Real sektorun inkişaf etdirilməsi məqsədilə maliyyələşdirmə mexanizmini uğurla həyata keçirən muxtar respublikanın bank sektoru təklif olunan kreditlərə ən aşağı faiz dərəcəsini tətbiq etməklə ölkənin digər regionlarını geridə qoymuşdur.
Belə ki, bu ilin ötən dövrü ərzində muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 9 faiz təşkil etmişdir. Bu göstərici Bakı şəhəri də daxil olmaqla, ölkənin digər regionlarında verilmiş kreditlər üzrə tətbiq olunan ən aşağı faiz dərəcəsidir. Belə ki, Aran iqtisadi rayonunda bu göstərici 22,2 faiz, Dağlıq Şirvan iqtisadi rayonunda 21,8 faiz, Şəki-Zaqatala iqtisadi rayonunda 21,6 faiz, Lənkəran iqtisadi rayonunda 21,5 faiz, Quba-Xaçmaz iqtisadi rayonunda 19,2 faiz, Gəncə-Qazax iqtisadi rayonunda 19,1 faiz, Yuxarı Qarabağ iqtisadi rayonunda 17,4 faiz, Abşeron iqtisadi rayonunda 15,9 faiz, Bakı şəhərində 9,1 faiz təşkil etmişdir. Ölkə üzrə kreditlərin orta faiz dərəcəsi isə 2017-ci ilin 1 aprel tarixinə 10,6 faiz olmuşdur.
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına
Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi