Müasir dövrdə yaşıllıqların artırılması yönündə atılan hər bir addım bizə sağlam mühitdə yaşamağa və təbiətin saysız-hesabsız nemətlərindən hərtərəfli istifadə etməyə şərait yaradır. Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirlərinin əsas istiqamətlərindən biri də ətraf mühitin qorunması, ekoloji problemlərin həll edilməsi və əlverişli ekoloji mühitin yaradılmasından ibarətdir.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız məlumata görə, 2017-ci ilin yaz və payız əkini mövsümündə muxtar respublika ərazisində, ümumilikdə, 520 hektar sahədə meşəsalma, meşəbərpa və yeni meyvə bağlarının salınması planlaşdırılır.
Cari ilin yaz əkini mövsümündə muxtar respublika ərazisində 225 hektar sahədə yeni meyvə bağları salınıb, meşəsalma və meşəbərpa tədbirləri həyata keçirilib. Aparılan yaşıllaşdırma tədbirlərində 200 min ədəddən çox meşə, meyvə tingləri, həmişəyaşıl ağac, bəzək və gül kolları əkilib. Tingə olan tələbatın yerli sortlarla təmin edilməsi üçün 450 min ədəddən çox əkinəyararlı standart ting yetişdirilib. Xüsusilə üzümçülüyün və tutçuluğun inkişaf etdirilməsi, yerli meyvə tinglərinin yetişdirilməsi sahəsində mühüm işlər görülüb, 100 min ədəddən artıq tut və üzüm tingləri yetişdirilib. Hazırda dibçəkdə yetişdirilmiş tinglər vasitəsilə əkinbərpa və aqrotexniki qulluq işləri davam etdirilir.
Səbuhi HƏSƏNOV