Hər il olduğu kimi, cari ildə də muxtar respublikamızın paytaxtı Naxçıvan şəhərindəki təmirə ehtiyacı olan ictimai yaşayış binalarında aparılan quruculuq işləri davam etdirilir. Görülən işlər nəticəsində həmin binalar yeni görkəm alır.
“İstiqlal” küçəsi Naxçıvan şəhərindəki mərkəzi ünvanlardan biridir. Son bir neçə ildə bu küçədə yerləşən yaşayış binaları əsaslı şəkildə yenidən qurulur, mənzillərin sahələri genişləndirilir, bu binalarda yaşayan sakinlərin mənzil-məişət şəraiti xeyli yaxşılaşdırılır. Ötən dövrdə bu küçədə yerləşən 111 nömrəli yaşayış binası “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən yenidən qurulub. İlkin mərhələdə binanın qəzalı vəziyyətdə olan eyvanları və sakinlər tərəfindən artırılan hissələr sökülüb, sonrakı mərhələdə bina beton sütunlarla möhkəmləndirilib, dam örtüyü, pəncərələr dəyişdirilib. Binanın eni 3 metrlik məsafədə artırılıb ki, bu da sakinlərin mənzil sahəsinin genişlənməsinə şərait yaradıb. Artıq bütün işlərin yekunlaşdırıldığı binada su-kanalizasiya, qaz və elektrik xətləri tamamilə yenilənib, dam örtüyü və pəncərələr dəyişdirilib. Binanın fasadı muxtar respublikada istehsal olunan yerli daş üzlük plitələrlə üzlənib, müasir memarlıq elementləri ilə zənginləşdirilib.
Quruculuq tədbirləri yaxınlıqdakı 113 nömrəli yaşayış binasında da aparılır. Artıq həmin binada söküntü işlərinə başlanılıb.
Naxçıvan şəhərində əsaslı şəkildə yenidən qurulan yaşayış binalarından biri də həmin küçədə yerləşən 79 nömrəli binadır. “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları cari ilin mart ayından bu binada yenidənqurma işlərinə başlayıblar. Ötən müddətdə yaşayış binasının ön hissəsindəki eyvanlarda arakəsmələr hörülüb, arxa hissədə isə hörgü işləri davam etdirilir. Binanın hər iki hissəsində suvaq işləri aparılır, dam örtüyü yenilənir. Eyni zamanda yaşayış binasının daxilində də suvaq işlərinə başlanılıb, zirzəmi hissə təmizlənib, kommunikasiya xətlərinin dəyişdirilməsi davam etdirilir. Binanın 1-ci mərtəbəyədək olan fasad hissəsi üzlənəcək, digər hissələr isə milli memarlıq üslubuna uyğun olaraq dekorativ naxışlarla bəzədiləcək.
Əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər sakinlər tərəfindən insan amilinə göstərilən qayğı kimi qiymətləndirilir.
Səbuhi HƏSƏNOV