Şərur rayonunun Yengicə kəndi qədimdən özünəməxsus meyvəçilik ənənələri ilə məşhurdur. Bu kəndin əriyi, alması, alçası dadı-tamı, ətri və gözəl rəngi ilə digər yerlərdə yetişdirilən eyniadlı meyvələrdən əsaslı şəkildə seçilir. Xüsusilə Yengicə armudu xəstələrə dərmandır. Kənddəki həyətlərin, demək olar ki, hamısında olan yaşlı cəviz ağaclarından hər il xeyli məhsul dərilir. Aqrar islahatlar zamanı torpağın öz sahibinə qaytarılmasından sonra bu kənddə də geniş ərazilərdə meyvə bağları salmağa maraq xeyli artıb.
Kənddə yaşayan fotoqraf Cabbar Seyidovun həyətində müxtəlif meyvə ağacları, üzüm tənəkləri, rəngarəng gül-çiçəklər vardır. Ötən ilin payızında o, oğlu Babəklə birlikdə fındıq bağı salmağı planlaşdırıb. Bunun üçün ilkin olaraq Çomaxtur kəndi ilə Yengicə arasındakı “Suaparan” adlanan sahədə bir hektar münasib yer seçib, üzvi və mineral gübrələrlə zənginləşdirdikdən sonra şumladıblar. Qarşıya qoyulan məqsədə nail olmaq üçün dövlət kreditindən də istifadə ediblər.
Erkən yazda sahə hamarlanıb, cərgələr açılıb, çalalar qazılıb. Babək Türkiyə Respublikasının Samsun vilayətindəki fındıqçılıqla məşğul olan bir fermer ilə əlaqə yaradıb, onların təcrübəsi ilə tanış olub. Nəzərdə tutulmuş sahə əkinə tam hazır olandan sonra həmin tingçilik təsərrüfatından 2 min ədəd cavan fındıq tingləri alıb gətirib. Əkilən körpə fidanlar artıq yaşıllaşıb.
Söhbət zamanı gənc bağban Babək Seyidov dedi:
– Muxtar respublikamızda meyvə və tərəvəzçiliyin inkişafı ilə bağlı görülən işlər və torpaq mülkiyyətçilərinə göstərilən qayğı mənim bu sahəyə olan marağımı artırıb. Buna görə də bu işlə məşğul olmağı qarşıma məqsəd qoydum. Əvvəlcə atamla məsləhətləşdim. O, təklifimi bəyəndiyini bildirdi və mənə öz məsləhətləri ilə kömək etdi. Türkiyəli mütəxəssislərin dediyinə görə, əkdiyimiz “Kersun” sortlu fındıq kolları muxtar respublikamızın təbii iqlim şəraitinə uyğundur və 30 dərəcəyədək şaxtaya davam gətirir. Torpağa basdırandan 2-3 il sonra məhsula düşür, ilk illərdə hər kol azı 5-6 kiloqram məhsul verir. Meyvələrin orta yağlılıq dərəcəsi də yüksəkdir, ona görə alıcısı həmişə çox olur.
Babək gələcək planlarından da danışdı. Dedi ki, payızda daha 35 min ədəd ting alacağam. Əlavə olaraq 3,5 hektar sahədə fındıq bağı salacağam. Tinglərin qalanını isə kəndimizdəki qonşu təsərrüfatlar arasında böləcəyik. Gənc bağban qeyd etdi ki, kəndimizdə fındıq və cəviz bağları salmağa maraq göstərənlərin sayı getdikcə artır.
Elman MƏMMƏDOV