23 Dekabr 2024, Bazar ertəsi

Üzümçülük və şərabçılıq aqrar-sənaye sahələri arasında xüsusi yer tutmaqla, əlavə dəyər yaradılması və iqtisadi səmərəlilik baxımından ölkə, eləcə də muxtar respublika iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Üzüm digər kənd təsərrüfatı məhsulları arasında hər 100 hektar torpaq sahəsi üzrə yeni yaradılan iş yerlərinin sayına və ümumi məhsul buraxılışına görə ən yüksək göstəriciyə malik olan texniki bitki­lərdən biridir. Bununla belə, üzümçülük kənd təsərrüfatı istehsalının ən çox kapital tələb edən sahəsidir.

Keçmişə bir nəzər...

Üzümçülüyün respublika iqtisadiyyatı üçün böyük əhəmiyyətə malik olduğunu yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev 1970-ci ildən başlayaraq bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərirdi. Həmin dövrdə şərabçılıq sənayesinin inkişaf etdirilməsinə, istehsal olunan şərab məhsullarının keyfiyyətinin yüksəldilməsinə və çeşidinin genişləndirilməsinə dövlət tərəfindən böyük diqqət yetirilirdi. Lakin 1985-ci ildən başlayaraq keçmiş sovet rəhbərliyinin alkoqolizm və sərxoşluğa qarşı “mübarizə” adı altında həyata keçirdiyi “tədbirlər” muxtar respublikamızda da üzümçülüyün inkişafına ciddi zərbə vurmuşdu. Bunun nəticəsi idi ki, artıq ötən əsrin 90-cı illərinin əvvəllərində hektarlarla üzüm bağları quru çölü xatırladırdı. Qalan bağlar isə muxtar respublikaya mavi yanacaq axınının kəsilməsindən sonra məhv edildi, qiymətsiz süfrə üzümü kolları qırılaraq yanacaq kimi istifadə edildi. Muxtar respublika əhalisi üçün əsas qazanc mənbəyi olan üzümçülüyün bir sahə olaraq ləğv edilməsi əhalinin məşğulluğuna da böyük zərbə vurdu, bağlarda və şərab zavodlarında çalışanların hamısı işindən məhrum oldu. Çünki istehsalçılarla istehlakçılar arasında ənənəvi münasibətlər pozuldu və nəticədə, bir sıra şərab istehsalı müəssisələri fəaliyyətini dayandırdı.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra bu sahəyə diqqət yenidən artdı. Ulu öndərin məqsədyönlü siyasəti sayəsində ölkədə üzümçülük tədricən dirçəlməyə başladı. Naxçıvan Muxtar Respublikasının bir neçə bölgəsində yerli üzüm sortlarından ibarət yeni üzüm bağları salındı. Ümummilli lider Heydər Əliyev üzümçülük və şərabçılığı müstəqil Azərbaycan Respublikasında yeni bazar münasibətləri şəraitində inkişaf etdirmək üçün onun hüquqi bazasının yaradılması məqsədilə 2002-ci ildə “Üzümçülük və şərabçı­lıq haqqında” Qanunun tətbiq edilməsi barədə fərman imzaladı.
Ulu öndərimizin bu sahədə başlatdığı iş hazırda onun layiqli davamçısı, ölkə başçısı İlham Əliyev tərəfindən davam etdirilir. Ölkə başçısının müvafiq sərəncamı əsasında təsdiq olunan “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Pro­qramı” ölkəmizdə, eləcə də muxtar respublikamızda üzümçülük sahəsində dövlət siyasətinin və strategiyasının həyata keçirilməsində, müvafiq təşkilatların bu sahədəki işlərinin koordinasiyasının və sürətləndirilməsinin təmin edilməsində mühüm rol oynayır. Adıçəkilən dövlət proqramı muxtar respublikada da üzümçülüklə məşğul olan sahibkarların fəaliyyətini gücləndirir, yeni üzümçülük təsərrüfatlarının yaradılmasına əhəmiyyətli təsir göstərir.

Üzümçülüyün şöhrəti özünə qaytarılır

Göz işlədikcə uzanan üzüm bağlarını görmək, bu bağların yaratdığı əsrarəngiz mənzərələrdən həzz almaq, yəqin ki, bir çoxlarımızın arzusu olub. Bəzən tele­viziya kanallarında belə mənzərələrə tamaşa edəndə fikirləşmişəm ki, axı əvvəllər bizdə bundan da gözəl mənzərələr yaradan bağlar var idi, insanlar bu bağlarda alın təri tökərək halal zəhmətlə çörək qazanıblar. Ötən günlərdə Babək rayonunun Nehrəm kəndi ərazisində gördüyümüz bir mənzərə, sözün açığı, məni çox sevindirdi. Zərgər dəqiqliyi ilə salınan üzüm bağı böyük bir ərazini əhatə edir və torpaqdan yavaş-yavaş boy göstərən üzüm fidanları gələcəkdə bu bağın muxtar respublikanın ən gözəl bağlarından birinə çevriləcəyi əminliyini yaradır.
Bu təsərrüfatın sahibi Ənvər Əliyevlə söhbət zamanı bildirdi ki, Naxçıvan üzümün yetişdirilməsi və onun emalı ilə məşğul olan qədim diyardır. Tarixi qaynaqlara görə, hələ eramızdan əvvəl Naxçıvanın bir çox bölgələrində geniş üzüm bağları mövcud olub. Üzümdən şərab, doşab, abqora, mövüc, sirkə və sair məhsullar hazırlanırdı. Üzümçülüyün inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlər belə bir təsərrüfatın yaradılmasına imkan verib. Sahibkar deyir: “Ötən il təsərrüfatımız tərəfindən 100 hektar sahədə üzüm bağı salınıb. Bağların 150 hektara çatdırılması üçün hazırda əkin davam etdirilir. Biz yerli məhsuldar sortların əkininə üstünlük veririk. Ancaq bununla belə xarici ölkələrdən gətirilən üzüm sortlarına da maraq göstəririk. Hazır­da üzüm bağına İtaliya mənşəli 20 min ədəd crimson, 15 min ədəd matilde, 30 min ədəd cardinal, 15 min ədəd michele palieri, 93 min ədəd red globe, 50 min ədəd viktoriya fidanı əkilib. Bu üzüm sortları həm görünüşünə görə, həm də məhsuldarlıq baxımından çox sərfəlidir. Üzümçülüyün inkişafında son illərdə Türkiyə də qabaqcıl sıralardadır. Bu gün Türkiyə ərazisindəki təsərrüfatlarda sultaniyyə sortundan geniş istifadə edilir. Hazırda bağımızda 50 min ədəd bu sorta məxsus fidan var”.
Ənvər Əliyevin sözlərinə görə, üzüm o qədər də susevən bitki deyil. Bu səbəbdən təsərrüfatda damcı üsulundan istifadə edilir. Bu üsulla suya əhəmiyyətli dərəcədə qənaət edilir: “Əminəm ki, bu bağlar ərsəyə gələndən sonra yaxşı qazanc əldə etmək mümkün olacaq və Nehrəm kəndinin əhalisinin məşğulluğuna öz töhfəmizi verə biləcəyik. Hazırda üzüm bağlarında onlarla gənc çalışır. Gələcəkdə onlar arasında üzümçülük sahəsində yaxşı mütəxəssislər yetişəcək və kim bilir, bəlkə də, gələcəkdə burada çalışanların da özlərinə məxsus üzümçü­lük təsərrüfatları olacaq”.

Gələcək perspektivlər böyük uğurlar vəd edir

Meyvəçiliyə də xüsusi diqqət yetirildiyini dilə gətirən müsahibim dedi ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı” muxtar respublikanın bütün bölgələrində olduğu kimi, Babək rayonunda da bu sahənin inkişafına təkan verib. Bu proqramın yaratdığı imkanlardan yararlanaraq 20 hektar sahədə alma bağı salmışıq. Bu bağa məhsuldarlığı və dadı-tamı ilə seçilən Türkiyə, həm də yerli sortlardan olan alma tingləri əkilib. Bağların bar verməsindən sonra muxtar respublika əhalisinin tələbatının böyük bir hissəsinin ödəniləcəyinə ümid edirik.
Onu da qeyd edək ki, rayonda bağların suvarma suyu ilə təmin olunması üçün də lazımi tədbirlər görülüb. Belə ki, çay ətrafında 2 artezian quyusu vurulub. Oradan 6 kilometr məsafədə üzümçülük təsərrüfatına yeraltı su xətti çəkilib və su anbarı tikilib. Həmin su xəttindən su anbara yığılır və sahələr suvarılır. Yaxşı haldır ki, bağların suvarılması damcı üsulu ilə həyata keçirilir. Təsərrüfatın kifayət qədər texnika və texnoloji avadanlıqları da vardır. Bu da imkan verir ki, istər üzüm bağları, istərsə də meyvə bağları keyfiyyətlə becərilsin.

Bəli, muxtar respublikada yeni üzüm plantasiyalarının salınması bir daha onu deməyə əsas verir ki, əhalinin süfrə üzümünə və quru üzümə, şərabçılıq və digər üzüm emalı məhsullarına, üzüm emalı və şərabçılıq sənayesinin isə xammala olan tələbatının daxili istehsal hesabına ödənilməsinə, yeni iş yerlərinin yaradılmasına, kənd əhalisinin gəlirlərinin artmasına şərait yaradacaqdır. Bundan başqa, dövlət büdcəsinə və yerli büdcəyə daxilolmalar artırılacaq, kənd yerlərində sosial şərait yaxşılaşdırılacaq, üzümçülük və şərabçılıqla bağlı digər sahələrin inkişafı təmin ediləcəkdir.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR