakinin yaşadığı Üstüpü kəndidir. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin inşaatçıları hazırda kənddə zirzəmisi ilə birlikdə 4 mərtəbədən ibarət olan, 340 şagird yerlik məktəb binasının və 3 mərtəbəli kənd mərkəzinin tikintisini aparırlar. Yaxın vaxtlarda xidmət mərkəzi də inşa ediləcək. Tikinti idarəsinin rəisi Əkrəm Salmanov bizimlə söhbətində bildirdi ki, 3 mərtəbəli kənd mərkəzinin birinci mərtəbəsində həkim ambulatoriyası, poçt və ATS, ikinci mərtəbədə Yeni Azərbaycan Partiyasının yerli təşkilatı, icra nümayəndəliyi, bələdiyyə və klub üçün otaqlar nəzərdə tutulub. İnşaatçılar mart ayının 15-dən burada işə başlayıblar. Artıq binaların özülü möhkəmləndirilib. Əkrəm Salmanov onu da bildirdi ki, həyata keçirilən inşaat işləri ilə yanaşı, Düylün kəndindən Üstüpü kəndinədək olan avtomobil yolu genişləndirilərək asfaltlanacaq, rabitə, elektrik, qaz xətlərində isə təmir-bərpa işləri yerinə yetiriləcək. Kənddaxili yollar da asfaltlanacaq, səliqə-sahman yaradılacaq. Nəzərdə tutulan binaların tikintisi başa çatdıqdan sonra onlar ən müasir avadanlıqlarla və texniki vasitələrlə təchiz ediləcək.
Rayon mərkəzindən 36 kilometr şimal-qərbdə yerləşən bu kənd özünün münbit torpaqları və gözəl iqlim şəraitinə malik olması ilə də seçilir. Kənd zəhmətkeşlərinin bazara çıxardığı kartof, kələm, lobya, min bir dərdin dərmanı olan bal dərhal özünə alıcı tapır. Çünki Üstüpüdə tədarük olunan kənd təsərrüfatı məhsulları dad-tamı ilə yanaşı, həm də ekoloji təmiz olması ilə fərqlənir.
Üstüpü kənd icra nümayəndəsi əvəzi Bilal Cəfərov bizimlə söhbətində bildirdi ki, kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıqdır. Bu gün yaşayış məntəqəsində aparılan quruculuq işləri təsərrüfatçıları da çox sevindirir. Çünki dövlətimizin qayğısı nəticəsində aparılan quruculuq işlərindən sonra onların yaşayış şəraiti daha yaxşılaşacaq, görülən işlər Üstüpünü müasir Azərbaycan kəndinə çevirəcəkdir. Belə olan halda insanların torpağa bağlılığı daha da artacaq, onlar təsərrüfat işlərini genişləndirəcəklər. Torpaq mülkiyyətçilərindən Azər Abdullayev, Salman Fərzəliyev, İntiqam Bayramov, Ziyad Kərimov, Səfər Orucov və Hüseyn Kərimov da bu fikirdədirlər.
Kənd sakini Əkbər Kərimovla söhbətimizdə dedi ki, bu gün Üstüpüdə görülən abadlıq-quruculuq işləri hər kəsə sevinc bəxş edir. O qeyd etdi ki, təsərrüfat işlərini ailə üzvlərimlə birlikdə görürəm. İstehsal etdiyimiz məhsulların alıcıları da çoxdur. Yollarımızın abadlaşdırılması isə bura qonaq gələnlərin, dolayısı ilə alıcıların sayının artmasına səbəb olacaq.
Bu gün Üstüpü kəndində zəhmətsevər insanların həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət etmək məqsədilə aparılan quruculuq işləri kənddə söhbət etdiyimiz digər sakinlər tərəfindən də minnətdarlıq hissi ilə qeyd olundu. Onlar Üstüpüdə yaradılacaq müasir infrastrukturun kənd turizminin inkişafında da əsaslı rol oynayacağına əmindirlər.
Abbas SEYİD