23 Dekabr 2024, Bazar ertəsi

Ekoloji problemlər müxtəlif ekoloji amillərin təsiri ilə təbiətin strukturunun və funksiyasının dəyişməsi nəticəsində yaranan problemlərdir. Məlumdur ki, texnologiya inkişaf etdikcə, təbiətdə ekoloji tarazlıq pozulmağa doğru gedir. Elmi-texniki inqilab əsri hesab edilən XX əsrdən başlayaraq qazanxana və sənaye müəssisələrindən, hərəkət zamanı milyonlarla avtomobillərdən xaric olunan zəhərli qazlar, müxtəlif layihələr üçün yaşıl bitki örtüyü sahələrinin məhv edilməsi və digər amillər təbiətin tarazlığını pozaraq anormal hava şəraitinin yaranmasına səbəb olub və bu proses indi də davam edir.

Okeanlarda və müxtəlif su mənbələrində buxarlanan su, ildən-ilə həcmi kiçilən yaşıllıqlarda fotosintez prosesi oksigen ehtiyatını müəyyən qədər tənzimləsə də, bu, yetərli deyil. İki yüz il bundan əvvəl insanlar məişət tullantılarının nə olduğunu bilmirdilər, indi isə bu cür tullantılar ekoloji problemlərin sıralamasında ilk yerlərdən birini tutur. Başqa bir misal. Orta əsrlərdə dünyada baş verən müharibə və toqquşmalar say baxımından indikindən dəfələrlə çox idi, lakin indiki müharibələrlə müqayisədə ekologiyaya təsiri, demək olar ki, yox dərəcəsində idi. Belə misalların sayını dəfələrlə artırmaq olar. Söhbət ondan gedir ki, hər ötən il bəşəriyyət ekoloji problemlərlə daha çox qarşılaşır. Bu problemlərin həlli yollarından çox danışılsa da, əməli iş görənlərin sayı bundan qat-qat azdır. Ekoloq alimlərin bildirdiyinə görə, hər ölkə özünün ekoloji təhlükəsizliyini özü təmin edərsə, o zaman mövcud problemlərdən də müəyyən qədər xilas olmaq mümkündür.

Unutmaq olmaz ki, ekologiya məsələləri bəşəri xarakter daşıyır. Yalnız dünyanın ağıllı xalqları bu problemlərin həllinə müəyyən qədər töhfə verə bilirlər. Təbiətə belə töhfənin verilməsində ekologiya amilinə yanaşmanın böyük təsiri var. Çünki ekologiya dedikdə, sadəcə, ağaclar, meşələr, yaşıllıqlar başa düşülmür. Ümumilikdə, torpaq, su, Günəş, yaşıllıqlar, canlılar və sairin vəhdəti nəzərdə tutulur. Buna görə də ətraf mühitin qorunmasında insanlarda ekoloji təfəkkürün düzgün formalaşdırılması mühüm şərtdir. Elmi ədəbiyyatda daha çox “ekoloji şüur” kimi istifadə olunan bu termin ictimai və fərdi şüurun təbiətə münasibətdə etik davranış xüsusiyyətlərini özündə əks etdirir. İndi isə bu təfəkkürdən yola çıxaraq muxtar respublikada həyata keçirilən ekoloji siyasətin mahiyyətinə varmağa çalışaq.
Qeyd edək ki, kəskin kontinental iqlimi ilə seçilən muxtar respublikanın təbii olaraq az örtüyə malik yaşıllıq sahələri ötən əsrin sonlarında məlum səbəblərə görə daha da azalmış, muxtar respublika ərazisinin 0,6 faizinə bərabər olmuşdu. Ötən dövr ərzində bu sahədə həyata keçirilən tədbirlər yaşıllıqların 12 faizədək artırılmasına gətirib çıxarıb. Nəzərə alaq ki, yaşıllıq sahələrinin həcminin artırılması indeksinə görə belə nəticənin əldə olunması beynəlxalq aləmdə nadir hallardan sayılır. Eyni zamanda bunu da nəzərdən qaçırmayaq ki, yeni yaşıllıqların, meşə massivlərinin salınması praktik baxımdan ən böyük texniki layihələrin həyata keçirilməsindən daha çətindir. Çünki istənilən layihəni yerinə yetirmək üçün əgər maliyyə imkanları varsa, onları müəyyən müddətdə başa çatdırmaq mümkündür. Yaşıllıq sahələrinin yaradılmasında isə təkcə maliyyə kifayət etmir, zəhmətkeşlik, qayğı, səbir, təbii təsirlərdən qorunmaq kimi vasitələr önə keçir. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, ötən dövrdə bu tədbirlərin həyata keçirilməsində muxtar respublika rəhbərinin şəxsi nümunə göstərməsi, görülən işlərin kampaniya xarakterli deyil, ümumi fəaliyyətin tərkib hissəsinə çevrilməsi regionda ekoloji mədəniyyətin formalaşmasına böyük təsir göstərib. Bu ekoloji mədəniyyət insanların düşüncəsində təkcə ağac əkmək, onlara qulluq etməklə məhdudlaşmır. Paytaxt Naxçıvan şəhəri də daxil olmaqla muxtar respublikanın bütün yaşayış və qeyri-yaşayış məntəqələrinin təmiz saxlanılmasını indi bura yolu düşən əcnəbi qonaqlar da tez-tez dilə gətirirlər. Bu təmizliyi qorumaq, yaşıl­lıqları mühafizə etmək artıq hər bir naxçıvanlının şüuraltında, sözün müsbət mənasında, mühafizəkar bir düşüncə formalaşdırıb. Məhz bu düşüncəni Naxçıvan cəmiyyətində ekoetikanın təzahürü hesab etmək olar.
Muxtar respublikada əlverişli ekoloji mühitin yaradılması istiqamətində görülən işləri bir yazıda sadalamaq qeyri-mümkündür. Təkcə onu xatırladaq ki, 2016-cı ildə həyata keçirilən ekoloji tədbirlər nəticəsində muxtar respublikada 546 hektar sahədə meşəsalma və meşəbərpa işləri görülüb, yaşıllaşdırma tədbirlərində 213 min 500 ədəd meyvə, 238 min 500 ədəd meşə, həmişəyaşıl və bəzək kolları olmaqla, cəmi 452 min ədəd ting əkilib. 50 hektarı püstə bağı olmaqla, 200 hektar sahədə meyvə bağları salınıb. Bu tədbirlər əvvəlki illərdə olduğu kimi, cari ildə də davam etdirilir. Belə ki, cari ilin aprel ayının ilk həftəsində muxtar respublikada keçirilən iməciliklərdə 30 hektarda 17 min 620 ədəd meyvə və meşə, 95 min ədəd üzüm tingi əkilib. Həmin ayın ikinci həftəsində isə 23 min 400-dən çox sakinin iştirak etdiyi növbəti iməcilikdə 61 min 961 ədəd ağac və bəzək kolları, 2100 ədəd meşə ağacı, 11 min 260 ədəd meyvə ağacı, 601 ədəd həmişə­yaşıl ağac, 1500 ədəd gül və bəzək kolları, 46 min 500 ədəd üzüm tingi əkilib.
Bu il muxtar respublikada mühüm əhəmiyyəti ilə seçilən və həyata keçirilən tədbirlərdən biri də qəbiristanlıqların səliqə-sahmana salınması olub. Qəbiristanlıqlardakı dəmir çəpərlərin sökülməsi, məzarların ətrafında təmizlik və abadlıq işlərinin aparılması təkcə muxtar respublika əhalisi tərəfindən deyil, ölkə sakinləri tərəfindən də rəğbətlə qarşılandı. Bu tədbirlər nəticəsində tonlarla dəmir yığını qəbiristanlıqlardan çıxarıldı. Əvəzində qəbiristanlıqlarda həmişəyaşıl ağacların əkilməsi ənənəsinin əsası qoyuldu. Belə yaşıllıqlar isə ekoloji faydası ilə yanaşı, həm də mənəvi baxımdan əhəmiyyətli hesab olunur.
Naxçıvan Muxtar Respublikasında son illərdə kəhrizlər təmir edilir, yeni su ehtiyatları yaradılır, içməli su və kanalizasiya xətləri yenilənir. Bununla yanaşı, fauna və flora növlərinin qorunması, tikilən və ya yenidən qurulan hər bir obyektin ətrafında yaşıllıq və ya gülkarlıq sahələrinin yaradılması, əkin sahələrinin dövriyyəsinin artırılması, yeni suvarma xətlərinin çəkilməsi ilk baxışda sosial-iqtisadi tədbirlər kimi görünsə də, onların əsl mahiyyətində ətraf mühitin qorunması, insanların rahat yaşaması üçün sağlam şəraitin yaradılması durur. Bu mənada, Naxçıvan həm də özünün ekologiya tarixini yazır. Gələcək nəsillər bu tarixi təkcə kitablardan, mətbuatdan deyil, Naxçıvanın sağlam və gözəl mənzərəsindən də oxuya biləcəklər. Oxuyacaqlar ki, onlara əmanət edilən Ana Təbiətin əbədi olaraq bir hissəsi olduqlarını dərk etsinlər.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR