23 Dekabr 2024, Bazar ertəsi

“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, alternativ və bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. 

Əlverişli coğrafi mövqe və iqlim şəraiti muxtar respublikada ekoloji cəhətdən təmiz, tükənməyən alternativ enerji mənbələrindən istifadəyə geniş imkan yaratdığından son illər bu diyarda iqtisadi cəhətdən daha səmərəli olan elektrik stansiyaları tikilir. Bu sahədə görülən işlərin davamı kimi, 2015-ci il dekabrın 1-də Babək rayonunun Xal-xal kəndi yaxınlığında 20 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyası istifadəyə verilib. Burada işlər Belçika Krallığının “Soltech” şirkəti tərəfindən görülüb. Stansiyada 78 min 684 ədəd ən müasir “şüşə-şüşə” tipli günəş panelləri, onlar üçün dayaqlar və 11 elektrik yarımstansiyası quraşdırılıb. Cari ildə isə stansiyada əlavə 8 minə yaxın günəş paneli quraşdırılacaq.

Günəş Elektrik Stansiyasında işlərə bu ilin aprel ayından başlanılıb. Burada yeni günəş panelləri 3,8 hektar ərazidə quraşdırılacaq ki, bunun da 2 hektarı stansiyanın əvvəlki ərazisindəki boş sahələr, 1,8 hektarı isə əkin üçün yararsız sahələrdir. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti və İsveçrənin “Ped” şirkəti arasında bağlanan müqaviləyə əsaslanaraq aprel ayının 20-dən etibarən stansiyanın ərazisində artırma işlərinə başlanılıb. Stansiyanın ümumi gücü 20 meqavat təşkil edir. İşlər yekun­laşdırıldıqdan sonra 22 meqavata çatacaq.
Hazırda ərazidə günəş panellərinin dirəkləri basdırılır, çəpərləmə işləri görülür. Yaxın zamanlarda burada yeni yarımstansiya da quraşdırılacaq. Əlavə olaraq 20 kilovatlıq elektrik verilişi xətləri çəkilərək mövcud 110 kilovatlıq Xal-xal yarımstansiyasına qoşulacaq. İşlərin bu ilin may-iyun aylarında başa çatdırılması nəzərdə tutulub.
2016-cı ildə Günəş Elektrik Stansiyasında 29 milyon 922 min kilovat-saat elektrik enerjisi istehsal olunub. Muxtar respublikada elektrik enerjisinə olan tələbatın 20 faizi bu stansiya vasitəsilə təmin edilib.
Qeyd edək ki, yeni texnologiyalara əsaslanan ekoloji təmiz enerji mənbələrindən istifadəyə müasir dünyada xüsusi diqqət yetirilir. Bu baxımdan ekoloji cəhətdən təhlükəsizliyi ilə seçilən Günəş Elektrik Stansiyasının tikintisi muxtar respublikamızın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm addımdır. Naxçıvan Günəş Elektrik Stansiyası son illərdə muxtar respublikada yaradılmış elektrik stansiyaları arasında böyük əhəmiyyətə malikdir. Bu, müstəqillik illərində Naxçıvanın enerji asılılığından tama­milə azad olunması, onun enerji idxalçısından enerji ixracatçısına çevrilməsi mərhələsində qət etdiyi nəhəng inkişaf yolunun ən parlaq sübutudur.

Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR