Muxtar respublikada artan əhali tələbatına uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi, sosial sahənin inkişafı üzrə aparılan tədbirlər 2017-ci ilin birinci rübündə də davam etdirilmiş, yüksək nəticələr əldə olunmuşdur.
Hesabat dövrünün ən mühüm hadisələrindən biri ölkə Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya səfəri olmuşdur. Ölkə başçısı səfəri zamanı Əlahiddə Ümumqoşun Ordusunun “N” hərbi hissəsindəki əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün yaşayış binasının, Naxçıvan şəhər 3 nömrəli tam orta məktəb binasının, Culfa və Şahbuz rayonlarının mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin açılış, Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimlərində iştirak etmiş, muxtar respublikada aparılan irimiqyaslı tikinti-quruculuq tədbirlərini yüksək qiymətləndirərək demişdir: “Doğrudan da son illər ərzində Naxçıvan böyük inkişaf yolu keçmişdir. Naxçıvan şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi, infrastruktur layihələrinin icrası, bütün şəhər və kəndlərin abadlaşması prosesi onu göstərir ki, respublika möhkəm ayaqda dayanır. Hesab edirəm ki, bu gün Naxçıvan Muxtar Respublikasının çiçəklənmə dövrüdür. Çünki bütün istiqamətlər üzrə işlər uğurla gedir və gözəl nəticələr var”.
Cari ilin yanvar-mart ayları ərzində ümumi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalının həcmi 505 milyon 378 min manatdan artıq olmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricidən çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,5 faiz artaraq 1124,3 manat olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,7 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 54,8 faiz təşkil etmişdir.
2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-mart aylarında sənaye məhsulunun həcmi 1,3 faiz, kənd təsərrüfatının ümumi məhsulu 3,3 faiz, nəqliyyat sektorunda yük daşınması 1,5 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 3,1 faiz, o cümlədən mobil rabitə xidməti 1,8 faiz, pərakəndə əmtəə dövriyyəsi 1,7 faiz, əhaliyə göstərilən pullu xidmətlər 2 faiz, ixracın həcmi 1,1 faiz, əhalinin gəlirləri 1,2 faiz artmışdır.
Makroiqtisadi göstəricilər
*) müqayisəli qiymətlər üzrə
**) yanvar-fevral ayları
Sənaye
Muxtar respublikada iri sənaye müəssisələrinin yaradılması, yeni məhsul növlərinin istehsalı sənayeləşmə prosesini daha da sürətləndirmiş, dinamik inkişaf təmin edilmişdir.
2017-ci ilin yanvar-mart aylarında muxtar respublikada 234 milyon 860 min 600 manat həcmində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövründəki göstəricini 1,3 faiz üstələmişdir.
Sənaye məhsulu istehsalının 96 faizi malların, 4 faizi isə xidmətlərin payına düşmüşdür. Sənayenin dövlət sektorunda 12 milyon 534 min manatlıq, qeyri-dövlət sektorunda isə 222 milyon 326 min 600 manatlıq məhsul istehsal olunmuşdur. İstehsal olunan sənaye məhsulunun 94,7 faizi özəl sektorun payına düşmüşdür.
Sənaye məhsulu istehsalının
dinamikası, min manat
2017-ci ilin ilk rübü ərzində muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 7 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmış, 23 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması isə davam etdirilmişdir.
Sənayedə istehsalın genişlənməsi ixracın da həcminə müsbət təsir göstərmiş, cari ilin ilk rübü ərzində 41 milyon 209 min 600 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunmuşdur.
Hərbi quruculuq
Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir.
2017-ci ilin yanvar-mart aylarında Naxçıvan şəhərində mərkəzi hərbi xəstəxananın, təlim-tədris mərkəzinin, anqarın tikintisi davam etdirilmişdir.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında, Şərur rayonundakı “N” hərbi hissədə infrastruktur obyektlərinin, Şahbuz rayonunda iki, Babək və Culfa rayonlarının hər birində bir anqarın tikintisi davam etdirilir.
Tikinti-quruculuq və su təchizatı
tədbirləri
İnvestisiya qoyuluşları hər bir sahənin dinamik inkişafını sürətləndirən mühüm amillərdən biridir. Muxtar respublikada infrastruktur quruculuğu tədbirləri çərçivəsində 2017-ci ilin yanvar-mart aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 192 milyon 60 min 900 manat həcmində investisiya yönəldilmişdir. İnvestisiya qoyuluşlarının 178 milyon 160 min manatı və ya 92,8 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir.
2017-ci ilin ilk rübü ərzində muxtar respublikada 44 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 92 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilmişdir.
Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi üzrə tədbirlər 2017-ci ilin ilk rübü ərzində də davam etdirilmiş, 3 kənd mərkəzi istifadəyə verilmiş, 2 kənd mərkəzinin inşası hazırda davam etdirilir.
Muxtar respublikada bir yaşayış binasının tikintisi, üç yaşayış binasının yenidən qurulması davam etdirilir.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərmişdir. 2017-ci ilin ilk rübü ərzində muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 94 min 300 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricidən çoxdur.
Naxçıvan şəhərində çirkab sutəmizləyici qurğunun, Şərur, Babək, Ordubad, Kəngərli və Sədərək rayonlarında içməli su və kanalizasiya xətlərinin tikintisi davam etdirilmişdir.
Kənd təsərrüfatı
Muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının yerli məhsullar hesabına ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, daxili bazarda məhsul bolluğu yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası da muxtar respublika əhalisinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə və tələbatdan artıq mövsümi məhsulların ixracına geniş imkanlar yaratmışdır.
Üzümçülüyün inkişafı istiqamətində yerli resurslardan istifadə olunmaqla üzüm bağlarının salınması üçün tinglərin becərilməsinə başlanılmışdır. Bundan əlavə, yaz əkinlərinin aparılması üzrə dəstəkləyici tədbirlər həyata keçirilmişdir.
Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılmaqdadır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 131 ədədi 2017-ci ilin yanvar-mart aylarında olmaqla, cəmi 1966 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmişdir. 2017-ci ilin ilk rübü ərzində 31 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə məhsul istehsalçılarına verilmiş, 6 ədədi nağd yolu ilə satılmışdır. Bu dövr ərzində məhsul istehsalçıları 5293,3 ton mineral gübrə ilə təmin olunmuşdur.
Kənd təsərrüfatının əsas sahələrindən biri olan heyvandarlığın inkişafı da diqqətdə saxlanılmışdır. Cari ilin ilk rübü ərzində 4 heyvandarlıq təsərrüfatının yaradılması davam etdirilmiş, ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə 455 min 300 manat həcmində kredit verilmişdir.
2017-ci ilin ilk rübü ərzində heyvandarlıq təsərrüfatlarında 1700 baş inək, düyə və camış süni yolla mayalandırılmış, əvvəlki dövrdə mayalandırılmış inək, düyə və camışlardan 2210 baş sağlam bala alınmışdır. 1 aprel 2017-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 117 min 466 baş, qoyun və keçilərin sayı 728 min 173 baş olmuş, 1 aprel 2016-cı il tarixə olan göstəriciləri müvafiq olaraq 1,4 və 1,9 faiz üstələmişdir.
2017-ci ilin yanvar-mart aylarında muxtar respublikada diri çəkidə 5880,7 ton ət, 12248,7 ton süd istehsal olunmuşdur ki, bu da 2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə müvafiq olaraq 3,5 və 1,6 faiz çoxdur.
Daxili bazarda quş ətinə olan tələbatın yerli istehsal hesabına ödənilməsi məqsədilə 2 quşçuluq təsərrüfatının yaradılması hazırda davam etdirilir.
Muxtar respublikada arıçılığın inkişafı üzrə də mühüm tədbirlər həyata keçirilməkdədir. İqtisadi cəhətdən yüksək gəlir gətirən, qida və müalicəvi baxımdan faydalı təsərrüfat sahəsi olan arıçılığın daha da inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. 2017-ci ilin ilk rübü ərzində bu sahədə müvafiq tədbirlər görülmüş, təsərrüfat subyektlərinə 10 min manat həcmində kredit verilmişdir.
Cari ilin ilk rübü ərzində kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 719 min 100 manat məbləğində kreditlərin verilməsi təmin olunmuşdur.
2017-ci ilin yanvar-mart aylarında bir il öncəyə nisbətən 3,3 faiz çox, yəni 26 milyon 400 min 400 manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.
Kənd təsərrüfatının ümumi
məhsulu, min manat
Muxtar respublikada məhsuldar və keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması məqsədilə Naxçıvan şəhərində toxumçuluq təsərrüfatı üçün yeni kompleks inşa olunmuşdur. Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində ayrılan qrant hesabına Naxçıvan Muxtar Respublikası “Bərəkət Buğda Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin toxumçuluq təsərrüfatına yeni kənd təsərrüfatı texnikaları və toxumçuluq laboratoriyası avadanlıqları təqdim olunmuşdur. Təqdim olunan 5 kombayn, 5 traktor, hər birinin tutumu 10 ton olan 4 yük maşını, 5 toxumsəpən, 5 filtr təmizləyici, avtobus, hidravlik ekskavator, yanacaq tankeri, toxumörtən, diskli kotan və dırmıqlar, 5 gübrəsəpən, 5 toxumtəmizləyən, 2 elevator, 80 tonluq elektron tərəzi, eləcə də digər maşın və avadanlıqlar yüksək iş imkanlarına malikdir. Yeni alınan elektro-termostatik inkubator, isitmə və qurutma sobası, mikroskop və digər avadanlıqlar hesabına toxumçuluq laboratoriyasında yüksək məhsuldarlığa malik, xəstəliyə, ziyanvericilərə və yerli iqlim şəraitinə dözümlü toxum sortları yetişdiriləcək, toxumların genofonduna və seleksiyasına nəzarət olunacaqdır.
Etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırmış, 2017-ci ilin ilk rübü ərzində muxtar respublikadan 12 milyon 50 min 400 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunmuşdur.
Meliorasiya-irriqasiya sistemlərinin yeniləşdirilməsi diqqət mərkəzində saxlanılmış, Şərur, Babək və Sədərək rayonlarında kollektor-drenaj şəbəkələrinin təmizlənməsi, Kəngərli rayonunun Böyükdüz kəndində qapalı suvarma şəbəkəsinin tikintisi, suvarma boru xəttinin bərpası davam etdirilir.
Babək qəsəbəsində, Şərur rayonunun Alışar və Qışlaqabbas kəndlərində qapalı drenaj xətlərinin çəkilişi başa çatdırılmış, Babək rayonunun Hacıvar kəndində açıq drenaj kanalının çəkilişi davam etdirilir.
Şərur rayonunda Arpaçayda, Babək rayonunda Cəhriçayda, Naxçıvançayda və Qahab selovunda istiqamətləndirici bəndlərin tikintisi, Uzunoba Su Anbarına sugətirici kanalın təmiri davam etdirilir.
Muxtar respublikada 1 kəhrizin təmiri başa çatdırılmış, 6 kəhrizin təmiri hazırda davam etdirilir.
Nəqliyyat, informasiya və rabitə,
energetika
Muxtar respublikada müasir yol-nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində tədbirlər davam etdirilməkdədir.
Cari ilin ilk rübü ərzində Şərur rayonunun Dərvişlər-Arpaçay-Çəmənli-Babəki kənd avtomobil yolunun yenidən qurulması başa çatdırılmış, Ordubad rayonunda Sabirkənddə avtomobil yolunda istinad divarının tikintisi, Babək rayonunun Payız, Kəngərli rayonunun Qarabağlar, Şahbuz rayonunun Badamlı kəndlərində avtomobil yollarının yenidən qurulması davam etdirilir.
Naxçıvan şəhərində yerüstü piyada keçidinin və 400 yerlik avtomobil parkının tikintisi davam etdirilmişdir.
Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə Naxçıvan-Ərzurum avtobus marşrutu fəaliyyətə başlamışdır.
Culfa stansiyasında İstismar Vaqon Deposunun, Ordubad dəmiryolu sərnişin vağzalı binasının, Ordubad yol sahəsinin inzibati binasının və 4 saylı yol məntəqəsi binasının tikintisi, Ordubad Stansiya İdarəetmə Mərkəzinin əsaslı təmiri, Naxçıvan Beynəlxalq Hava Limanının karqo terminalının yenidən qurulması davam etdirilir.
2017-ci ilin yanvar-mart aylarında muxtar respublikada nəqliyyat sektorunda 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,5 faiz, sərnişin daşınması 2,3 faiz artmışdır. Yük və sərnişin daşınmasından, bütövlükdə, 11 milyon 400 min manat gəlir əldə edilmişdir ki, bu da bir il öncəki müvafiq göstəricidən 3,8 faiz çoxdur.
Muxtar respublikada informasiya və rabitə sahəsində yeni texnologiyaların tətbiqi bu sahə üzrə göstərilən xidmətlərin əhatə dairəsini genişləndirmişdir.
Cari ilin ilk rübü ərzində Naxçıvan şəhərinin Tumbul, Şərur rayonunun Arpaçay kəndlərində yeni poçt bölməsi istifadəyə verilmiş, Çəmənli kəndindəki poçt bölməsi yeni binaya köçürülmüşdür.
Şərur rayonunun Arpaçay və Çəmənli kəndlərinin hər birində 384 nömrə tutumlu avtomat telefon stansiyaları quraşdırılmış, Naxçıvan şəhərinin Tumbul kəndində avtomat telefon stansiyası yeni binaya köçürülmüşdür.
Culfa rayonunun mərkəzi avtomat telefon stansiyasında, Babək rayonunun Cəhri, Culfa rayonunun Əbrəqunus kəndlərindəki avtomat telefon stansiyalarının hər birində 1 ədəd DSLAM avadanlığı quraşdırılaraq əhalinin genişzolaqlı internet xidmətindən istifadəsi təmin edilmişdir.
Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrası istiqamətində 24 fərdi mənzilə, ümumilikdə, 2017-ci ilin ilk rübü ərzində muxtar respublikada 4,2 kilometr məsafədə fiber-optik kabel xətti çəkilmişdir.
2017-ci ilin yanvar-mart aylarında muxtar respublikada 678 ədəd yeni telefon şəbəkəyə qoşulmuş, 1 aprel 2017-ci il tarixə hər yüz ailəyə 72 telefon aparatı, hər yüz nəfərə 104 mobil telefon düşmüşdür.
Cari ilin ilk rübü ərzində muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi 2016-cı ilin müvafiq dövründəki göstəricini 3,1 faiz üstələyərək 12 milyon 485 min 700 manat olmuşdur. Ümumi xidmətlərin 80,7 faizi mobil rabitənin payına düşmüşdür. Mobil rabitə xidmətlərinin həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz artmışdır.
Elektroenergetika sektorunda davamlı olaraq yeni güclərin yaradılması, infrastrukturun müasir standartlar səviyyəsində yenilənməsi istiqamətində tədbirlər davam etdirilir.
2017-ci ilin ilk rübü ərzində Ordubad rayonunda gücü 36 mVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilmişdir.
Muxtar respublikada 6 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətləri çəkilmiş, 1 ədəd transformator yarımstansiyası quraşdırılmışdır.
1 aprel 2017-ci il tarixə muxtar respublikada 85 min 90 əhali abonenti mavi yanacaqla təmin olunmuşdur.
Naxçıvan şəhərində smartkarttipli elektrik və qaz sayğaclarının quraşdırılması hazırda davam etdirilir.
Sahibkarlıq fəaliyyəti, əhalinin gəlirləri
və məşğulluq məsələləri
Muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı istiqamətində ardıcıl tədbirlər davam etdirilir.
2017-ci ilin ilk rübü ərzində muxtar respublikada sahibkarlara 913 min 800 manat həcmində kreditlər verilmişdir. Bu dövr ərzində 11 hüquqi və 602 fiziki şəxs qeydiyyata alınmışdır.
Yerli istehsal sahələrinin inkişafının nəticəsidir ki, bu gün muxtar respublikada 367 növdə məhsul istehsal olunur. Bu məhsulların 121 növü ərzaq, 246 növü qeyri-ərzaq məhsullarıdır. 107-si ərzaq, 237-si qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir.
Muxtar respublikada əhalinin gəlirləri bir il öncəyə nisbətən 1,2 faiz artaraq 358 milyon 805 min 800 manata, onun hər bir nəfərə düşən həcmi 798,2 manata çatmışdır. Cari ilin yanvar-fevral ayları ərzində orta aylıq əməkhaqqının məbləği 413,6 manat təşkil etmişdir ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricidən 3,4 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə, səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə geniş imkanlar yaratmaqdadır.
Cari ilin ilk rübü ərzində muxtar respublikada 640 yeni iş yeri yaradılmışdır ki, bunun da 626-sı və ya 97,8 faizi daimi iş yerləridir. Əmək bazarının tələblərinə uyğun olaraq cari ilin ötən dövrü ərzində Naxçıvan Regional Peşə Tədris Mərkəzində qazanxana maşinisti, elektrik montyoru, qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər, bərbər-manikürçü, bərbər və dayə peşələri olmaqla, ümumilikdə, 139 nəfər peşə kurslarına cəlb edilmişdir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin tabeliyindəki peşə ixtisas təhsili müəssisələrində cari ilin ötən dövrü ərzində 804 nəfər müxtəlif peşələrə yiyələnmişdir.
İstehlak bazarı
Səmərəli məşğulluq imkanlarının yaradılması əhalinin alıcılıq qabiliyyətini yüksəltmiş, əmtəə dövriyyəsinin həcmini genişləndirmişdir.
2017-ci ilin yanvar-mart aylarında muxtar respublikanın istehlak bazarında əhaliyə 331 milyon 422 min 500 manat həcmində istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur.
Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində Naxçıvan şəhərinin Tumbul, Şərur rayonunun Arpaçay və Çəmənli kəndlərində xidmət mərkəzləri istifadəyə verilmişdir.
Xarici ticarət, bank işi və
sığorta fəaliyyəti
Muxtar respublikanın dinamik inkişafı, ən əsası, yerli istehsalın şaxələndirilməsi xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmışdır.
2017-ci ilin yanvar-mart aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsinin həcmi 56 milyon 334 min ABŞ dolları təşkil etmişdir. Xarici ticarət dövriyyəsinin 53 milyon 260 min ABŞ dollarını ixrac, 3 milyon 74 min ABŞ dollarını idxal təşkil etmiş və 50 milyon 186 min ABŞ dolları həcmində müsbət saldo yaranmışdır.
Bank sektorunun inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası muxtar respublikada elektron ödəniş infrastrukturunun inkişaf etdirilməsinə, maliyyə vəsaitləri dövriyyəsinin sürətləndirilməsinə, nağd ödənişlərin azalmasına səbəb olmuş, məxaricdə emissiyanın xüsusi çəkisi 2016-cı ilin müvafiq dövründəki 38,9 faizdən azalaraq 33,5 faiz təşkil etmişdir.
1 aprel 2017-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 57800-ə çatmışdır ki, bunun da 49376-sı və ya 85,4 faizi aktiv hesablardır. 2017-ci ilin ilk rübü ərzində açılmış 13038 bank hesabının 13010-u aktiv hesablar olmuşdur.
1 aprel 2017-ci il tarixə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1231-ə çatmışdır.
Səmərəli sığorta sisteminin formalaşdırılması istiqamətində tədbirlər davam etdirilməkdədir. 2017-ci ilin ilk rübündə muxtar respublikada sığorta növləri üzrə daxilolmalar 1554,3 min manat olmaqla bir il öncəki göstəricini 33 faiz üstələmişdir.
Təhsil, səhiyyə, sosial təminat,
mədəniyyət və turizm
Təhsil sahəsi üzrə infrastruktur quruculuğu tədbirləri çərçivəsində Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsi və Naxçıvan Müəllimlər İnstitutu üçün korpusların tikintisi davam etdirilir.
Şərur şəhərində 1020 şagird yerlik 2 nömrəli, Naxçıvan şəhərinin Tumbul kəndində 376 şagird yerlik 13 nömrəli, Şərur rayonunun Çəmənli kəndində 380 şagird yerlik, Şahbuz rayonunun Kolanı kəndində 360 şagird yerlik tam orta məktəb binalarının tikintisi başa çatdırılmış, Naxçıvan şəhərinin Qaraxanbəyli, Babək rayonunun Payız, Ordubad rayonunun Üstüpü, Culfa rayonunun Dizə kəndlərində məktəb binalarının tikintisi davam etdirilir.
Kəngərli rayonunun Qıvraq qəsəbəsində uşaq bağçası üçün yeni bina tikilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” muxtar respublikada bu kateqoriyadan olan uşaqların təhsilinin təmin edilməsində və onların cəmiyyətə inteqrasiyasında böyük əhəmiyyətə malikdir.
Əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması istiqamətində Naxçıvan şəhərinin Tumbul, Şərur rayonunun Arpaçay və Çəmənli kəndlərində feldşer-mama məntəqələrinin tikintisi, Şərur Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri başa çatdırılmış, hazırda Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının yenidən qurulması davam etdirilir.
Sosial layihələr çərçivəsində 2017-ci ilin ilk rübü ərzində yüksəkixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 137 cərrahi əməliyyat, o cümlədən 7 xəstədə açıq ürək, 1 xəstədə periferik damar və 129 xəstədə digər müxtəlif əməliyyatlar aparılmışdır.
2017-ci ilin ilk rübü ərzində muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 553 min 745 manat həcmində ünvanlı dövlət sosial yardımı ödənilmişdir.
Bu dövr ərzində 246 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxslərə evlərində sosial-məişət xidmətləri göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 56 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində 44 uşağın müalicəsi təşkil edilmişdir. Sağlamlıq imkanları məhdud 14 nəfər sanatoriya və müalicə pansionatlarına yollayışlarla təmin edilmiş, 38 nəfərə protez-ortopedik xidməti göstərilmiş, 55 nəfər texniki reabilitasiya vasitələri ilə təmin olunmuşdur. Hesabat dövrü ərzində 6 nəfərin ölkə daxilində müalicəsinə, 12 nəfərin isə sosial-məişət şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilmişdir.
Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, öz növbəsində, demoqrafik vəziyyətə müsbət təsir göstərmiş, muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 4,5 min nəfər artaraq 1 mart 2017-ci il tarixə 450 min nəfərə çatmışdır.
Muxtar respublikada pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılmışdır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən cari ilin ilk rübündə pensiya və müavinətlərin ödənilməsinə bir il öncəyə nisbətdə 6,2 faiz çox, yəni 32 milyon 444 min manatdan artıq vəsait yönəldilmişdir.
Muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilməkdədir. Cari ilin ötən dövrü ərzində “Xatun” Bədii Gimnastika Klubunun Şərur Olimpiya-İdman Kompleksində, Naxçıvan Dövlət Universitetində, “Naxçıvan” Universitetində və Naxçıvan Uşaq Bərpa Mərkəzində filialları yaradılmışdır. Bədii gimnastikanın inkişafı və qızların bu idman növünə cəlbi sahəsindəki səmərəli fəaliyyəti, eləcə də yaşayış şəraiti nəzərə alınaraq gənc idmançı mənzillə təmin olunmuşdur.
Naxçıvan şəhərində “Park Fitnes” mərkəzi yaradılmış, Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin idman zalının tikintisi davam etdirilmişdir.
Milli dəyərlərimizin təbliği, onun daha da zənginləşdirilərək gələcək nəsillərə ötürülməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. İslam mədəniyyəti nümunələri ilə zəngin və bəşər sivilizasiyasına dəyərli töhfələr vermiş Naxçıvan şəhəri 2009-cu ilin oktyabr ayında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı şəhərində keçirilən altıncı konfransında 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 23 yanvar tarixli Sərəncamı ilə elan olunmuş müsabiqədə seçilmiş “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” loqotipinin təqdimatı keçirilmiş, təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq hazırlıq işləri davam etdirilir.
Cari ilin ilk rübü ərzində Naxçıvan şəhərində yeni istirahət parkı istifadəyə verilmiş, yeni məscidin tikintisi, Sədərək rayonunda mədəniyyət evinin yenidən qurulması, Kəngərli rayonunda Qarabağlar Türbə Kompleksinin bərpası davam etdirilmişdir.
Kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilmiş, Naxçıvan Dövlət Televiziyasının rayonlarda xüsusi müxbir postları yaradılmış, dövlət radiosunun internet üzərindən yayımı təmin olunmuşdur.
Muxtar respublikada infrastruktur quruculuğu tədbirlərinin genişlənməsi, turizmin kompleks şəkildə inkişafını təmin etmək üçün həyata keçirilən tədbirlər, yeni turizm obyektlərinin istifadəyə verilməsi bu sahənin inkişafına yeni imkanlar açmışdır.
2017-ci ilin ilk rübü ərzində muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 99 minə yaxın turist gəlmişdir ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricidən 5,1 faiz çoxdur.
Hüquq-mühafizə orqanları ilə iş
Muxtar respublikada hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının və bu sahədə çalışanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün yaşayış binasının tikintisi başa çatdırılmış, Sədərək rayonunda Sədərək sərhəd gömrük-buraxılış məntəqəsinin tikintisi davam etdirilir.
Aparılan təhlillər göstərir ki, muxtar respublikada bütün sahələrdə əldə olunmuş uğurlar səmərəli məşğulluğu təmin etmiş, əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəldilmişdir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsi