Muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, Sədərək rayonunun təsərrüfatlarında da torpaq mülkiyyətçiləri tərəfindən aparılan əkin işləri davam etdirilir. Rayonda taxıl sahələri əkilir, yeni meyvə bağları salınır.
Muxtar respublikamızda torpaq mükiyyətçilərinə göstərilən dövlət qayğısı, onlar üçün hərtərəfli şəraitin yaradılması, texnika və gübrə ilə təchizatda tətbiq olunan güzəştlər sədərəkli torpaq mülkiyyətçiləri tərəfindən minnətdarlıqla qarşılanır, onları daha həvəslə işləməyə sövq edir. Əkin sahəsində həmsöhbət olduğumuz zəhmət adamları yaradılan bu şəraitin bu il də bolluq-bərəkət gətirəcəyinə əmindirlər.
Belə zəhmət adamlarından biri olan Qafar Zeynalov dedi ki, həl il müxtəlif kənd təsərrüfatı bitkiləri əkir, çəkdiyi zəhmət hesabına yaxşı qazanc əldə edir. Bundan başqa, müxtəlif texnikalarla əkin və biçin zamanı digər torpaq mülkiyyətçilərinə də köməklik göstərilir. Dövlətimiz tərəfindən yaradılan hərtərəfli şərait hər il bu sahədə yeniliklər etməyə imkan verir. Ümumiyyətlə, rayonda son illərdə aqrar sahənin inkişafı hər bir torpaq mülkiyyətçisini daha da ruhlandırır, yeni-yeni uğurlar qazanmağa həvəsləndirir.
Bu günə olan məlumata görə, rayon ərazisində 200 hektarda şum qaldırılıb, 70 hektara arpa, 15 hektara qarğıdalı, 7 hektara soğan, 10 hektara bostan bitkiləri, 8 hektarda noxud, 30 hektarda yonca, 1 hektarda kartof əkilib. Hazırda yaz əkinləri davam etdirilir, əkilmiş ərazilərin suvarılması müasir texnologiyalarla təmin olunmuş nasos stansiyaları hesabına həyata keçirilir.
Xatırladaq ki, ötən il 1947 hektar taxıl sahəsindən 6301 ton məhsul əldə edilmiş, hər hektarın məhsuldarlığı 32,4 sentner olmuşdu. Cari ilin məhsulu üçün keçən ilin payızında 2217 hektar əkin sahəsi taxıl üçün ayrılıb. 1706 hektarda buğda, 511 hektarda arpa əkilib. Qış aylarında yağıntının çox olması torpaq mülkiyyətçilərinin bol məhsul əldə edəcəklərinə ümidləri artırıb. Payız əkinləri zamanı mülkiyyətçilərə 389 ton gübrənin güzəştli şərtlərlə verilməsi də məhsuldarlığa müsbət təsir göstərən amillərdəndir.
Rayonda heyvandarlığın da inkişafına xüsusi diqqət yetirilir. Hazırda rayonda 2230 baş iribuynuzlu, 17 min 300 baş xırdabuynuzlu heyvan bəslənilir. Uzun illərdir, heyvandarlıqla məşğul olan Rəşid Əsgərov dedi ki, rayonda baytarlıq xidmətinin yüksək səviyyədə həyata keçirilməsi, heyvandarlar üçün lazımi şəraitin yaradılması bu sahədə daha yaxşı nailiyyətlər qazanılmasına imkan verir. Vaxtilə bu sahəyə o qədər də maraq göstərməyən kənd sakinləri indi daha həvəslə çalışırlar. Çünki istehsalçıların bazara çıxış imkanları da artırılıb. Naxçıvan şəhərində hər həftənin şənbə günü keçirilən yarmarkalarda sədərəkli məhsul istehsalçıları da fəallıq göstərirlər. Çalışacağam ki, bundan sonra da muxtar respublikada yaradılan məhsul bolluğuna öz töhfəmi verim.
Bağ salmaq babalardan qalıb deyirlər. Sədərəkdə bu gün müxtəlif meyvə bağları var. Bu gün Heydərabad qəsəbəsində çiçəyə bürünmüş meyvə ağacları göz oxşayır, bolluqdan xəbər verir. Mütəmadi olaraq keçirilən iməciliklərdə qulluq göstərilən ağacların bar-bəhəri daha da artır.
Sədərək kəndinin sakini Gündüz Həsənov illərdir ki, öz meyvə bağında müxtəlif meyvələr yetişdirir. Təcrübəli bağban ötən illəri xatırlayaraq deyir ki, 90-cı illərin əvvəllərində mavi yanacaq verilişinin dayandırılması kənddə ən çox bağbanlara ziyan vurub. Bəzən elə olurdu ki, sakinlər bağlarından yaş ağacları da kəsib yandırırdılar. O dövrdə heç kimi buna görə qınamaq da olmurdu. Ancaq yaxşı ki, hər şey yoluna düşdü. İndi Sədərəkdə elə bir ev olmaz ki, elektrik enerjisi və mavi yanacaqla təmin edilməsin. Bu da, təbii ki, bağların yenidən bərpa olunmasına, yeni meyvə sortlarının yetişdirilməsinə geniş imkan yaradır.
Bu gün sədərəkli bağbanlar qonşu ölkələrin də bağçılıq təcrübəsindən istifadə edir, yerli sortlarla bərabər, xaricdən gətirilmiş məhsuldar sortlardan istifadə edirlər. Muxtar respublikada fəaliyyət göstərən tingçilik təsərrüfatlarının fəaliyyəti bu baxımdan təqdirəlayiqdir. Bu təsərrüfatlardan alınan tinglərin həm qiymətləri sərfəlidir, həm də onlar yerli təbii şəraitə tez uyğunlaşırlar.
Son illər muxtar respublikamızda üzümçülüyün inkişafına da xüsusi diqqət yetirilir. Artıq Sədərəkdə də yeni üzüm bağları salınır. Rayonda üzümçülüklə məşğul olan sakinlərdən Əli İsmayılov deyir ki, ötən əsrin 80-ci illərində şərabçılığa qarşı açılmış “müharibə” ittifaqın hər yerində olduğu kimi, muxtar respublikada, eləcə də Sədərək rayonunda da üzüm plantasiyalarının dağıdılması, sıradan çıxarılması ilə nəticələndi. Təbii ki, bu, əhalinin məşğulluğuna da mənfi təsir göstərirdi. Üzümçülük infrastrukturunun dağıdılmasından sonra yüzlərlə insan işsiz qaldı. Ancaq indi rayonda bu sahə yenidən dirçəldilir. Əminəm ki, bir neçə ildən sonra üzümçülük Sədərəyin torpaq mülkiyyətçilərinin əsas məşğuliyyət sahələrindən birinə çevriləcəkdir.
Sərxan İSMAYILOV
“Oğuz yurdu” qəzetinin redaktoru